Page 2 of 3 · 33%

Rəhilə

Bunları mən saxlayım. Laboratoriyada yoxlayaram.

Ağazadə

Amma hələ bazara çıxartmayıblar. Çıxarılan kimi tutulacaqlar.

Rəhilə

Tez qurtar, Rəşid! Yoxlamanı tez qurtar. Raykom məsələni həll eləsin.

Ağazadə

Bəs sizin yeriniz-yurdunuz haradadır, Qumru xanım? Mən sizinlə bir-iki kəlmə söhbət eləmək istəyirəm.

Qumru

Mənim yurdum var ki, yuvam da olsun. O otaqda bir qırıq stolum var.

Ağazadə

İki kəlmə söhbət eləmək olar?

Qumru

Buyurun.

Çıxırlar. Murad içəri girir.

Murad

Rəhilə, səninçün bir dəstə məxməri bənövşə tapmışam.

Rəhilə

Murad, sən bu çiçəkləri haradan tapırsan?

Murad

Çox gətirərəm ha... qorxuram güləsən.

Rəhilə

Gülmərəm, qorxma. Mən də çiçəkləri çox sevirəm.

Murad

Rəhilə, bu kağızlara bir bax!

Rəhilə

Bunlar nə kağızlardır?

Murad

Çığırsan da eşitməyəcəyəm. Yaxşısı budur mənə diqqətlə qulaq as. Keçən ildən qalma kağızlardır, Gülümova ha deyirəm, bu gün-sabaha salır.

Rəhilə (kağızlara baxır)

On iki ton taxıl təhvil verilib, hələ keçən ildən bəri dəftərə düşməyib. Qəribə işdir. Qoy bir Ağazadəyə göstərim.

Murad

Xəbərim, xeyr, mənim xəbərim yoxdur.

Rəhilə

Onu demirəm, deyirəm bu kağızları göstərim, bu saat qayıdıram.

Çıxır. Əli kişi içəri girir.

Əli kişi

Murad? Təəccüblü iş var. Qurbanov haradadır?

Murad

Nə deyirsən, Əli dayı? Xəlvət söz danışmırsan ki? Bərkdən de!

Əli kişi

Qurbanovu soruşuram. Müdiri, müdiri.

Murad

Diri, diri, nəyi diri, diri? Qoyunu?

Əli kişi

Əşi, nə qoyun? Ölüsü tapıldı, qaldı dirisi.

Murad

Əli dayı? Sənin ağzın heç söz tutmur ki. Yaz məktub vasitəsilə bildir.

Əli kişi

İşim-gücüm qurtarıb da... (Rəhilə içəri girir) Ay Rəhilə, qızım, Qurbanovun yerini mənə göstər.

Rəhilə

Nə olub ki, Əli dayı! Qurbanovu neyləyirsən?

Əli kişi

Əli dayı lap özünü itirib. Başa düşmürəm, bu necə işdir.

Rəhilə

Nə olub axı? Bir danış görək.

Murad

Deyir kimi isə diri-diri tutub.

Əli kişi

Sən də tutmusan bu dirinin boğazından. Buna bax, qızım. Axı bu buraxılış vərəqəsi köhnədir və bizim uşaqlar buraxıblar. Sonra görüblər ki, bir ay bundan qabaq yazılıb.

Rəhilə (buraxılış vərəqəsini alıb baxır)

Bununla kim keçib?

Əli kişi

Karl Marks kolxozundan Qənbər. Xalq bura taxıl gətirəndə, o həmişə buradan taxıl çıxardır.

Rəhilə

Qoy bu kağız məndə qalsın. Hə, Əli dayı?

Əli kişi

Səndə qalsın. Amma itirmə, Qurbanova göstərəcəyəm.

Rəhilə

Qurbanova göstərmək lazım deyil, ayrı yerə göstərərik.

Əli kişi

Məsləhət sənindir. Əqil əqildən üstün olar.

Rəhilə

Gərək bu idarə bir təmizlənsin, Əli dayı, heç şübhə eləmirəm ki, burada bir cinayət var.

Gülümov gəlir.

Gülümov

Harda cinayət var? Nə olub, Rəhilə xanım?

Rəhilə

Heç, düşmənlərin cinayətindən danışıram. Gedək, Əli dayı, söhbətimiz yarımçıq qaldı.

Rəhilə və Əli kişi çıxırlar.

Gülümov

Rəhilə nə deyirdi, Murad?

Murad

Hələ sabah alacağam, bu gün vermirlər.

Gülümov

Bu zalım qızı hər yanı qurdalayır. Cinayət var deyib dad çəkir. Murad, bəs Əli kişi nə deyirdi?

