Ey şair ürəkli ulusum, mənim,Ey Ayım, Günəşim, ulduzum mənim!

Nurunla canlanır can gülüstanım!Sənin tarixindir ömür dastanım!

Məcnunun olmuşam, Leylim sənindir,Qələmim, ilhamım, şerim sənindir!

Sənə min könüldən aşiq olmuşam,Min candan eşqinə sadiq olmuşam.

Vicdanın ilahi, kamalın ülvi,Gözə görünməyən camalın ülvi.

Daima hüsnünü arar-gözlərim,Sənin sözlərindir mənim sözlərim.

Mən ki, dil açmışam sənin dilində,Bir çocuq kimiyəm sənin əlində.

Laylan, sazın, türkün, ağın, bayatınYaşamaq zövqüdür mənə həyatın.

Ey əzəli dahi, əbədi dahi,Gözümdə hər şeydən sənsən ilahi!

Sən mənə öyrətdin bu dünya nədir,Varlığın nə qədər dahiyanədir!

Bu ucsuz-bucaqsız mavilik sənin,Ululuq sənindir, ülvilik sənin!

İldırım sənindir, şimşək sənindir,Aləmə sığmayan istək sənindir.

Soruş, nə deməkdir ulus, özündən,Ulu sözündəndir, ulu sözündən!

Ömrümü, günümü sənə borcluyam,Canımı versəm də, yenə borcluyam!

Çiynimdə yükün var, şərəfdir bu yük,Nə var yer üzündə ulusdan böyük?!

Sənə xidmətimdir mənim xidmətim,Düşüncəm, xəyalım, eşqim, həsrətim.

Şəfəqin, şəfqətin, ayazın gözəl,Yazın, yayın gözəl, payızın gözəl!

Könül alovlanır ilıq qışında,İçim qürbət olar, olsam dışında.

Mənim atam səndə, anam səndədir,Ruh səndə, güc səndə, inam səndədir.

Düşmənə tuşlanan silahım sənin,Dünənim, bu günüm, sabahım sənin!

Könüldə ovqatım sənin deyilmi?Ovqatım, sovqatım sənin deyilmi?

Sənliyin deyilmi şənliyim mənim?Sənindir varlığım, mənliyim mənim!

Mənim ki, mənliyim sənsiz yetimdir,Yetimin qisməti ölüm-itimdir!

Qılıncam, qınımdan çətin sıyrılam,Çətin bu dünyada səndən ayrılam!

Sənin oban qədim, elin qədimdir,Ruhunu yaşadan dilin qədimdir.

Nə zaman doğmusan, söyləmək çətin,Bəlkə yaşıdısan əbədiyyətin!

Yaşını kim bilir dağın, ormanın,Torpağın, havanın, gölün, ümmanın?!

Yaşını kim bilir yerin, səmanın?Gəlib rüzgar kimi keçən zamanın?!

Nə zaman doğmusan, söyləmək çətin,Kim bilir yaşını əzəliyyətin?!

Gündüzlər üzünə günəş gülümsər,Gecələr Ay, ulduz səni mənimsər.

Sən Ayım, Günəşim, ulduzum mənim,Kainat ömürlü ulusum mənim!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets