İkinci pərdə
Page 3 of 3 · 67%
Hüseyn
Yox, bilmirəm. Bilsəm, xərc çəkib soruşmaram ki...
Səməndərli
Onda bir əlini at cibinə, bir əlini də ürəyinə tutub çığır: elə isə, əlvida, artıq anbar Hüseynin ömrü bitdi. Mən özümü öldürəcəyəm. Onda qız qorxub özünü sənin üstünə atacaq.
Hüseyn
Birdən atmasa?
Səməndərli
Onda qızın qabağındaca özünü öldürərsən.
Hüseyn
Doğrudan öldürüm?
Səməndərli
Qeyrətin çatsa, öldürərsən, qeyrətin çatmasa, gələrsən mənim yanıma, sənə üçüncüsünü öyrədərəm. Yəni üsuli salis.
Hüseyn
Onda mən gedim, qızın yanına.
Səməndərli
Dayan! Bu cür getmək olmaz. Paltarını dəyiş, üzünü qırxdır. Ondan sonra üsulları işlətməyə başla.
Hüseyn
Mən, deməli, əvvəlcə gedib geyinim?
Səməndərli
Get geyin, çünki bütün aşiqlər geyiniblər.
Hüseyn
Üzümü də qırxdırım?
Səməndərli
Get qırxdır. Çünki bütün aşiqlər qırxılıblar.
Hüseyn
Gedirəm.
Səməndərli
Get! Allah qüvvət versin, mənim Qıratım!
Qurbanov və Gülümov girir
Vücudi şərifinizə salam olsun, qibleyi-aləm!
Qurbanov (gülür)
Hə, artist, yenə damağın yuxarıdır. Bu yassara da bir kömək elə, bir evlənməyi də bacarmır.
Səməndərli
Az qalıb, yoldaş Qurbanov. Bir-iki günə kimi o da adam olar.
Qurbanov
Gör də, gör neylərsən.
Səməndərli
Görək neyləyəcəyəm. Gedək, Hüseyn.
Hüseyn və Səməndərli çıxırlar.
Qurbanov
Gəl bura görək, Gülümov, ya onlara verər Allah, ya mənə.
Gülümov
Nə olub, yoldaş Qurbanov? Deyəsən, üstünüzə böyük bir qoşun çəkiblər.
Qurbanov
Qoy çəksinlər. O qoşunun qabağında tək dayanacağam. Raykomdan adam-zad gəlməmişdi ki?
Gülümov
Rəsmi heç kəs gəlməyib.
Qurbanov
Bizi yaman hərləyirlər. Deyəsən, material gündən-günə şişir. Eybi yoxdur, arıqladarıq.
Gülümov
Raykomun təlimatçısı Ağazadə buralarda çox hərlənir. Bizim Qumru ilə çox xosunlaşır.
Qurbanov
Hə? Qumru ilə? Nə danışırlar?
Gülümov
Bilmirəm. Ağazadə subay oğlandır, qorxuram quş uçurdalar. Siz bir az tələsin, yoldaş Qurbanov.
Qurbanov
Hə, necədir? Sən onunla danışdın? Meyli var?
Gülümov
Meyli olmayıb, nə olacaq ki? Sizdən gözəlinə getməyəcək ki? Siz möhkəm girişin.
Qurbanov
Di get onda onu bura çağır, işə girişim. Gözdə-qulaqda ol. Kabinetə adam girməsin.
Gülümov
Arxayın olun.
Çıxır, Qurbanov özünü düzəldir. Bir azdan Qumru qaçaraq içəri girir.
Qumru
Məni çağırırsınız, yoldaş Qurbanov? Buyurun.
Qurbanov
Gəl yaxına, gəl görək, Qumru! Rəngin niyə qaçıb?
Qumru
Sözünüzü deyin, mən tələsirəm.
Qurbanov
Hara tələsirsən? İşə? Sənə bu gün vıxadnoy verirəm. Gəl yaxına, danışım, gör başımda nələr var.
Qumru
Bilirəm, elə işlərlə maraqlanmıram.
Qurbanov
Maraqlanmasan yaxşıdır. Sən gülsən, gülün material ilə, intriqa ilə nə işi var? Dayan, getmə görək.
Qumru
Yersiz söz danışırsınız, yoldaş Qurbanov! Mənim işim var.
Qurbanov
İşlərin hamısını səndən əvəz mən görərəm. Sən özünə əziyyət vermə, arıqlayarsan.
Qumru
Kökəlməyi neyləyirəm ki? Məni ətliyə satmayacaqlar ki. Yolumu kəsməyin, gedirəm.
Qurbanov
Eh... ay Qumru? Gərək sən məni bir il bundan qabaq görəydin. Qapımda saat kimi işləyən qaz maşın dururdu. Kefim elə kök idi ki, deyəsən bir dəqiqə ayıq vaxtım olurdu? Düşdüm dolaşığa. Üstümə böhtan atdılar. Gətirib məni saldılar bu palçıq rayona, eybi yoxdur. Qurbanov palçıqda da üzə bilir. Gör mən burada hələ sənin üçün nə dəstgahlar düzəldəcəyəm!
Qumru
Ayıb deyilmi sizinçün, yoldaş Qurbanov? Evli adamsınız...
Qurbanov
Nəyəm? Evli? Xeyr. Günü bu gün Firuşun dəmdəstgahını verəcəyəm qoltuğuna. Onda nə sözün ola bilər?
Qumru
Buraxın görək... (Qurbanov Qumrunun qolundan tutur. Qumru çəkilmək istəyəndə, Firuzə və Səməndərli içəri girirlər)
Səməndərli
Dəhşət, yerlər qan, göylər qan!
Firuzə
Qurban? Qurban?
Qurbanov
Yazığın dişi ağrıyırdı. Dişinə baxmaq istəyirdim.
Firuzə
Al, bu da sənə dişağrısı. Ay uşaq, yapışın məndən, partladım.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-asnalar-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
4 pərdə, 5 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilRayon mərkəzlərinin birində taxıl tədarükü idarəsi. Səkili ev. Bir tərəfdə taxıl anbarı. Səkidə və həyətdə stullar qoyulmuşdur. Yaydır. Pərdə açılan kimi səhnədə həyəcan və get-gəl görünür. Səməndərli, Hüseyn və Gülümov, Qurbanovun evinə çamadan daşıyırlar. Sonra Qurbanov özü yarıhərbi libasda içəri girir.*
Üçüncü pərdəÜçüncü şəkilİdarənin həyəti. Firuzə və Səməndərli kabinetdən çıxırlar.*
Dördüncü pərdəDördüncü şəkilYenə həmin yer. Firuzə və Səməndərli içəri girirlər.*
Poems by other poets
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi