Page 2 of 2 · 50%

Bir gün yenə mən Vladimirin xatirat dəftərini oxuyurdum. Bağdad yaxınlığından qayıdaraq, pulsuzluq üzündən Kirmanşahda qalan Baratov ordusu saldatlarından birinin Kirmanşah bazarında xəstələnib dilənçilik etməsi təsvir olunurdu. Doğrusu mən elə saldatları hər gün görsəm, buna adət etmiş olsam da ağladım. Bir dəfə istirahət günü olduğundan, Vladimirlə gəzməyə çıxmışdıq. Biz doğrudan da bazarda yüzlərcə dilənçi saldata rast gəlirdik, lakin bunlara heç bir şey verən yoxdu. Çünki bir neçə ay əvvəl Baratov ordusu müzəffər bir surətdə Kirmanşahdan keçərkən şəhər bazarını talayıb və yandırıb keçmişdi. Bizim yolumuz Baratov ordu hissələrinin mənzil etdiyi qədim bir karvansaraya düşdü; tövlə səkilərində yüzlərcə tif xəstəliyi tutmuş gənc saldatlar inildəyirdi. Biz başqa bir səkiyə yanaşdıqda orada da 20—30 nəfər xəstə çırpınırdı. Sanki dünyanı qaldırıb mənim başıma çırpdılar, zira mən kiçik qardaşım Mixayili də xəstələrin içində gördüm. Mən bayıldım, ayıldıqdan sonra qardaşımı görə bilmədim, o artıq ölmüşdü.

Bu vəziyyət məni günlərcə düşündürdü, mən hər gün Vladimirlə görüşürkən, müharibə fəlakətlərindən söhbət açır və yazıq qardaşlarımı xatırlayıb ağlayırdım. Nəhayət, günün birində Vladimir mənim bu sözlərimə cavab olaraq:

– Elə etməliyik ki, müharibə olmasın,—dedi. Sonra izah etdi:—Nə qədər ki, kapitalizm var, nə qədər ki, xüsusi mülkiyyət var və hakimiyyət kapitalistlərin əlindədir, müharibə və müharibə dəhşətləri labüddən olacaqdır. Müharibələrə nəhayət vermək üçün imperialistlərin hakimiyyətini devirməli, imperialist müharibəsini vətəndaş müharibəsinə çevirməli və bu müharibədə qələbə çalaraq, əməkçilərin hakimiyyətini qurmalı və möhkəmləndirməlidir. Əməkçilərin hakimiyyəti qurulduqdan və xüsusi mülkiyyət ləğv edildikdən sonra müharibə üçün heç bir zəmin və səbəb qalmayacaqdır. Rusiyada bolşeviklərin yapdıqları Oktyabr inqilabı bu yolla gedir. Bolşeviklərin rəhbəri böyük Lenin bizə bu yolu göstərir. Bu yolla getmək istəyirsənmi? Əməkçilər tərəfində kapitalistlərə, qan içənlərə, xalqa zülm edənlərə qarşı mübarizə etmək istəyirsənmi?

– İstəyirəm,—dedim,—əlbəttə istəyirəm, lakin mən necə kömək edə bilərəm? Mən nə kimi vəzifələr ifa edə bilərəm?—dedikdə Vladimir dedi:

– Sənin vəzifən hələlik Biçeraxov ərkani-hərbindəki bütün vəsiqələrin surətini çıxarmaqdan ibarət olacaqdır.

Mən Vladimirin bütün fikirlərini qəbul etdim, hər gün işlərin surətini çıxarıb ona verməyə başladım.

Raya bu sözləri dedikdə, Şaumyan onu ayağından başına qədər süzərək:

– Götürdüyünüz gizli sənədləri hara göndərirdiniz?—dedi.

Raya:

– Haman sənədlər, sizə çatmaq üçün Ənzəlidə inqilab komitəsi sədri Çelyabin yoldaşa göndərilirdi,—dedikdə, Şaumyan:

– Sizdən razıyıq,—dedi,—xidmətiniz təqdirəlayiqdir. İndi danışın görüm, yoldaşlarınız harada məhv oldu? Necə olub elə də danışın, hələ vaxtınıza yarım saat var.

Raya sözünə davam edərək:

– Mart ayının birinə qədər,—dedi,—Baratovun Kirmanşah və İraq hüdudlarındakı ordusu tamamilə Kirmanşaha yığışdı. Baratovun tərk etdiyi 250 millik böyük bir məsafəni İraq və İran hüdudundakı Xanəkeyn şəhərində duran ingilis qarnizonu işğal etdi, bunlar Stafford, Varviq və sair alaylarından ibarət idi. Baratov ingilislərdən pul alaraq Həmədana köçdükdən sonra, Biçeraxov da öz dəstəsini Həmədana köçürtdü. Biçeraxov mart ayının ortalarında nəqliyyatını təmir edərək Həmədandan keçməyə hazırlaşdıqda, ingilislər martın 23-də Biçeraxovla müqavilə bağladı.

Biz müqavilənamənin gizli bir maddəsinin surətini çıxarıb Çelyabin yoldaşa göndərdik. O maddə ilə ingilislər, Şimali Qafqazda bolşeviklərə qarşı açdığı müharibəyə Biçeraxova kömək verəcəklərini öhdələrinə alırdılar. Onlar bunu, beş maddədən ibarət olan əsil müqavilədə göstərməmişdilər.

Şaumyan Rayadan bir şey də soruşdu:

– Vladimirin gizli imzası nə idi?

Raya:

– Nömrə beş,—deyə cavab verdi.

Şaumyan:

– Sözünüzə davam edin,—dedi.

Raya danışdı:

– Biz, martın 23-də Biçeraxovun Qəzvinə hücum etmək istədiyini yoldaş Çelyabinə xəbər vermişdik. Biz elə bilirdik ki, Kiçikxan Qəzvin şəhərini işğal ilə ingilislərin Bakı səfərinə mane ola biləcəkdir. Lakin bu düşünčəmiz fayda vermədi. Biçeraxov martın 24-də Həmədandan hücuma keçib, bir güllə də atmadan ayın 28-də Qəzvini işğal etdi. Biz Qəzvinə gələrkən özümüzə çox köməkçi tapdıq. Qəzvindəki məşhur «Fransa» oteli, bolşevik qərargahına dönmüşdü. Kiçikxanla da əlaqəyə girə bildik. Onun «Mənçil» çəbhəsini möhkəmlətməsinə yardım göstərdik və az zamanda Qəzvin-Ənzəli telefon xəttini əlimizə aldıq. İstədiyimiz vaxt Ənzəlidəki inqilabi komitə ilə danışırdıq. Qəzvin telefonxanasının rəisini də ələ aldıq. Bununla da biz ingilislərin və Biçeraxov ərkani-hərbinin bütün işlərini telefon vasitəsilə Ənzəliyə xəbər verirdik. Biçeraxovun yaveri və Qəzvin hərbi polisinin rəisi Savlayev Ənzəli ilə Qəzvin arasında telefon rabitəsi olduğunu bilsə də bu sirrin üstünü açmırdı.

Nəhayət, günlərin birində, Savlayev əmr verdi ki, telefon rəisini həbs etsinlər. Savlayev maşına oturduğu vaxt, Vladimir telefonla rəisə xəbər verdi ki, o gizlənsin, Rəis tutulmadısa da Vladimirin müqəssir olduğunu təyin ilə həbs etdilər və Qəzvində güllələdilər!

O, yenə ağladı.

Şaumyan həyəcanla ayağa qalxıb dedi:

– Əcəba, sizin özünüzdən şübhələndilərmi?

Raya dedi:

– Xeyr, həm Savlayev, həm də ingilis miralayı Tiq-Çonson məni sevir və mənə inanırdılar. Mən, haman ingilisin hesabına Bakıya gəlmişəm. Mümkün olursa Vladimirin yolunu davam etdirəcəyəm.

Raya Şaumyanla vidalaşıb çıxdıqda, gecə saat bir olmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XII. Raya oğurlandı

Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:

7 min
XIII. Əminənin romanı

Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.

24 min
XIV. Sui-qəsdlərin vahid cəbhəsi

İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.

20 min
XV. Biçeraxov cəbhədən çəkilir

Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.

11 min

Poems by other poets