Şairin Azərbaycan hökmdarları ilə münasibətləri
Page 3 of 3 · 67%
Şairin yaşayışına aid bu gün üçün alışdığımız “reportaj” qıtlığı kimi, o zamanın “qələm haqqı” da bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla müqayisə edilə bilməz.
Nizaminin maddi baxımdan təmin olunub və səssiz-küysüz bir həyat keçirdiyi mübahisə mövzusu olsa da, müasirləri arasında böyük mənəvi ehtiram və nüfuz sahibi olduğu heç bir şübhə doğurmur. O, hələ həyatda və nisbətən gənc ikən üzü köçürülən əsərləri əldən-ələ keçərək, Gəncədən İslam dünyasının hər tərəfinə yayılmışdı. Belə böyük bir adam zəmanə hökmdarlarının qapılarını çox nadir hallarda açdığına baxmayaraq, onların, xüsusən Atabəylər sülaləsinin özünə qarşı çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim sənətkar onun qədər də sevilmiş və axtarılmışdır.
Ona bəslənən ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda haqqında danışdığımız bir xatirəsindən anlaya bilərik: Azərbaycanın ən zəhmətkeş padşahı sultan Qızıl Arslan yanına çağırdığı şairin gəldiyindən xəbər tutarkən eyş və işrətlə məşğul imiş. “Kef məclisi” qurulub, saqilər şərab tökür, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqasələr də oynayırlarmış. Şairin hamıya məlum olan zahidliyinə (möminliyinə) hörmət əlaməti olaraq, bütün məclis bir anda dayandırılmışdır. Nizami içəri girərkən, padşah ayağa qalxmış və qonağını həyəcanla qarşılamışdır. Onlar qucaqlaşmış və Qızıl Arslan Nizamini min bir rica ilə başda oturdaraq, saqilərlə mütribləri buraxmış və “bu gün ancaq Nizami ilə görüşəcəyəm, çünki onun söhbəti meydən daha nəşəli və neydən daha ahənglidir” – demişdir.
Şair ona göstərilən bu diqqət və ehtiramdan son dərəcədə razı qaldığını bildirərək yazır: “Bundan sonra padşahın yanında olanda hamı ayaq üstə durarkən, mən oturaradım”. Nizami padşahın hüzurundan “meracdan dönən Əhməd (Məhəmməd peyğəmbər) kimi qayıtmış və bu hadisəni xüsusi olaraq, öz xatirələrində yad etmişdir.
Özüylə çağdaş olan qələm yoldaşlarına az və ya heç qismət olmayan hörmət və etinanı Nizami öz vüqarı və çəkingənliyi ilə əldə etmişdir.
Şairin saray qapılarına çox nadir hallarda getdiyinin bir dəlilini də onun ikinci Atabəy Məhəmməd Cahan-Pəhləvana yazdığı mədhiyyədə görürük. Atabəyə öz əsəri “Xosov və Şirin”i gətirən şair sarayda yaşamadığına bəraət qazandırmaq üçün: “Gec gəldimsə də, arslan kimi gəldim” və “Evdə otursam da sənin duaçınam” – deyərək üzr istəyir.
Yüksək izzəti-nəfs sahibi olan şair həyatda öz tarixi mövqeyində durmağı bacarmış, heç bir zaman heç kəsin önündə kiçilməmişdir. Hökmdarlara müraciətlərində hətta mədhiyyə yazıb bir şey xahiş edərkən, özünü onlarla bərabər tutmuş, mənəvi aləmi ona daxildən verdiyi qüvvəyə arxalanıb təriflədiyi tacdarlara ata kimi öyüd-nəsihət vermiş, onları düz yola çağırmışdır. Məsələn, “Leyli və Məcnun” poemasının müqəddiməsində şirvanşah Axsitana verdiyi öyüd-nəsihətlər bizim iddiamızın bir dəlilidir. Bu “nəsihətnamə”sində şair padşaha müraciət edərək, ondan bir neçə məsləhət dinləməsini rica edərək, belə kəskin nəsihətlər verir: “Qüdrətli ol, ancaq təmkinini əldən buraxma! Şərab iç, amma sərxoş olma! Ikiüzlüləri yaxına buraxma! Xalqın etimadını qazanmaq üçün verdiyin sözü yerinə yetir! Ürəyin tutmadığı adamlara inanma! Öz düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını isə alçaltma!”
Tələbkar izzət-nəfsini dərin bir təvazökarlıqla həkimanə bir surətdə birləşdirdiyini bilən ustad öz mədhiyyələrində işlətdiyi təşbih və müqayisələrdə belə, öz həyat prinsipinə sadiq qalmışdır. Məsələn, padşahı dənizə bənzədərkən, özünü onun yanına gedən çaya tay tutur. Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “ay” isə, özü də “Ütarid” ulduzudur. Şah dünyanın hökmdarı isə, o da sözün sultanıdır. O, vuruşma meydanının pəhləvanı isə, özü məna və söz qəhrəmanıdır – elə bir “söz” ki, “yaradılış pərdəsi açılarkən səhnəyə ilk çıxan o olmuşdur”. Allahın hüzuruna çıxmaq haqqı, Nizaminin rəyinə görə, əvvəl peyğəmbərlərə, sonra da şairlərə verilmişdir. Göylər qədər uca olan şair, bəzən bu haqqından keçən kimi görünürsə də, həqiqətdə o, “başımızın üstündəki üfüqün eyni zamanda yerə qovulmasına” bənzəyir.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-sairin-azerbaycan-hokmdarlari-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Nizamidə eşq fəlsəfəsiArasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!
Nizaminin dinə münasibəti və ictimai idealıBaşqasına faydalı iş görməyə,Şam kimi gəl hazır olaq yanmağa!
Nizaminin dövlət haqqında görüşləriDinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.
Poems by other poets
Dilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdiPozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,