Murad

Hələ iki saat var.

Gülümov

Kar evin yıxılsın.

Murad

Mən sizə lazım deyiləm ki, yoldaş Gülümov?

Gülümov

Səni əzrayıl axtarırdı, tapmadı?

Murad

Məni axtarırlar? Gedim, görək kim axtarır?

Çıxır. Səməndərli və Firuzə içəri girirlər.

Firuzə

Qurban burada da yoxdur? Səməndərli, yapış bunlardan bir oturum. Gülümov, Qurban hardadır, dünyanı axtarmışıq tapılmayıb.

Gülümov

Yəqin anbardadır, Firuzə xanım!

Səməndərli

Anbarda yoxdur.

Gülümov

O anbarı demirəm, azsovxoztrestin anbarı. Ordan başqa heç bir yerə getməz.

Firuzə

Axşam da evə gəlməyib. Nə bilim harada küllənib? Qoy onu bir tapım. Onu mən öz əməllərinə qurban eləməsəm, adını da dəyişdirsin. Səməndərli, yığ bunları qucağıma!

Səməndərli

Firuzə xanım, siz zəhmət çəkməyin, mən özüm apararam...

Firuzə

Ətimi tökmə, sən Allah. Yığ qucağıma, özüm apararam. Burada ol, indicə qayıdacağam.

Çıxır.

Səməndərli

Maliyyə vəzirinə təkrar-təkrar salamlar.

Gülümov

Yenə cəh-cəh vurursan, elə bilirsən xəbərim yoxdur?

Səməndərli

Nədən, ey mənfur kölgə?

Gülümov

Kölgəyə sən özün dönəcəksən. Xalq da qulağını tıxamayıb ki?

Səməndərli

Açıq danış, ey taxıl mücahidi!

Gülümov

İstəyirsən, açıq danışım. İşiniz məhkəməyə düşüb, Qənbəri çağırıblar, səni də bu günlərdə çağıracaqlar.

Səməndərli

Gülümov, aman günüdür mənə bir məsləhət. Qorxuram səhvən gəlib tutalar.

Gülümov

Axmaq. Kişi də özünü tutdurar? Bir az diribaş ol. Qohum-qardaş axtar, pul bas. Belə şeyləri sən məndən yaxşı bilirsən ki...

Səməndərli

Sən öl basaratım bağlanıb. Axı pulu necə verim? Kimə verim?

Gülümov

Məhkəmə sədrinə.

Səməndərli

Nə vasitə ilə?

Gülümov

Həmşirəsi vasitəsilə.

Səməndərli

Əcəb söz danışdın. Bu tələsikdə mən onun həmşirəsini haradan tapım ki?

Gülümov

Axtarmaq lazım deyil. Həmşirəsi lap yaxındadır. Həmin bu Firuzə xanım məhkəmə sədrinin bacılığıdır.

Səməndərli

Bah... Mən ölüm ha... Onda da gərək yıxılam Qurbanovun ayaqlarına...

Gülümov

Qurbanovun ayaqlarına niyə yıxılırsan ki? Arvadının ayaqlarına yıxıl. Görmürsən ər-arvad araları sərindir? Firuzə də pul sevəndir. Pul yerit.

Səməndərli

Bu məsələ məni lap diriltdi. Amma sənin əziz canınçün, Gülümov, pulum yoxdur.

Gülümov

Pulun yoxdur, qazan. Kişi də pulsuz qalar?

Səməndərli

Necə qazanım?

Gülümov

Öz aramızda?

Səməndərli

Əlbəttə, öz aramızda, bilmirəm ki, həyat müvəqqətidir?

Gülümov

Hazır naryad, hazır buraxılış vərəqəsi, nə qədər çıxarıb sata bilərsən?

Səməndərli

Ay Gülümov, mən heç alış-veriş eləyə bilmirəm axı!

Gülümov

Özün eləmə, elətdir. Al, qədərini özün yazarsan. Xərcin üç olacaq.

Səməndərli

Üç nə?

Gülümov

Üç min.

Səməndərli

Yox, çoxdur. İki min. Artıq olmaz.

Gülümov

Əlini ver. Bir kəlmə. İki yarım. Vəssalam. Artıq-əksik danışma, böyük-kiçik tanı.

Səməndərli

Mənə zülm olar a, Gülümov.

Gülümov

Daha mənə yox da...

O yankı otaqdan Ağazadə çıxır.

Ağazadə

Salam təbiidir. Neyləyirsiniz, pul sayırsınız?

Gülümov

Heç, elə-belə... Səməndərlinin pullarıdır.

