Çay var suyu ilıq, çay var ki, sərin,Çay var lap dayazdır, çay var ki, dərin.Çay var bəzən coşur, bəzən lal axır,Çay var ki, hünəri dağları yıxır.

Dağ-daşa hay salan qoşa çay da var,Qovuşub gedərlər düzdə mehriban.Bir azdan yenə də ayrılar onlarQayaya, təpəyə rast gələn zaman.

Səhra uda-uda hər qətrəsiniBaş alıb yollanar hərə bir yana.Qumlar dalğalanıb örtər izini,Ömrü belə vurar o çaylar sona...

Qoşa çaylar da var, qovuşdularmı,Dəyişməzlər daha yataqlarını.Kükrəyib coşdular, ya daşdılarmı,Ayırarlar təzə budaqlarını.

Onlar da birləşər, axıb qovuşar,Ümmanın ömrünə qatar ömrünü.Quruyub yox olmaq dərdi sovuşar,Sərin meh nəfəstək tutar üstünü.

İnsanın ömrü də bənzəyir çaya,Fərəhlə çağlayır qoşa axanda.Bir cüt qanad olub qalxır ucayaHər dərdi, möhnəti birgə yıxanda.

Ömrün yollarını qoşa keçəndəİtirməz izləri zamanın yeli.Bir halal süd əmmiş həmdəm seçəndəNəsillər bürüyər obanı, eli.

İlk eşqin qabarıb coşan dalğasıDalğadan üzülüb dalda qalmasın.Keşməkeşli yollar, həyat qovğasıSevəni sevəndən ayrı salmasın.

Olsunlar həmişə könül həmdəmi,Qoşa yetişsinlər hər səadətə.Kür, Araz Xəzərə qovuşan kimiBirgə qovuşsunlar əbədiyyətə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets