Üçüncü pərdə
Page 3 of 4 · 50%
Nazlı
Hiss eləyirəm. Bəs, cavabınız nədir? Ancaq qəti olsun bizimkilərin gözü yoldadır.
Əliqulu
Cavab! Qəti cavab istəyirsiniz? Deyəsən od düşdü barıt anbarına. Partlayış olsa, qorxmayın.
Rövşən içəri girir.
Rövşən
Nazlı, partlayış mənim ürəyimdə olacaq.
Nazlı
Rövşən, sənə nə olub? Nə danışırsan?
Rövşən
Axır ki, axtardığım adamı tapdım.
Nazlı
Harada?
Rövşən
Budur, burada, qabağımızda. “Ə”... Adını da öyrənmişəm: Əliqulu...
Əliqulu
Bəli, cavan oğlan, adım Əliquludur. Nə olsun ki?
Rövşən
“Nə olsun ki”ni bu saat sənə başa salaram.
Əliqulu
Ey... ey...
Nazlı
Bir az səbirli ol da... Get, məni o tərəfdə gözlə, bu saat gəlirəm. Mane olma, güclə yola gətirirəm ey...
Rövşən
Sən bu kişini güclə yola gətirirsən?
Nazlı
Hə, hə, işin içində iş var.
Yasəmən gəlir.
Nazlı
Yasəmən, axı, mən sənə tapşırdım...
Yasəmən
Rövşən, bura gəl, sözüm var.
Rövşən
Yasəmən, sən də bu işdə iştirak eləyirsən?
Yasəmən
Bəs necə? Xeyir işdir ey... Gedək, mane olmayaq.
Rövşəni çəkib aparır. Nazlı həyəcanlıdır, ancaq Əliquluya bildirmək istəmir, yalandan gülümsəyir.
Əliqulu
Bu oğlan kim idi?
Nazlı
Qardaşımdır.
Əliqulu
Hirsli cayıla oxşayır.
Nazlı
Əsəb xəstəliyi var. Eybi yoxdur, biz söhbətimizə davam eləyək.
Əliqulu
Dayınızdan heç danışmırsınız? Muradov yoldaş necədir?
Nazlı
Dayımı da tanıyırsınız?
Əliqulu
Bəs necə? O cür adamı tanımayan olar?
Nazlı
Mənim xətrimi çox istəyir.
Əliqulu
Bilirəm, uzaqdan-uzağa bələdliyim var.
Nazlı
Qohum olandan sonra lap yaxından tanıyarsınız.
Əliqulu
Qohum olmağımız deyirsən, nəqddir?
Nazlı
Əlbəttə, ortada sevgi var, sevgiyə qarşı durmaq olmaz!
Əliqulu
Sevgi bizim tərəflərdə daha şiddətlidir.
Nazlı
Onda nəyin məəttəliyik? Deməli, hə?
Əliqulu
Hə, gözəl qadın, milyon dəfə hə!..
Nazlı
Demək, razılaşırıq?
Əliqulu
Qəbirə qədər.
Gövhər gəlir. Əliqulunu tanımır.
Gövhər (öz-özünə)
Burada da yoxdurlar. Birdən-birə uşaqları itirdim. (Əliquluya) Ay qardaş, burada oğlan ilə qız görmədiniz ki?
Əliqulu (səsini dəyişir)
Yox, görməmişəm.
Gövhər
Sağ olun. Bağışlayın, söhbətinizə mane oldum. (Çıxır)
Əliqulu (öz-özünə)
Yaxşı ki, arvad məni tanımadı. Qorxudan elə bil bədənimdə elektrik kontakt elədi.
Nazlı
Qaldı işin rəsmiləşdirilməsi... Qayda necədir, bilmirəm, məsləhətləşərik...
Əliqulu
Mənim nümayəndəm Səfərdir, nə lazımdırsa, ona deyin.
Nazlı
Çox yaxşı. İcazə verin, gedim, bu xoş xəbəri bizimkilərə çatdırım.
Əliqulu
Nə tez gedirsiniz? Biz hələ heç doyunca söhbət eləmədik...
Nazlı
Söhbət üçün qabaqda o qədər vaxtımız olacaq ki. (Gedir)
Əliqulu (tək, öz-özünə)
Bu yaşda, bu cür eşq zərbəsinə dözmək çətindir. (Birdən səhnə arxasında Səfəri görüb səsləyir) Səfər! Səfər! (Səfər içəri girir) Barıt anbarının qapısı alışıb-yanmağa başladı, od keçəcək içəri, özünü qoru!..
Səfər
Eybi yoxdur, dəniz yaxındadır. Xanım getdi?