Səməndərli

Məvacibimi alıram, üç aydır, yadımdan çıxıb, almamışam.

Ağazadə

Bəs üç aydır məvacib almayıb nə ilə dolanırsan?

Səməndərli

Gör nə deyir... Mən bu üç ayda nə ilə dolanmışam? Hə, Gülümov?

Gülümov

O cür ki, sən dolanmısan, heç dolanmasan yaxşı idi.

Ağazadə

Doğru deyirsən, adam var ki, heç bu dünyaya gəlməsə yaxşıdır.

Çıxır.

Gülümov

Hə, bu iş heç mənim xoşuma gəlmədi.

Səməndərli

Özümü çaşdırdım, sən də him eləmirsən ki, nə cavab verim. Mən suflyorsuz danışmağa adət eləməmişəm axı.

Rəhilə və Qumru oyankı otaqdan çıxırlar.

Gülümov

Aşna, bu yaxşı işə oxşamadı. Ağazadə bu qızların yanında neyləmiş olar?

Səməndərli

Yəqin ikisindən birində gözü var. Bu gün-sabah nəticəsi məlum olar.

Gülümov

Orası pisdir də. Rəhilə də, Qumru da bizim idarəmizin gözüdür. Rəhiləni gərək anbar Hüseyn alsın, Qumrunu Qurbanov! Yoxsa bizim tükümüzü didərlər. Hanı Hüseyn? (Pəncərədən çağırır) Anbar! Anbar! Səməndər, sən onu boynuna götür, mən Qurbanovu, gərək ikisini də bu gün-sabah evləndirək.

Hüseyn gəlir.

Hüseyn

Mən hazır.

Gülümov

Siz məşğul olun, bacıoğlu, mən dayımın dalınca gedim. (Çıxır)

Səməndərli

Pullar hazırdır?

Hüseyn

Nə pullar? Mənim buğda anbarım var, pul anbarım yoxdur ki.

Səməndərli

Pul da buğdadan olur. Çıxart görək.

Hüseyn

Al dörd yüz manat, ikisi bəsimdir. Öyrət görüm.

Səməndərli

Bir kağız-qələm götür. Hamısını bir-bir qeyd elə. Sözlərimin hər kəlməsi bir qızıldır. Yaz, 1-ci üsul. Əvvəl qıza yaxınlaşan kimi birinci sözün bu olur: bağışlayız, naxallıq eləyirəm, salaməleyküm. O da deyəcək, əleykəssalam. Onda sən deyərsən: izin verin, sizdən soruşum: adama bu dünyada hamıdan çox nə lazımdır?

Hüseyn

Pul.

Səməndərli

Axmaq. Pul adam olmaq üçün lazımdır. Bəs adama nə lazımdır?

Hüseyn

Adama nə lazımdır? Adamın gərək adamı olsun. Yoxsa baş girliyə bilməz.

Səməndərli

Qız o cür cavab verməz. Qızınki mənəvi aləmdir. Sənin bu sualının qabağında o deyəcək, adama nə lazımdır, xoşbəxt bir yaşayış, yaz.

Hüseyn (yazır)

Xoşbəxt bir yaşayış.

Səməndərli

Hə, o bu sözü deyən kimi sən üstünü al, de ki, bağışlayız, naxallıq eləyirəm, siz ki xoşbəxt yaşayış axtarırsınız, xoşbəxt yaşayış bu ləleşində, əgər birisi bədbəxt olub, ayağınızın altında sürünürsə, ona əlinizi uzatmazsınızmı? Qız deyəcək, kimdir o bədbəxt? Deyərsən ki, mənəm. Qurtardı. Bu sözün qabağında qız, əgər bir az üzüyoladırsa, qollarını açıb üstünə gələcəkdir.

Hüseyn

Çox yaxşı. Onda bu bir üsul bəsdir. Daha artıq niyə xərc çəkəcəyəm ki? Pulun gerisini qaytar.

Səməndərli

Yaxşı, birdən qollarını açıb üstünə gəlmədi? Onda adlayıb keçirsən ikinci üsula. Üsul sanı hərləyib-fırlayıb qızı keçirirsən girinə. Təkləyən kimi gedib deyirsən, gör sən dünyada nə qədər xoşbəxt yaranmısan! Qız təəccüblə deyəcək: nə üçün? Sən cavab verirsən ki: çünki mən sənə aşiq olmuşam. Fikrini birdən bomba kimi partladırsan. Bunun qabağında hələm-hələm qız dayana bilməz. Yox, birdən desə ki, istəmirəm, sevmirəm, oyan-buyan... onda bilirsən neylərsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets