Kaş ey pərvərdigarım, olmayaydı var sübh,Körpələr ac, pul da yox, eylər tifillər zar sübh

Milli Məclis ac yetimlərdən, nədən tutmaz xəbər,Gər vəkillərçün yumaqdan bezmişəm paltar sübh.

Nazilib cismim tamam, barmaqlarım olmuş qələm,Zəhrimar baş barmağım, yorğanımı yırtar sübh.

Çanta yox, dəftər-kitab yox, üst-baş yox, iş də yox,Ev dolanır başıma, dığ-dığ salanda yar sübh.

Vallah aclıq bir yana, şalvarımız əldən gedib,Lovdayıq, üç qardaşa ta bir olub şalvar sübh.

Ey, çıxan, alçaq əməldən, hər gün axşam, agah ol,Axşamın bəd işlərin, mütləq üzə çırpar sübh.

Mən hacılar görmüşəm ki, sübh qaçar «yüz» vurmağa,Sübh namazın qılmağa heç eyləməz kirdar sübh.

Rəsmdir ki, vəsldən insan doğar doqquz aya,Sirrdir Gün, Aya həsrətdən doğar təkrar sübh.

Yox yerim, yurdum ki, bir gün, bir gecə rahat yatım,Rəhm qıl, ya rəbb, bu canı al gecə, qaytar sübh.

Can yetim, canan yetim, Pünhan yetim, Sübhan yetim,Bir «yetim-Segahı» üstə ağlasın əşar sübh.

15 dkabr 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets