Şairin Azərbaycan hökmdarları ilə münasibətləri
Page 2 of 3 · 33%
Tərəfdare məğrib bemərdanəki
Qıdırxan-e məşriq be fərzanəki.
(Məğribin tərəfdarıdır öz mərdliyi ilə,
Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə - red.)
beyti Mosul Atabəyi İzzəddin üçün yazılmış fəsildə aşağıdakı şəkli almışdır:
Tərəfdar-e Musil befərzanəki
Qıdırxan-e şahan bemərdanəki.
(Mosulun tərəfdarıdır öz müdrikliyi ilə,
Şahların Qıdırxanıdır öz mərdliyi ilə - red.)
Başqa misal:
Şəhənra ze rəsmi re ayin bovəd,
Kəlid ahənin, gənc zərrin bovəd.
Beytin o biri variantı:
Ze şokr-e vey ənam əfzun bovəd
Kəlid ahənin, qofl zər çon bovəd.
Belə bir şəklə düşmüş beytin Nizami sözlərinə bənzəmədiyini fars dilini bir az bilən hər bir adam o dəqiqə hiss edə bilər.
Başqa misal:
Səlah-e cəhan aməd an şəb pədid,
Ke əz madər in sobh-e sadiq dəmid.
Bu beyt İzzəddinə ithaf variantında aşağıdakı eybəcər şəklə düşmüşdür:
Səlah-e sitəm an şəb aməd pədid,
Ke əz moukəb an sobh-e sadiq dəmid.
Iki başqa-başqa hökmdarlara müraciətdəki misralardakı oxşarlığı hətta birinə ithaf olunmuş (“Əgər digəran k-əslişan adəmist, həme mərdomənd, u həme adəmist”) beytin o birisinin mədhiyyəsində olduğu kimi təkrarlanmasını nəzərə alsaq, heç şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Belə əcaib yazını və ya bu şəkildə şerlərin məzmun və formasının dəyişdirilməsini möhtəşəm söz sənətkarına mənsub etmək onun xatirəsinə qarşı böyük hörmətsizlik olardı.
Dünya müharibəsinə görə Avropanın ümumi kitabxanalarında saxlanılan qədim əlyazmalarını görmək olmadı, çünki nadir nüsxələri hava bombardmanından xilas etmək üçün xüsusi sığınacaqlara köçürmüşdülər. Bununla bərabər, Mehmət Məhərrəmin Parisdə satın aldığı XIV əsrə aid bir əlyazmanı araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şirazlı naşirin rəyi bu fakt ilə də qüvvətlənmiş olur.
Vəhid Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”nin ayrı-ayrı müstəqil əsərlər olmaları barədə iddiası da qüvvətli deyildir, çünki Nizami özü “Pənc gənc”i təşkil edən məsnəvilərini sayarkən, “İskəndərnamə”dən yalnız bir vahid əsər kimi söz açmışdır. O, “Şərəfnamə”nin müqəddiməsindəki mündəricatını açarkən, İskəndərin həm dövlət xadimliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca elan etmişdir. Deməli, bildiyimiz kimi, bu proqram “İskəndərnamə”nin, yəni bu əsərin iki hissəsində həyata keçirilmişdir.
Başqa bir fakt. “İskəndərnamə”, “Şərəfnamə” hissəsində şairin qeydinə görə, hicrinin 593-cü ilində (miladi: 1199) yazılmışdır. Bizə dəqiq məlumdur ki, kitab şairin həyatının son günlərində tamamlanmışdır. Buna, güzgüyə baxıb, “görəsən əsərimi bitirə biləcəyəmmi?” deyərək öz zəiflik və qocalığından şikayət edən şairin özü də işarə etmişdir.
1199-cu ildən sonra bitirdiyi bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda həsr edə bilməzdi, çünki həmin şəxs 1193-cü ildən sonra artıq şah deyildi. Kitab onun dövründən ən azı altı il sonra yazılmışdı. Poema I Məsuda ithaf oluna bilməzdi, çünki 1204-cü ildə ölən bir şairlə 1211-ci ildə taxta çıxan hökmdar arasında bir əlaqə və münasibət ola bilməsini təsəvvür etmək heç cür mümkün deyildir. Deməli, “İskəndərnamə”nin hər iki hissəsi yalnız 1191-ci ildən 1210-cu ilə qədər hakimiyyət başında olan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur.
“İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsuda deyil, Azərbaycan Atabəyi Nüsrətəddinə həsr olunduğunu təsdiq edən bir dəlil də vardır. “Dastanın təzələnməsi haqqında” (“Dər taze kərdən-eindastan”) fəslində şair: “Qızıl Arslanın ölümündən sonra söz yaratmaq necə mümkün ola bilər? Bəlkə, sən şahın lütfü yardım edərək, mənə yenidən söz söyləmək imkanı verə” deyərək təriflədiyi adama müraciət edir. Bir az aşağıda isə həmin şəxsin “həm comərdlik, həm də söz sahibi” olduğundan bəhs edir. Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə nümayəndəsi olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən yana-yana söz salması yersiz olardı. Əksinə, ölənin qardaşı oğluna və taxtına varisi və səltənət vəliəhdinə qarşı belə bir müraciət etməsi tamamilə öz yerinə düşür. Beləcə “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bundan başqa, “həm comərdlik, həm də söz sahibi” olmaq tərifinə layiq olan şəxs də eyni zamanda şair olan Atabəy Əbu-Bəkrdir.
Izzəddin adına yazılan ithafın şübhəli olmasının bir dəlili də V.Dəstgiri nəşrində mövcud olan təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami (bu faktı ingilis şərqşünası E.Broun da qeyd etmişdir) Bişkin təxəllüsünü daşıyan Əbu-Bəkrə müraciət edərək, bu beyti yazmışdır:
Moxalef pəsəndiş u pişbin
Bədəndiş kəmmehr-o u Bişkin –
(Müxalif sonradan, o isə öncədən düşünür,
Düşmən amansız, o isə Bişkindir).
V.Dəstgirdi bu beyti şərh edərkən, “Bişkin” Atabəy Nüsrətəddinin bir “ünvanıdır” (daha doğrusu “ləqəbi”), – deyir və “necə ki, şair “İqbalnamə”də də həmin ləqəbi işlədir” – qeydini əlavə edir. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrar edilir və “bişkin”, “pişkin” şəklini alaraq, “əslində “Key-pişkin” ikən sonralar “pişkin” olmuşdur” – deyə izah edilir.
Iki şahın eyni ünvanı daşıdıqlarını təsəvvür etmək çətindir. “Bişkin” və ya “Pişkin”in türk sözləri olduğu göz qabağındadır. Nizaminin də şəxsən qeyd etdiyi kimi, şer və ədəbiyyatdan nəsibsiz olmayan Əbu-Bəkrin “ləqəbi” deyil, təxəllüsü olmalıdır. “İskəndərnamə”nin iki hissədən ibarət bir kitab olub, Nüsrətəddin Əbu-Bəkrin adına yazıldığını “Məcalis-ül-üns”ə əsaslanaraq, M.Ə.Tərbiyət də öz kitabı “Daneşməndan-e Azərbaycan”da qeyd edir. Nizami təvazökar həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhəsiz, bu “qazanc” ö dövrlərdə dəb olduğu kimi, şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “mükafat” və “hədiyyə”lərdən ibarət olmuşdur”.
Şairə aid məlumatlar arasında bu qəbildən olan iki xəbər mühüm yer tutur.
Bunlardan birincisi: “Məxzən-ül-əsrar”ın müqabilində Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah şairə 5000 qızıl dinar və beş-yeddi seçmə qatır göndərmişdir. Bu xəbər bütün qaynaqlarda qeyd olunmuşdur.
Ikinci xəbərin məzmununu təşkil edən hadisəni şair özü “Xosrov və Şirin” poemasının sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə şərh etmişdir.
Bu təfsilata görə, daha əvvəllər Atabəy Məhəmməd sağ ikən öz şəxsi əmlakından iki kəndin şairə verilməsini əmr etmişdir. Atabəy ölərkən “hamı ziyana uğradığı kimi, şair də ziyan çəkmişdir”.
Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi şəxsən öz yanına dəvət etmiş, ona sonsuz dərəcədə hörmət və mərhəmət göstərmiş və onun çəkdiyi “ziyan”dan xəbər tutaraq, öz şəxsi mülklərindən “Həmdaniyan” kəndinin fərmanını (sicillini) Nizaminin adına yazdırmışdır. Ikinci kənd haqqında isə zarafatla demişdir: “O barədə şahzadələrlə özün dil taparsan”.
Həmdaniyan kəndinin önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu dövrümüzün bəzi tədqiqatçıları irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, təbii ki, o zamanlarda da az olmamışdır. Şair bu kimi sözbazları yad etdiyi xatirələrində anaraq, onları “bəlli paxıllar” saymış, “verən məmnun, alan isə şad ikən füzullara nə qalmış?” – deyərək, dedi-qoduya son qoymuşdur. Şirvanşah Axsitanın arzu və sifarişinə görə yazdığı “Leyli və Məcnun” poemasının müqabilində Nizamiyə nə verildiyini bilmiriksə də, şairin şahdan məmnun qaldığını atabəy Əbu-Bəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. Işi başqa cürə də təsəvvür etmək olmaz. Nizami kimi böyük ustadı belə fikrə daldıran, qorxudan bu çətin və işlənməmiş mövzu əsasında misilsiz bir uğurla möhtəşəm bir sənət əsəri yaradan şairə “yüksək şerin nə olduğunu bilən və öz əsil-nəcabəti ilə öyünən” Axsitan necə laqeydlik göstərə bilərdi? Belə bir şey baş versə idi, şah özünü şairə yazdığı məktubunda ikrahla işarə etdiyi sultan Mahmud Qəznəvinin vəziyyətinə salmış olardı. Belə bir şeyə isə nə Nizaminin əsərlərində, nə də tarixi sənədlərdə heç bir işarə yoxdur. Başqa cür olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü şirvanşah necə qazana bilərdi? Qapısında Xaqani və Fələki kimi kəskin qələmli şairlər durarkən, mövzusunu Gəncədə öz guşəsinə çəkilmiş ustad sənətkara əmanət etməsini bilən diqqətli şirvanşahın diqqətsizlik edəcəyini kim ehtimal edə bilər?!
Hər halda, Tanrıya müraciət edərək “Xəyalındakı ruzisini Məhəmməd amallı padşahdan” diləyən şairin xəyalında tutduqlarının həyata keçdiyinə və uğursuzluğa məruz qalmadığına heç kim şübhə edə bilməz. Bu qənaəti Füzulinin:
“Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşahına düşüb girami”
beyti də qüvvətləndirir.
Marağa hökmdarı Ağsonqurlu Körp (körpə) – Arslana ithaf etdiyi “Həft peykər”in də mükafatsız qalmadığını ehtimal etmək olar.
Atabəylərin dördüncüsü olan Nüsrətəddin Əbu-Bəkrdən də “İskəndərnamə” üçün “qələm hədiyyəsi” alıb-almaması, ümumiyyətlə, heç bir yerdə qeyd olunmamışdır. Bununla bərabər, özü şair olub və Nizami tərəfindən maarifpərvərliyi təsdiq edilən dördüncü Atabəyin “sülalə gülüstanının ilk və seçilmiş bülbülünə” qarşı laqeydlik göstərilməsini xəyal etmək haqsızlıq olar. Dediklərimizi şairin şəxsən həmin hökmdara (“İskəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”də) həsr etdiyi beytlər təsdiq edir. Bu beytlərdə yuxarıda qeyd etdiyimiz kimi, şair Atabəy Nüsrətəddin Əbu-Bəkrə müraciət edərək deyir: “Şirvanşah Axsitan məni nemətlər içində bəsləyib, yerdən göylərə qaldırdı isə, sən məni ondan daha yaxşı və yüksək tutdun”. Bu beytlərlə şairin Axsitandan olduğu kimi, Atabəy Nüsrətəddindən də qələm haqqı aldığına tərəddüdsüz inana bilərik.
Həmvətənimiz Mehmet Məhərrəmin Parisdə satın aldığı “Xəmsə”nin XIV əsrə aid əlyazmasını bu mülahizələri yazandan xeyli sonra gördük. Burada “İqabalnamə”nin “Xateme-ye kitab” fəslində çaplarda görmədiyimiz bir təfsilata rast gəldik. Bu təfsilata görə, əsərdən son dərəcə məmnun qalan Nüsrətəddin Əbu-Bəkr əvvəlcə qərarlanmış xalisəyarlı 1000 qızılı dərhal Nizamiyə vermiş və bundan başqa minik atları ipək, qumaş və sairədən ibarət on cürə yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt də bəxş etmiş və əlavə olaraq, divandan (dövlət idarəsindən) şairə 400 qızıl miqdarında illik maaş təyin edilməsi barədə xüsusi fərman vermişdir. Yuxarıdakı ehtimallarla bərabər, heç şübhə yoxdur ki, şair həyatını olduqca sadə və təvazökarlıqla keçirmişdir. Bu həyat tərzi bir tərəfdən onun daxili aləmindən gələn “az yemək, çox bağışlamaq” prinsipindən doğan zühd (asketizm) ilə izah edilə bilərsə, o biri tərəfdən isə o zamankı həyat şəraitilə bağlıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-sairin-azerbaycan-hokmdarlari-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Nizamidə eşq fəlsəfəsiArasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!
Nizaminin dinə münasibəti və ictimai idealıBaşqasına faydalı iş görməyə,Şam kimi gəl hazır olaq yanmağa!
Nizaminin dövlət haqqında görüşləriDinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.
Poems by other poets
Dilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdiPozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,