– Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.

Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.

Buna görə o, şübhələrini Nizamiyə açmaq istədi:

– İndi Əmir bizdən çox asanlıqla intiqam ala biləcəkdir. Madam ki, Atabəy üç günün müddətində bir kimsəni qəbul etməmiş və xalqın nümayəndələrini yanına çağırmamışdır, demək biz bundan yaxşı heç bir nəticə gözləyə bilmərik.

– Sən, xalqın əlində qalan ərizələri yığıb saxla, qorxudan yandırılmış ərizələrin təzədən yazdırılmasına çalış. Heç şübhə yoxdur ki, Atabəyə verilən ərizələrin hamısı bizim əleyhimizə olmasa da Əmirin lehinədir. Atabəy mütləq məni öz yanına dəvət edəcəkdir. Mən sənə söz verirəm, mənə inan, əlində yığılıb qalan ərizələri Atabəyin şəxsən özünə verəcəyəm. Əmir mənə heç bir şey edə bilməz. O məni məhv etməyi bacarsaydı, Atabəyin bura gəlməsini gözləməzdi. Gec-tez mən Əmirlə üz-üzə gəlməyə məcbur olacağam. İndi çox əlverişli bir gündür. Onun xəyanətlərini üzünə çırpmaq lazımdır. Sən mənə inan, Atabəyin Əmirə qarşı bəslədiyi müsbət fikirləri tamamilə dağıdacağam. Lakin mən yalnız bir şeydən qorxuram.

Nizami bu sözləri dedikdən sonra sudu. Fəxrəddin isə onun bu son sözlərindən şübhələnərək soruşdu:

– Səni qorxudan səbəbləri mənə söyləyə bilməzsənmi?!

Nizami Fəxrəddinin bu sualından sonra qalxıb otaqda bir qədər gəzindi və dedi:

– Bizim mübarizəmizin çətinliyi orasındadır ki, mübarizə apardığımız adam hər bir alçaqlığa getməyə qabildir. Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. Bizim mübarizə apardığımız Əmir də bu qəbil adamlardandır. O bu gün Toxtamışın tədbirləri nəticəsində yaxasını şikayətçilərin əlindən qurtardısa da, bu müvəqqətidir. Onu Azərbaycanda heç bir qüvvət yaşada bilməz. Onu burada saxlaya bilən bir qüvvət varsa o da gənc və gözəl qızı Qətibədən ibarətdir.

Fəxrəddin bu sözə etiraz edərək dedi:

– Ola bilməz! Qız çox gəncdir. Atabəy isə yaşlıdır.

– Sən tarixi unutma. Xəlifə Qaim Biəmrullah öz on üç yalı qızı Seyidəni altmış beş yaşında olan Toğrul bəyə nə məqsədlə vermişdisə, bizim Əmirimiz də öz iyirmi iki yaşlı gözəl Qətibəsini altmış yaşında olan Atabəy Məhəmmədə haman məqsədlə verə bilər. İndi məni anladınmı? Məni qorxudan cəhət də bundan ibarətdir. Hazırda biz, alçaqlıq və həyasızlığın həqiqətlərə üstün gəldiyi bir əsrdə yaşamaqdayıq! Nə edəcəksən?! Biz hər nə olursa olsun bütün həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik; indi məğlub olsaq da, tariximiz qalib çıxacaqdır. Sənə bir vəsiyyət edəcəyəm: heç bir zaman “gedin, qorxmayın, dalınızca gəlirik” – deyənlərə inanma, elələri bir çətinlik hiss etdiyi zaman ya qayıdıb qaçar, yainki düşmənə satılaraq səni arxadan vurar. Bu xəyanəti ancaq yuxarı təbəqə içərisindən gözləməlisən. Aşağı təbəqəni qəsbkarlara qarşı mübarizənin qabaq cərgələrində görəcəksən. Onlar öz haqları və öz rəhbərləri yolunda ölməkdən qorxmazlar. Çünki onlar keçirdikləri həyatda hər gün bir neçə kərə ölüb yenə də dirilirlər. Ölüm onlar üçün o qədər də dəhşətli deyildir.