Əliqulu
Getdi, Səfər, getdi. Ağlımı, huşumu, külli-ixtiyarımı da özüylə aparıb getdi.
Səfər
Necə oldu?
Əliqulu
Necə olacaq? İldırım kimi məni vurdu.
Səfər
Qazan qaynadı?
Əliqulu
Lap daşır. Əşi, özü məndən betər imiş. Səfər, belə şey görməmişəm. Məni görən kimi qızın ağlı başından getdi. Təklifi birinci o elədi, məni ağzımı açmağa qoymadı. Hə, indi sən gərək onu tapasan və öyrənəsən görək nişan nə vaxtdır, toy haçandır, mən onun evinə gedirəm, yoxsa, o mənim evimə gəlir?
Səfər
Bəs niyə özünüz danışmadınız?
Əliqulu
Sıfırsan ki, sıfır... Məhəbbətdən boğazımız qurumuşdu, danışa bilirdik məgər? Hə, di tez ol, get, mənə bir xəbər gətir...
Səfər getmək istəyir, birdən geri qayıdır.
Səfər
Heç dayıdan söhbət düşmədi?
Əliqulu
Düşdü, məsələni özü açdı, deyir, dayım xətrimi çox istəyir. Toydan sonra, deyir, sənin də xətrini istəyəcək.
Səfər
Ən gözəl xəbəri axıra saxlamısınız ki... gedirəm, xörək bişib, soyutmaq olmaz...
Əliqulu
Mən burada oturacağam, Səfər, get, qoçağım, bu saat mənim ürəyimin də, kabinetimin də açarı sənin əlindədir.
Səfər
Onda ehtiyatlı tərpənim, açar düşüb itər. (Gedir)
Əliqulu oturmaq istədikdə, birdən Rövşən içəri girir.
Rövşən
Ey! “Ə”, indi gəl səninlə ayırd eləyək.
Əliqulu
İşə düşmədik! Mənə nə var ey, get öz bacınla danış.
Rövşən
Bacımın bura nə dəxli var?
Əliqulu
Məhəbbəti əvvəlcə o başlayıb.
Rövşən
A kişi, sən nə əxlaqsız adamsan! Demək mənim bacımla da başlamısan?
Əliqulu
Ey, ey, cavan oğlan, dilini dinc qoy, yoxsa bilirsən neylərəm!..
Rövşən
Mənə neylərsən?
Hücum eləmək istədikdə, Yasəmən gəlib onu tutur.
Yasəmən
Rövşən, sən yenə başladın?
Rövşən
Yasəmən, bilmirsən bu kişi nələr danışır?
Yasəmən
Gəl, gəl, Humay bacı səni axtarır.
Rövşən
Yasəmən, bir dəqiqə aman ver. (Əliquluya) Bu saat, sənin o qoca sümüklərini bir-birinə qarışdıracağam. (Əliquluya hücum çəkir, o, qaçır)
Yasəmən
Vay... Nazlı, Humay... köməyə gəlin! İşin ən çətinini mənə tapşırıblar ki... (Gedir)
Rövşən Əliqulunu qovur. Onlar bu arada səhnəyə çıxan dondurmasatanla toqquşurlar, nəhayət, Əliqulu qaçıb telefon budkasına girir, içəridən qapını bərk bağlayır. Rövşən nə qədər çalışır, aça bilmir, budkanın dəstəyi qopub onun əlində qalır. Əliqulu oradan çıxıb qaçmasın deyə, Rövşən budkanın üzünü divara çevirir.
Rövşən (Əliqulunu hədələyərək)
Orada qal, hələ səninlə işim var. (Öz-özünə) Gedim, Humay bacını bura gətirim, qoy öz gözüylə görüb inansın. (Çıxır)
Xəlil və Nazlı gəlir.
Xəlil
Deməli, “hə” dedi?
Nazlı
Bir dəfə yox, milyon dəfə.
Xəlil
Əliqulunu ki, yola gətirdin, qızım, sən arxayın gedib, sirkdə işləyə bilərsən!
Nazlı
İndi cavanları tapım, onlara da deyim.
Xəlil
Get, mən də zəng eləyib, Gövhərə gözaydınlığı verim...
Nazlı gedir. Xəlil budkaya yaxınlaşır, təəccüblə dayanır.
Xəlil
Deyəsən, telefon budkası küsüb üzünü divara çevirib. Bu nədir, tələdə adam var? Görüm kimdir? Əliqulu, orada nə eləyirsən?
Əliqulu
İlişib qalmışam, Xəlil, kömək elə, çıxım buradan.
Xəlil
Demədim bığı rənglətməyin bir əngəli çıxacaq?
