Page 2 of 3 · 33%

Xidmətçi qadın razı qalıb getdi.

Amerikalı qız hələ içəridən çıxmamışdı, onu bir neçə dəqiqə gözləyəcəyimi bilirdim; başqa vaxtlar da belə idi. O, sakit olmayınca, çöhrəsindən göz yaşı izləri tamamilə silinməyincə yanıma gəlməzdi.

Mən özümə yük elədiyim bu qızın əlindən qurtarmaq üçün bir yol axtarırdım. Qız çox məğrur bir qızdı. İzzət-nəfsini başqa qızlardan daha artıq sevirdi. Mənim zənnimcə, amerikalı qız yüngül bir təhqir nəticəsində məndən ayrılacaq və bu dəli sevgidən vaz keçəcəkdi. Lakin sonradan gördüyüm kimi zənnim boşa çıxdı. Amerikalı qıza qarşı qaba hərəkətdə bulundum, onu təhqir etdimsə də, əhəmiyyət vermədi, deyəsən, sevgi onun qürurunu öldürmüşdü.

Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı dərk etdim. Qadının xüsusiyyəti, təbiəti, bir avropalı qızının geyimi, modası qədər müxtəlifdir. Hərgah məğrur qadınların bəzisi öz sevdiyindən gördüyü qaba bir hərəkət nəticəsində ondan soyuyur, bəlkə də, həmişəlik ayrılırsa, digər bir məğrur qadını, həmən hərəkət öz sevdiyinə daha da yaxın edir. Qadınlar arasında «filankəs məni sevməsəydi, filan hərəkətimə mane olmazdı, qısqanmazdı», – deyənlər azdırmı?

Miss Hanna da belələrindəndi. O da sevginin bir ünsürünün qısqanclıq olduğunu irəli sürənlərdəndi.

Məcmuələri bir tərəfə buraxaraq öz-özümə:

«Sevgi xəstəlikdir – dedim. – Bu xəstəlik öz dövrünü keçirməyə məcburdur. Onu heç bir dərman yarı yoldan qaytara bilməz. O müəyyən bir vaxta qədər bütün ağrı-acısı, zövqü və nəşəsi ilə davam etməlidir!»

Xırdaca stəkanın çayını içib qurtararkən, sevgi xəstəsi olan miss Hanna içəri otaqdan çıxdı, yanımda oturdu, xidmətçi qadını səsləyərək çay istədi.

Mən onun xidmətçi uşağı ilə Məşədi Kazım ağaya belə bir məktub göndərdim:

«Məşədi Kazım ağa! Bu gün «Acı çay» kənarındakı at yarışına gedəcəyəm. Faytonu təcili surətdə göndərəsiniz. Bəlkə, nahara qayıda bilmədik. Zənbildə bir az yemək də göndəriniz».

Məktubu yolladıqda qız:

– İndi ki, bir az vaxt vardır, gəl mənim sərgimə bax! – deyə, qolumdan tutub məni ayağa qaldırdı.

İş otağına girdik. Orada qoyulan boş bir stolun üzərində, qızın bütün qiymətli şeyləri düzülmüşdü. Doğrudan da, qızın təbirincə bu «sərgi» olduqca zəngin idi. Burada qızın özü ilə Amerikadan gətirdiyi, mənimlə tanış olduğu zamandan bəri hədiyyə aldığı və öz parası ilə əldə etdiyi qiymətli şeylərin hamısını görmək mümkün idi. Orada mənim bir daş qələmim və sair şeylərim də var idi. Mən ona sual verdim:

– Bu gözəl və zəngin sərgini sən özünmü düzəltdin?

– Doğrudan da, sərgi gözəldirmi?

– Çox!..

– Bu sərgini düzəldən Şümşad xanımdır.

– O sənin bu qədər zəngin şeylərə malik olduğunu haradan bilirdi?

– Ona bu şeyləri mən özüm göstərmişdim.

– Sərgini nə münasibətlə düzəltdiniz?

– O dedi ki, mən də öz zinətlərimdən sərgi düzəltmişdim. Sənə də elə bir sərgi düzəltmək lazımdır.

