Təzə hadisələr
Page 2 of 4 · 25%
Qətibə ilə Toğrul öz dostları ilə bərabər Təbrizdə idi. Böyük bayramın hazırlığına başlanmışdı. Vəliəhd sarayı bəzənir, ölkələrdən gələn nümayəndələr vaxt ikən hazırlanmış binalarda yerləşdirilirdi.
Şimali Azərbaycandan nümayəndələr gəlməmişdi. Bu hadisə Toğruldan artıq Qətibəni rahatsız edirdi. Buna görə də Qətibə Şimali Azərbaycana təcili qasid göndərilməsi və nümayəndələrin hər nə cür olursa olsun gətirilməsini tələb edirdi.
Fəxrəddin Şimali Azərbaycandan nümayəndələr göndərilməsinə tərəfdar deyildi. Lakin Gəncədə çağırılmış iclas bu fikri təsdiq etmədi. Çünki Təbrizlə əlaqəsizlik Cənubi Azərbaycanla Şimali Azərbaycanın həmişəlik olaraq bir-birindən ayrılmasına səbəb ola bilərdi. Lakin Rey və Həmədandan Təbrizə bəzi qoşun dəstələrinin gətirilməsi, Şimali azərbaycanlıların çox ehtiyatla hərəkət etməsini tələb edirdi. Buna görə də iclas Təbrizə gedən nümayəndələrin kiçik atlı dəstələri tərəfindən müşayiət edilməsini qərara almışdı.
Toğrul Gəncəyə göndərdiyi məktubunda Nizami ilə Fəxrəddinin Təbrizə nümayəndə sifətilə getməsini xüsusi olaraq qeyd etmişdi.
Aralıqda mövcud olan şübhələri dağıtmaq üçün nə Nizami, nə də Fəxrəddin Toğrulun dəvətindən boyun qaçıra bilmədilər. Onlar bir dəstə qoşunla bərabər Təbrizə yola düşdülər.
Nizami ilə Fəxrəddinin nümayəndə sifətilə Təbrizə gəlmək xəbəri Cənubi Azərbaycanda böyük və tarixi bir hadisə kimi qarşılandı. Bazar bağlandı, şəhər xalqı böyükdən kiçiyə qədər Azərbaycan qəhrəmanını və böyük şairi qarşılamaq üçün Acıçay kənarına çıxdı.
Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, o öz etidalını pozmayaraq, yenə də Azərbaycan nümayəndələrinin rahatı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi.
Təbriz xalqı ziyalısından, əyanından başlayaraq yoxsullarına qədər şairin taxt-rəvanının ətrafında piyada gedirdi.
Taxt-rəvanın qabağınca və taxt-rəvanın dalınca, Şimali Azərbaycan qoşunu və Fəxrəddin Nizamini müşayiət edirdi.
Şairin əmrinə görə onun taxt-rəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. Xalq və qoşun dəstələri də bu əmrə itaət edib şairlər məqbərəsinə doğru axırdı. Böyük şair taxt-rəvandan düşüb birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. Azərbaycan qoşun dəstələri qəbiristanın ətrafında düzüldüyü zaman bayraqlar başını endirib şairin qəbrini salamladı, bununla da Təbriz xalqı Surxab məhəlləsinin qəbiristanında unudulub qalan adi bir qəbirdə nə qədər böyük bir zatın yatdığını bildi.
Nizami məzar daşını döyərək Xaqanini səslədi, gözündən bir damcı yaş düşərək qəbir daşının dalında yandırılan səndəl üstünə düşdü. Şairin göz yaşı alovun üstünə düşdüyü zaman, qızğın və həsrətli ürəkdən qopan bir ah kimi səsləndi, sanki bununla da qürbətdə yatan şair öz səmimi dostunu salamladı və ağladı.
Bundan sonra Nizami gözlərində yaş, qəbrin yanında durub Xaqaninin ölümünə həsr etdiyi uzun bir qəsidəsini oxudu.
Həmi qöftəm ki Xaqani driğa kuyi mən başəd,
Driğa mən şüdəm axir driğa kuyi Xaqani.
Nizami Xaqaninin məqbərəsindən çıxıb buradakı alimlər, filosoflar və şairlərin qəbirlərini də ziyarət etdi və sonra da xalq dəstələrinin müşayiəti ilə nümayəndələr üçün hazırlanmış binaya tərəf yola düşdü.