Ha əlləşir, budkanı yerindən tərpədə bilmir. Bulvardan keçən iki oğlanı çağırır, onların vasitəsilə budkanı çevirir. Əliqulu budkadan çıxır.
Xəlil
Bir az da gec gəlsəydim, lap konservaya dönəcəkdin. (Əliqulunun getmək istədiyini görüb onu saxlayır) Dayan, bir az söhbət eləyək.
Əliqulu
Əşi, əl çək, iş xirtdəyimdəndir. (Öz-özünə) Doğrudan da, düz deyiblər: tikansız gül yoxdur. Gedim, qızla özüm danışım. Qardaşı lap zırrama imiş. (Gedir)
Xəlil, Gövhərə zəng eləmək üçün telefon budkasına girir.
Azad və Səadət kolyaska ilə gəlirlər.
Səadət
Bunu aparıb nömrədə qoyaq, sonra bir dəstə gül alıb tələsik qayıdaq.
Azad
Gülü neyləyirik?
Səadət
Kamalla Qumral üçün. Bu gün onların gələcək ailələrinin bünövrəsi qoyulur.
Azad
Etiraz eləmirəm. İşçimiz olacaqlar, indidən hörmət eləyək.
Xəlil onları görüb, budkadan diqqətlə baxır.
Səadət
Bu kişi Xəlil dayı deyil? Bizə nə diqqətlə baxır?
Azad
Hə, Xəlil kişi, tanımadın?
Xəlil
Sizin kimi müdirləri tanımamaq olar? Bu nədir, dünəndən bəri uşağınız oldu, hələ gəzməyə də çıxarmısınız?
Səadət
Kişi gör nə danışır ey!..
Azad
Qabaqcadan ehtiyat görürük, faytonu aldıq ki, qonaq gələndə yeri rahat olsun.
Xəlil
Əcəb eləmisiniz. Siz ki, belə ehtiyatlısınız, deməli, ikiniz də yaxşı müdirsiniz. Bircə dəqiqəliyə zəng eləyim, sonra sərində oturub söhbət eləyək.
Səadət
Siz oturun, biz mehmanxanaya dəyib, qayıdarıq. Azad, gəl, sonra gül almağa çatmarıq.
Çıxırlar. Xəlil yenə budkada telefonun nömrələrini yığmaqla məşğul olur.
Rövşən və Humay gəlir.
Rövşən
Mən istəyirəm, Humay bacı, sən özün onunla danışasan və görəsən ki, doğrudan da, Nazlı məni aldadır.
Humay
Hanı o kişi? Bu saat mən onun abrını töküm.
Rövşən
Budur, bax, burada.
Telefon budkasına yaxınlaşırlar.
Humay
A kişi, utanmırsan, xalqın arvadına, bacısına sataşırsan?
Xəlil (budkadan çıxır)
Humay xanım, mənimləsiniz?
Rövşən
Bu o deyil, Humay bacı! Səhv eləmişik.
Humay
Məni biabır elədin. Bağışla, Xəlil!
Xəlil
Bu boyda da səhv olar? (Rövşənə) Tanımırsan məni?
Rövşən
Birinci dəfədir görürəm.
Xəlil
Qubada alma məsələsi yadından çıxıb? Mən olmasaydım, gurup-guruppaz gedirdin ki...
Humay
Uşağı dolaşdırma, ay Xəlil! O, alma satan deyil. Bacımın əridir.
Xəlil
Bacının əridir? Deməli, Rövşən budur? Salaməleyküm!
Rövşən
Bağışlayın, mənim qanım bir az qaradır.
Xəlil
Bir “əleyküm” deməyə nə var ki?
Rövşən
Əleyküməssalam.
Xəlil
Hə, indi get, o qanını qaraldan adamı tap, ver mənim ixtiyarıma, özün də qıraqdan dur bax, gör Xəlil kişi boks vurmaqda dünya rekordu qazanır, ya yox?
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-eliqulu-evlenir-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Beşinci şəkilKolxoz klubunun həyəti. Hər tərəf ağaclıq, otluqdur. Salmanov və Mirzə Hüseyn tribuna düzəltmək üçün stol, skamya gətirirlər, dallarınca Kərəmov çıxır.*
Dördüncü pərdəYeddinci şəkilSəhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır. Surxay və bir neçə kolxozçu səhnəyə çıxırlar. Mehralı, Şirəli və sairə kolxozçular onları qarşılayırlar.*
Beşinci pərdəSəkkizinci şəkilXalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.*
Xoşbəxtlər4 pərdə, 5 şəkildə*İştirak edənlər