Mən heç bir söz söyləmədim. Şümşad xanımın bu sərgini düzəlməkdə məqsədi bəlli idi. O bu şeyləri bağlı sandıqdan çıxarmaq və hazırda qoymaq, lazım olduğu zaman çalıb aparmaq hazırlığını görmüşdü.

Qız mənə müraciətlə:

– O qadın qayət sənətkar bir qadındır, – dedikdə mən:

– Onun sənətkar olmasına şübhəm qalmadı, – dedim.

– Onun xasiyyəti də özü kimi gözəldir. O özünü mənə bir doğma bacı kimi sevdirmişdir. Mən daim onun haqqında düşünürəm, çünki Rəfizadə ona layiq kişi deyildir. Onun gəncliyi Rəfizadənin əli ilə məhv ediləcəkdir.

Bu qafil qıza mənim yazığım gəlirdi, çünki mən bilirdim ki, Şümşad xanım hər gün ona daha başqa müştərilər tapır. Son günlər Şümşad xanım amerikalı qızı Səməd xanın fərraş başçısı Qulusultana da vəd eləmişdi. Rəfizadə, Mahmud xan və Qulusultanın qızın ətrafında bərk mübarizəsi gedirdi. Bunların üçü də Şümşad xanımı tələsdirib, məsələnin tez bitməsini tələb edirdi.

Mən miss Hannanın əlini sıxaraq:

– Sənin Şümşad xanımla başladığın bu dostluğun səadətlə nəticələnməsini arzu edirəm! – dedim.

Miss Hanna Şümşad xanıma, Şuxşəng, Pərirux və Səlimə xanıma ən gözəl sifətləri yozmağa başlamışdı. O, belə qadınlarla tanış olmaqla özünü xoşbəxt hesab edir, Təbriz və xüsusən Şərq qadınlığını bu dörd nəfərin şəxsiyyətində öyrənə biləcəyini düşünürdü.

– Mən bu dörd qadından aldığım təəssüratımı bir kitab şəklində yazacağam. Amerikada indiyə qədər Şərq qadınlığı müsbət bir şəkildə xalqa tanıdılmamışdır.

Mən gülümsəyərək:

– Doğrudan da, sənin bu qadınlardan aldığın təəssürat bir kitab şəklində çıxmalıdır? – dedim, – bu barədə mən də sənə kömək edə bilərəm.

Miss Hanna isə Şümşadı tərifləməkdən yorulmurdu.

– O, gözəl fal açır, gələcəyi, keçəcəyi xəbər verir, insanı heyrətə salır. Hələ Şuxşəng xanım ondan da mahir bir fal açandır. Şümşad xanım sənin haqqında da mənə bir çox sözlər söyləməkdədi. Təcrübəli qadındır!

Qız əlləri döşündə otağı dolaşır və qaraçı qızını mədh edirdi.

Miss Hanna başdan çıxarılmaqda idi: Şümşad xanımın miss Hannanı da, Kələntərin nəvəsi kimi falına baxmaq bəhanəsi ilə aparacağı, yüksək bir qiymətə satacağı aşkar idi.

Getmək vaxtı idi. O, stol üzərindəki iş qovluğunu yığıb sandığa qoyarkən, bir bağlı kağızı göstərərək:

– Bu olduqca qiymətli bir yazıdır, sən bununla maraqlanmırsanmı? – deyə soruşdu.

– Mən sənin özünlə, sözlərinlə, sənin hər bir işinlə maraqlanıram, çünki sənin bütün varlığın özü adamda maraq oyandıracaq bir varlıqdır.

Qız bağlı kağızı açmaq istədikdə, fayton qapıda dayandı, qız da kağızı cibinə qoyaraq:

– Yolda oxuyarıq, – dedi.


Fayton hələ qapıdan o qədər də uzaqlaşmadan miss Hanna İran parlamanına başlanan seçki hazırlığından söhbət açaraq dedi:

– Tehranda seçki hazırlığına başlanmışdır. Təbrizdə seçki başlanması ətrafında çar diplomatlarının arasında ixtilaf vardır. Rusiyanın Tehran səfiri Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsini məsləhət görür və belə düşünür ki, Azərbaycan nümayəndələri Tehrandan seçilər və hərgah nümayəndələr rusofillərdən keçməzsə, o vaxt Rusiya hökuməti bu seçkilərin qanunsuz olduğunu isbatla, seçkiləri ləğv edərək, Təbrizin özündə seçkilər təşkil edər və öz tərəfdarlarını keçirərlər. Bu fikrə Rusiya xariciyyə naziri Sazonov etiraz edərək, bununla İngiltərəni narazı salmaq mümkündür deyir. Biz bir neçə gün əvvəl İngiltərinin Rusiyaya verdiyi etiraz notasının bir nüsxəsini ələ gətirmişdik. Notada ruslar Azərbaycanı İrandan ayırmaqda, Hacı Səməd xanın sərbəst hərəkətinə imkan verməkdə, onu Tehran hökumətini tanımamaqda müdafiə eləmək və bununla da 1907-ci il müqaviləsinin ziddinə hərəkət etməkdə təqsirləndirir. Dünən xariciyyə naziri Sazonovdan Tehran səfirinə göndərilən gizli teleqramın Təbrizə göndərilən surətinin bir nüsxəsini ələ keçirmişik. Teleqramda Hacı Səməd xanı Azərbaycanda seçkilərə başlamağa məcbur etmək qərara alındığı göstərilir.

Miss Hanna bunu söyləyərək teleqramın surətini çıxardı.

Xariciyyə naziri Sazonovdan Tehran səfiri Korostovsevə 5 nömrəli teleqram.

«82 və 91 nömrəli teleqramlar alınmışdır. Azərbaycan üçün seçiləcək məclis nümayəndələrinin Tehranda seçilməsi, bizim nöqteyi-nəzərimizdən arzu olunmayacaq bir işdir. Bu cəhət Hacı Səməd xanın mərkəzə tabe olmaması siyasətinə əngəl törətmiş olur. İşlər belə olduqda, biz bu gərəkli və fəaliyyətli adamı itirə də bilərik. Onu saxlamaq çətinləşər. Biz Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsinə razı olursaq vaxtında daha seçkilərin qanunsuz olduğunu göstərə bilmərik. Etiraz etməyə də haqqımız olmaz. Belə olduqda insafla demək lazımdır ki, iranlıların bizə, «buna nə üçün əvvəlcə etiraz etmədiniz?» deməyə haqları olar. Nümayəndələrin Tehranda seçilməsi bir çox münasibətsizliklər üçün əsas yaradır. Tehranda bizim arzu etmədiyimiz bir çox adamlar da seçilə bilər. Buna görə də seçkilərin Azərbaycanda aparılması üçün Hacı Səməd xana təzyiq etmək və bu yolda məqsədə nail olmaq lazımdır.

Surəti Təbrizə. Sazonov».

Miss Hannada inqilab duyğusu yox idi; o bütün bu xidmətləri ilə Rusiya mənafeyinə əngəl törətmək, onu ifşa etmək və bir iranlı kimi də məni razı salmağa çalışırdı.

Doğrudan da, bu böyük bir xidmət idi. Bununla biz seçkilər zamanı rus tərəfdarlarının məclisə seçilməsi işinə lazımi qədər əngəl törədə bilərdik. Bu barədə Təbriz xalqına müraciətnamə yazmaq və Hacı Səməd xanın son fırıldaqlarını ifşa etmək qərarına gəldim.

Faytonumuz «Acı çay» kənarına yaxınlaşırdı. Böyük, kiçik, kişi və qadın tamamilə «Acı çay» kənarı tərəflərində idi. «Əmir bağı», «Çeşməli bağ», «Daş qapılı bağ» və sair bağların ətrafında gəzənlərin həddi-hesabı yox idi.

Söhbətimiz şirin olduğu üçün uzun yolları nə cür gəldiyimizi bilməmişdik. Mən Məşədi Kazım ağanın faytonçu ilə göndərdiyi məktubu, ancaq «Çaharrah» qəbiristanından keçərkən açıb oxudum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Menşeviklərin yeni xəyanəti

Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.

7 min
Menşeviklər burjuaziya xidmətində

Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.

14 min
Texniklər məktəbində gizli iş

Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.

26 min
Silahlı üsyan hazırlığı

«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

9 min

Poems by other poets