Axşam idi. Qətibə vəziyyət barəsində məlumat almaq üçün Hüsaməddini yanına çağırmışdı. Hüsaməddin yarım saatdan bəri dəhlizdə durub icazə gözləyirdi. Çünki Qətibəyə novruz bayramı mərasimini keçirmək üçün paltar tikən dərzi qadınlar hələlik işlərini qurtarmamışdılar.
Qadınlar çıxıb gedəndən sonra Hüsaməddin də icazə alıb Qətibənin otağına girdi. O içəri girdiyi zaman Qətibə də təzə paltarları geyib güzgünün qarşısında durmuşdu.
Qətibə mələkəlik tacını başına taxmışdı, tacın üstündə duran ciqqanın quş yumurtası yekəliyində olan almasları, qırx şamlı avizələrin şəfəqləri ilə yarışa başlarkən, Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının gəncliyinə qayıtdı. Qətibə isə ona tərəf irəliləyib:
– İrəli gəl, mənim dostum! – dedi. – İkimiz də yorulduq. İqbal bizim ikimizi də cəzalandırdı. Lakin bizim mətanətimiz bütün çətinlikləri aradan qaldıra bildi. Hazırda biz qalibiyyət ərəfəsindəyik. Şən həyatın ilk gününü bayram etməyə hazırlaşmışıq. Mən öz əhdimə baqiyəm. Ən yaxın günlərdə əhdimə vəfa edəcəyəm. Sən də gəl, öz əhdində sabit qalacağın üçün bu dodaqlara and iç...
Bu sözlərdən sonra Qətibə qollarını açıb Hüsaməddini qucaqladı, dodaqlarını onun sərəncamına verdi.
Hüsaməddin adəti üzrə yenə də Qətibənin son sözünü eşitmək istəyirdi. Qətibə isə dodaqlarını Hüsaməddinin dodaqlarından dartıb aldığı zaman dedi:
“Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!”.
Qətibənin bu sözü Hüsaməddinin ruhunu qıdıqladı. Çünki onun qulağı daima Qətibədən: “Mənim ruhum, dalısı sonra” sözlərini eşitmişdi. Qətibə daima vüsal sözlərini müəyyən olmayan zamanlara buraxmağı sevərdi, indi isə:
“Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!” – deməsi Hüsaməddinin qəlbinə təsəlli oldu. Eyni zamanda, Hüsaməddin bu yaxın vədənin kölgəsində bir xəyanətin gizləndiyini yəqin edirdi. Hüsaməddin, bu sözlə Qətibənin bütün xəyanətlərə yekun vurmaq istədiyini anlayırdı.
Nəhayət, Qətibə onun əllərini əlindən buraxıb:
– Otur, – dedi, – tərəddüdlər, qorxular və iztirablara yer qalmadı, onları burax, indi oturub xoşbəxtlik barəsində düşün! Çünki o, qollarını açıb bizi öz qucağına dəvət edir.
İndi biz son və böyük məqsədin önündə durmuşuq. Bizdən məqsədimizi tamamlamaq üçün kiçik bir fəaliyyət tələb olunur. Biz məqsəd uğrunda çəkdiyimiz ağırlığın son və qəti saatlarını keçirməkdəyik. Sən məni yaxşı anla, son təşəbbüsü həyata keçirmək bir neçə dəqiqənin işidir.
Hüsaməddin dərhal Qətibənin nə etmək istədiyini anladı və yavaşdan:
– Doğrudan, son təşəbbüsün həyata keçirilməsi bir neçə dəqiqənin işidir, çünki iki bayram bir yerdə olacaqdır. Birisi novruz bayramıdır, ikinci bayram isə sizin Toğrul ilə olan toy bayramınızdır. Mollalar nikah siğəsini oxuyacaq, siz də gecənin müəyyən saatında Toğrulun otağına girəcəksiniz. Bu isə siz deyən kimi, doğrudan da, bir neçə dəqiqənin işidir, – dedi və istehzalı bir surətdə güldü.
Qətibə də Hüsaməddinin bu sözlərindən qəhqəhə ilə gülərək cavab verdi:
– Mən sənin sözlərini hesaba alaraq rəftar etsəydim, sən çoxdan bəri məhv olmuşdum. Mən sənin səhvlərini bağışladığım kimi, səni başqalarının hücumlarından da xilas etdim. Sən bu gün yenə də yanılırsan. Sabah Toğrul qəbirin qoynuna, sən Hüsaməddin isə mənim qoynuma girəcəksən.
Bu sözlərdən Hüsaməddin sevindi, lakin həddindən artıq qorxdu. O, bu sözdən Qətibənin son cinayətinin nə qədər ağır olduğunu hiss etdi.
Hüsaməddin özlüyündən uzaqlaşaraq, fikirlərin qorxulu səhnəsində çapalamağa başladı zaman, Qətibə də ona yaxın bir kürsüdə oturub deyirdi:
– Qulum Mərcan bu işdən xəbərdardır.
– Hansı işdən?
– Toğrulun məsələsindən, sənin xoşbəxtliyini təminedici məsələdən, sən gərək bu fikirimi həyata keçirəsən.
– Mən yaxşı anlamadım, Toğrulun hansı məsələsini deyirsən?
– Sabah novruz günüdür, Toğrul böyük bir ziyafət təşkil edəcəkdir, burada Azərbaycan nümayəndələrindən Nizami və Fəxrəddin də iştirak edəcəkdir.
Bu barədə qulum Mərcana əmr vermişəm, o sənin hər əmrini yerinə yetirməyə hazırdır. Al bu zəhəri özündə saxla, Toğrul, Nizami və Fəxrəddinin içdikləri şərbət zəhərlənməlidir.
Qətibə bunları deyərək əlindəki zəhər şüşəsini Hüsaməddinə uzatdı. Hüsaməddin isə əli titrəyə-titrəyə zəhər şüşəsini aldı. Lakin onun qəlbini bu cinayətin dəhşəti əjdaha kimi sıxır və çeynəyirdi. Hüsaməddin Qətibəni başdan-ayağa qədər gözdən keçirib, bu qadının nə qədər inadlı və dəli bir qəlbə malik olduğundan heyrətlənirdi.
O, öz-özünə deyirdi:
“Mən böyük cinayətlərin məsuliyyətini öz öhdəmə götürdüm. Ölümlərin, uçurumların önündə durdum. Bir çox üsyanları qanlarla boğdum, minlərcə yaralının iniltilərini eşidib sarsılmadım. Məni müharibələr, qanlı cəbhələr belə qorxutmadı. Lakin bu qadının həyata keçirdiyi və bundan da sonra icarəyə qoymaq istədiyi cinayətlərin dəhşəti məni titrədir. Nə edim? Nə cavab verim? Üç hökmdarı öldürmək bəs olmadımı?! Fəxrəddin kimi bir qəhrəmanı məhv edimmi? O, mənim düşmənimdir. Lakin onu məhv etmək Azərbaycanı kor qoymaq kimidir. Nizamini zəhərləməkmi? Ah, bu nə qədər acı bir fikirdir! Dünyanın məhəbbət və səmimiyyəti yerləşən bir qəlbi zəhərlə parçalayımmı? Nə üçün? Nəyin xatirəsinə? Mənim gəncliyimi quru-quru vədələrin məzarına dəfn edən bir qadın üçünmü?”
Hüsaməddin bunları fikirləşdiyi zaman Qətibə də oturub döşündən asdığı iri inci danələri ilə oynayıb Hüsaməddinin cavabını gözləyirdi. Qətibə Hüsaməddinin qəlbində hökm sürən dəhşət və həyəcanı onun çöhrəsindən oxuyaraq ona sual verdi:
– Qətibəyə olan eşq və məhəbbətin söndümü? Səadət uğrunda apardığın mübarizə səni iyrəndirdimi? Bitirdiyin vəzifəni tamamlamaq üçün özündə qüvvət hiss etmirsənmi?
Qəhrəman bilməlidir ki, iş başlamaq çox çətin deyil, onu müvəffəqiyyətlə qurtarmaq çətindir. Düşmənlə mübarizə etməmək qorxaqlıq deyil, lakin mübarizəni başlayıb yarımçıq qoymaq qorxaqlıqdır. Hətta qəhrəmanlığa nöqsan gətirəcək xüsusiyyətlərdən birisi də, mübarizə yoldaşını meydanda yalnız buraxıb çəkilməkdir.
Bunların hamısından sonra sən bir məsələni də unutmamalısan! Sənin boynunda iki hökmdarın qətli kimi böyük bir məsuliyyət vardır. Hərgah sən bu cinayətlərdə mənə kömək etməsəydin, bəlkə də mən bir qadın olaraq, bu qədər böyük məsuliyyətin altına girməkdən qorxardım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-teze-hadiseler
Use ← → keys to move, R for a random poem
More by this author
– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
İslahat və nəticələrQızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Mədain xərabələrindəBöyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
Poems by other poets
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
İstiqbal bizimdir!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?