Fəxrəddin Nizaminin əlini sıxaraq:

– Belədir böyük şair! – dedi. – Lakin bizim arxalandığımız yoxsullar da qəsbkarlara öz avamlıqları üzündən tez-tez aldana bilərlər. Əmir isə hər gün mənim üçün bir hadisə törədir. Səba kimi bir əxlaqsızı mənə qarşı qoyubdur.

Nizami heyrətlə qaşlarını çataraq soruşdu:

– Səbanın hərəkətlərini sən bir hadisəmi hesab edirsən?!

– Onun məni saraya aparmaq istəməsi məgər qorxulu bir hadisə deyilmidir?!

– Çox əcəb, o səni saraya dəvət etdi, sən də boyun qaçırdın. Burada nə kimi bir hadisə vardır?!

– Vardır. Böyük hadisə baş verdi. Haman gecə mən onunla görüşməyə getmədim. Görüş üçün bir neçə adam göndərdim. Onlar isə Səba xanımı soymuş, qiymətli şeylərini əlindən almış, özünü təhqir etmiş, hətta saçlarını belə kəsmişlər.

– Sən hansı bir ağılla bu işi tutdun?! Qadını təhqir etmək, qadının saçlarını kəsmək kimə yaraşar?! Bunu özünə qəhrəman adı verən bir adam vicdanına sığışdıra bilərmi?!

Fəxrəddin, acığın gəlməsin, belə görürəm ki, biz keçmiş çocuqluq və gənclik günlərimizin xatirəsilə kifayətlənərək ayrılmağa məcbur olacağıq. Mən bir qadına qarşı edilən bu cür rəhmsiz hərəkətlə razılaşa bilmərəm.

Fəxrəddin hər dəfə olduğu kimi yenə də sakit durmayıb cəsarətlə cavab verdi:

– Sənə bir sual verirəm: o həyasız qadın məni aldadıb saraya aparmaqda məqsədi nə idi? O məni ziyafətəmi aparırdı? Əcəba, saraya girən kimi mən məhv edilməyəcəkdimmi?! Məni öldürmək istəyən bir xainə nə cəza verə idim? Mən onu hələ öldürməli idim, lakin saçlarını kəsdirməklə bu dəfə ona xəbərdarlıq etdim.

– Sənin dediklərin doğrudur. Orada səni məhv edəcəklərdi, getmədin, çox da ağıllı iş gördün. Lakin sən Səba xanımın Əmirdən gətirdiyi məktubu alıb cibinə qoymalı idin, sonra da ona nəsihət verib deməli idin ki, “mən sənin xəyanətinə qarşı səni öldürüb məhv etməli idim, lakin səni bağışlayıram, bir daha belə işlər görmə! Bu cür işlər sənin əbədi olaraq bədbəxtliyinə səbəb olar”.

Məncə, Səba xanım səndən gördüyü bu alicənablığa qarşı utanar və bir daha bu cür xəyanətlərə iqdam etməzdi.

– Yox, onun əxlaqı pozulmuşdur. Onu heç bir nəsihət və heç bir cəza doğru yola gətirə bilməz. Onun şəxsən mənim əleyhimə olmasının səbəbi bəllidir. Əmir də bundan istifadə edərək ona bu vəzifələri tapşırır. O isə Əmirin dediklərini ifa etməyə məcburdur. Belə olduqda mən özümü müdafiə etməyə və düşmənə öz yerini göstərməyə haqlı deyildimmi?!

Nizami daha danışmırdı. Səba məsələsinin bu kimi bir təhqirlə həll olunduğu onu təbii halından çıxarmışdı. Fəxrəddin isə pərişan bir xatirla durub pəncərədən həyətə baxırdı. O, böyük bir həyəcan içində idi. O bu səhvi nəticəsində Nizami kimi bir səmimi yoldaşını itirəcəyindən qorxurdu.

Lakin Fəxrəddinə təsəlli verəcək bir cəhət var idi. Nizami küsməyi bacarmaz və kin saxlamağı sevməzdi. O bir neçə kərə Fəxrəddinə acıqlanmış, bir-iki gün onu danışdırmamışdısa da, lakin sonra yenə də özü çağırıb barışmışdı. Amma onun bu son səhvi Nizamini təbii halından çıxarmışdı. O, bir dəqiqə də olsa saç kəsilməsi məsələsini yadından çıxara bilmirdi. Tez-tez evi dolaşır və deyirdi:

– Kimə söyləyəsən? Bir qadını təhqir etmək bəs deyilmiş, üstəlik bir saçlarını da kəsdirdin!

Fəxrəddin danışmırdı, o, pəncərədən həyətə baxıb düşünürdü.

Bu anda bir dilənçi qadın küçə qapısından həyətə girdi. Həyətdə kimsə yox idi. Qadın ocağın başına tərəf irəlilədi. Bir daha o tərəf bu tərəfə baxıb qoynundan nə isə çıxartdı və tələsik ocaq üstündə qaynamaqda olan qazançaya tökdü.

Dilənçi qayıdıb həyətdən çıxmaq istərkən birdən Fəxrəddin dəli kimi yerindən sıçrayaraq qışqırdı:

– Dayan, haramzadə! – O cəld həyətə atıldı və dilənçinin qolundan tutub otağa çəkdi.

Dilənçi qorxusundan titrəyirdi. Fəxrəddin onu üzü üstə yerə atıb xəncərini çəkdi:

– De görüm qazançaya atdığın nə idi?

Dilənçi qadın yalvarmağa başladı:

– Rəhm et! Öldürmə. Bu mənim işim deyildi.

Fəxrəddin isə sakit olmayaraq təkrar edirdi:

– De görüm qazançaya atdığın nə idi?

Nizami dilənçinin və Fəxrəddinin danışıqlarından heyrətə düşmüşdü. O, məsələnin nədən ibarət olduğunu və mübahisənin nə kimi bir cinayət üstündə başlandığını bilmirdi. Buna görə də Fəxrəddinə müraciət edib qışqırdı:

– Bu nə deməkdir?! Mənim evimdə zavallı dilənçini nə üçün incidirsən?

Fəxrəddin ona cavab verməyərək dilənçiyə təpindi:

– Doğrusunu söyləməsən, heç bir nəsihətə baxmayıb səni öldürəcəyəm.

Dilənçi bu dəfə Nizamiyə yalvarmağa başladı:

– Məni öldürməsin, hər nə varsa, əvvəldən axıra qədər deyəcəyəm. Allah o qızın evini yıxsın, mənim bu cür işlər nəyimə lazım idi?!

Nizami soruşdu:

– Hansı qızı deyirsən?

– Adını bilmirəm. Amma özünü tanıyıram. Əbül-Ülanın evində olduğu zaman mənə olmazın ehsanlar etmişdi. İndi də əli böyük yerlərə çatıbdır. Hər cümə axşamı qəbiristanda mənə rast gələndə yenə də ovuc dolusu pul verib kefimi xəbər alırdı. Bir gün yenə də o məni qəbiristanda görüb bir ovuc pul verdi və dedi ki, sənə bir iş tapşıracağam. Hərgah yerbəyer edə bilsən, səni dilənçiliyin əlindən qurtaracağam. Nə kimi bir iş tapşıracağını soruşdum. Dedi ki, “mən bir torpağa cadu oxutdurmuşam, onu aparıb filankəsin xörəyinə tökməlisən”.

Mənim günahım bundan ibarətdir, vəssalam.

Nizami Fəxrəddinə müraciətlə:

– Sən bunun qazançaya bir şey tökdüyünü gördünmü? – deyə soruşdu.

– Bəli, gördüm, qazançaya tökdüyü cadu torpağı deyil, sizi zəhərləmək üçün hazırlanmış zəhərdir. İndi bu saat onun zəhər olub-olmadığını bilərsən.

Fəxrəddin bunu deyərək cibindən çıxardığı zəhərləri açıb dilənçiyə göstərdi:

– Qazançaya tökdüyün torpaq bu torpaqdan idimi?

Qadın ağlaya-ağlaya:

– Bəli, bu torpaqdan idi, – dedi.

Fəxrəddin Nizamiyə tərəf döndü:

– Bu zəhərlər Səba xanımın cibindən çıxmış şeylərin içərisində idi. O səni də, Rəna xanımı və Məhsəti xanımı da məhv edəcəkdi. İndi deyin görüm mən onu öldürməməkdə səhv etmişəm, ya yox?!

Bu onun şəxsi təşəbbüsüdür. Onu heç bir kəs buna məcbur etməmişdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci iclas

Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

7 min
Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 min
İraida

Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.

5 min
Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 min

Poems by other poets