Hüseyn Cavid bayramına

Bir abidə üstündə toy-bayram idi dünən,Bir heykəlin başına gül yağışı yağırdı.O isə heyrətlənib tərifin qədərindənDayandığı zirvədən qəmli-qəmli baxırdı.

Tarixin yollarından dağılıb böhtan çəni,Dünən fitva verənlər batıblar yalan qəmə.Xalqın düşməni kimi kimsəsiz keçinəninXalqına sədaqətdə əvəzi yoxmuş demə.

O qaralmış ələ bax, od götürüb elə bil,Rənginə imzasının qaralığı hopubdur.Mərmər üstə qoyduğu o bir dəstə qərənfilBir vaxtlar öz tökdüyü qızıl qandan qopubdur.

...Burda kimlər yox idi?! Onsuz arxayınlaşıb,Meydanı boş sayaraq sinəsinə döyənlər.Barama qurdu kimi arxivinə daraşıb,Ata mirası kimi yazdığını yeyənlər,

Onun qolları ilə qol götürüb arada,Onun töküntüsüylə elmi adlar alanlar.Quyruğu qırx il əvvəl onu qamarlasa daHeykəlinin önündə dil çıxaran ilanlar.

Söyəndə də birinci,Öyəndə də birinci...İlahi, bu birincilik yarışı çətin peşə.Şan-şöhrət hərisləri bir paya yetişincəXalqı da nərdivana çeviriblər, görmüşəm.

...Gördüm mərmər heykəlin dodaqları səyriyir,Gözündən ürəyinə gizli süzülür yaşlar.Kimsə eşitməyəcək bir səs ilə söyləyir:“Abidəmin üstünə gələn əziz qardaşlar.

Yenə də işləməkdə taleyin dəyirmanı,Bizi üyütmüşdülər, başqası üyüdülür.Çayxanalar küncündə qeybət qıran oğlanınKöksündə də cəlladlıq iştahası döyünür.

Köhnə qəsddi yaşayan, şəkli dəyişib ancaq,Şirin sözlər bitibdi gör kimlərin dilində!Yüz illər min tufanı adlayan palıda bax,Sınır öz yemədiyi qurd-quşların əlində...

Hədəfi sürüşkəndi təriflərin, sözlərin,Zamana “sağ ol!” deyin, açır köhnə sirrini.Arxada boyun buran o oğlana yol verin,Qoy oxusun bu günün ən mərdanə şerini!..”

Burda mərmər heykəlin pıçıltısı qırıldı,Ancaq onun səsinə cavab verirdi zaman:Nə biri-birimizi öldürməkdən yorulduq,Nə bezikdik ölənin dalınca ağlamaqdan!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets