İndi bu millətdə qeyri-adi bir hal dəbdədir,Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.

Təhsil almaq olsa da vacib bu azad ölkədə,Pullu işdə işləməkçün amma ki, kal dəbdədir.

Şipşirin torpaqları əğyarə verdikdən sora,Şorməzə torpaqları sürətlə işğal dəbdədir.

Get-gedə əxlaqı kökdən korlanan bir millətə,Dal günün göstərmək üçün pırtdamış dal dəbdədir.

Çox TV-də şərhlərçün yerli icmal dibdədir,Az TV-də mədhlərçün yersiz icmal dəbdədir.

Milli Məclisdən giley etmək dilərsən -etməgil,Çünki bir batman qərarın xeyri misqal dəbdədir.

Biz kasıblarçün Dubaydan vaxtı ötmüş köhnə mal,Leyk ərəb şeyxiyçün on beş yaşlı "xammal" dəbdədir.

Vaxt var idi qalmaqal salmaq dəb idi ölkədə,Çox şükürlər olsun indi qalma yox, qal dəbdədir.

Bir əsr bundan qabaq Nobellərə hambal idik,İndi də Nobellərə yurdumda hambal dəbdədir.

Qorxuram ki, Pünhanın bir gün dilin dibdən kəsib,Car çəkərlər xəlqə ki, haqq şairi lal dəbdədir.

19 iyul, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland