Page 2 of 3 · 33%

Mirzə Salman

Azdır?

Camal

Mirzə, cibimə ki, bir qəpik qoymamışam, vəssalam. Ev istəmirsən? Buyur, ikisini tikib vermişəm. Biri yaşayış evi, biri də xəstəxana.

Mirzə Salman

Amma hər birisinə yarım milyondan artıq izafi xərcimiz çıxıb.

Camal

Bah, yarım milyon... Bu boyda tikinti işində yarım milyon nədir? Götür bu kağızları, Mirzə. Ayın axırına yüz faiz planı, bax, bu ovcunda hazır gör. Bəs, Yusif nə oldu? Ay Mirzə, bütün bu akt-makt hamısı Yusifin kələkləridir. (Telefonu götürür) Kommutator, kommutator, birinci obyekti ver. (Yusif və Mindilli içəri girirlər) Dayan, dayan, vermə, özü gəldi. (Dəstəyi asır) Yusif, vəziyyət nə haldadır?

Yusif

Vəziyyət çox halsızdır.

Camal

Sən nə danışırsan? Necə yəni halsızdır? Ətraflı danış, teleqram vurmusan ki? (Əlini cibinə atır, papiros olmadığını görüb əsəbiləşir) Mindilli, adam göndər oradan mənə bir “Kazbek” alsın.

Mindilli

Bu saat təşkil edərəm. (Çıxır)

Yusif

Vəziyyət çox pisdir, Camal. Tikinti işlərində geri qalırıq. Texnikaya heç kəs fikir vermir. Neçə vaxtdır ki, mən kran deyib dad çəkirəm, onu gətirən yoxdur.

Mirzə Salman

Pulunu da çoxdan vermişəm.

Camal

Ay Mirzə, qoy bir sözümüzü danışaq. Hər söhbətin axırını pula bağlama.

Mirzə Salman

Sən baş mühəndissən, özün də bu saat rəisi əvəz eləyirsən, pulların hara sərf olunduğunu bilməlisən. Budur, kranın ölüsünü stansiyada uzadıblar. Bir aydır basdıran yoxdur.

Yusif

Necə ölüsünü? Xarabdır?

Mirzə Salman

Tutaq ki, lap sazdır nə xeyri?

Yusif

Onu bu saat gətirmək lazımdır.

Mirzə Salman

Əlbəttə.

Camal

Saxla... Bu saat onun vaxtı deyil. Qoyun işimizi görək.

Yusif

Bəs onun vaxtı haçandır? Nə vaxt deyiriksə, redd eləyirsən.

Camal

Yusif, rəsmiyyətə keçmə... Bu saat get, camaatı tök planı doldursunlar. Mədəniyyətlə arxayın vaxtda məşğul olarıq.

Mindilli papiros gətirir.

Mindilli

Leninqrad “Kazbek”idir. Sizin üçün xüsusi saxlatdırmışam.

Yusif

Camal, axı sən bir bu təchizat şöbəsindən soruş ki, niyə bir aydır o kranı stansiyadan gətirib çıxarmır?

Mindilli

Mən yazıq əlimə pul ala bilirəm ki, onları daşıyıb gətirim? Mirzə Salman pul verir ki?

Mirzə Salman

Nə?.. Pul?.. Verməyəcəyəm.

Mindilli

Verəcəksən, mən neyləyim ki, dağ boyda sçot tökmüşəm qabağıma, hələ baxmamısan.

Mirzə Salman

Baxmayacağam da... Hələ bundan qabaqkı hesabına rəis qol çəkməyib.

Mindilli

Tikinti işlərinin belə qızğın vaxtında yoldaş Camala zəhmət vermək olmaz. Şifahi əmri var, qurtardı.

Mirzə Salman

Kimin əmri olursa-olsun, verməyəcəyəm.

Camal

Mirzə Salman, necə yəni kimin əmri olursa-olsun, verməyəcəyəm? Şəxsiyyətə keçmə... İndi, işimizin bu cür vaxtında, belə söhbətlərin yeri deyil.

Yusif

Yeridir. İndi danışmayıb, bəs nə vaxt danışacağıq. Niyə ikinci obyektdə neçə vaxtdır kranı qaldırıb qura bilmirlər? Qasımın işi bütün günü əli cibində gəzməkdir.

Mirzə Salman

O qədər pulu ki, o alır, əlbəttə, gərək həmişə əli cibində olsun.

Camal

Mirzə, mən səni bir salamat adam bilirdim, səndə də bir az varmış ha. Biz proraba artıq pul vermişik?

Mirzə Salman

Vermişik, əlbəttə, vermişik... Dülgər sexində maşın qurmaq üçün xüsusi müqavilə ilə pul alıb. Hanı, müqaviləni yerinə yetirib?

Camal

Yox, əşi, dülgər sexini mexanikləşdirmək üçün biz ona xüsusi pul vermişik? Heç yadımda deyil. Başım o qədər qarışıb ki, dünən yediyim bu gün yadımdan çıxır. Yaxşı, mən onu məcbur edərəm, tezliklə müqaviləni yerinə yetirər. Ancaq indi qanıqaralıq eləməyin. Bu saat gərək hamı əllərini işə salsın.

Mindilli

Danışıqdan işə keçmək lazımdır.

Camal

Ay sağ ol, Mindilli! Sənin kimi beş işçim olsa, gündə bir ev tikərəm.

Yusif

Sən bircə dəqiqəliyə bu hay-küyü burax, bir de görək, əgər evi vaxtında qurtarmaq istəyirsənsə, nə üçün bu təzə maşınları işə salmırsan?

Camal

Hə, orada saxla, düş atdan. Bu saat səni başa salım, nə üçün kranı qurmağa qoymuram? Tutaq ki, kranı qurdun... Daşı da gərək maşınla doğrayasan, ya yox?

Yusif

Daha yaxşı, iki ildir ki, daşyonan maşın yağış altında xarab olur.

Camal

Üstünü örtdürmüşəm. Yaxşı, daşyonan maşın oldu, bəs betonqarışdırana nə deyirsən?

Mindilli

Deyəsən, onun bir neçə hissəsini mərkəzdən yanlış göndəriblər. Pul olsaydı, mən gedib götürüb gələrdim.

Mirzə Salman

Əstəğfürullah, yenə pul... o maşın varımızdır, hissələri də yerində...

Camal

Bəs malavuran maşın hanı? Onsuz ki, olmaz. Mexanikləşdirmək fikirlə olmalıdır, kompleksli olmalıdır. Biri çatmadı, öldü.

Mirzə Salman

O da var. Pulunu da bizdən məhkəmə vasitəsilə aldılar, yadınızdan çıxıb?

Camal

Hə... Bəs mənə niyə deməmisən, Mirzə?

Mirzə Salman

Nə vaxt deyim? Onca dəqiqə buxalterlə oturub dübədü söhbət eləyirsiz? Sizə qolu harada çəkdirirəm, evin beşinci mərtəbəsində, anbarda, su köşkünün qabağında, nə bilim, restoranda...

Yusif

Gördün ki... hamısı var, ancaq qurmaq istəmirsən. Çünki bir mühəndis kimi o alətlərin quruluşunu da bilmirsən, xeyrini də...

Camal

Yusif, sən burada yekə tənqid iclası açdın ki. Bu saat texnikanın mənfəəti haqqında leksiya oxumağın yeri deyil. Qaç öz obyektinə, bu gün sənə üç növbə işçi verəcəyəm.

Yusif

Heç yerə qaçan deyiləm. Bəsdir. Mən bu qayda ilə işləmək istəmirəm. (Qapını çırpıb gedir)

Camal

Qapının səsini eşitdin, Mirzə? Eybi yoxdur. Çəkərəm onu yuxarıya, yumşalıb, muma dönər. (Saata baxır) Baho, ağzım qızışdı, vaxta az qalıb.

Mirzə Salman

İki naryad var... Bu saat gətirim.

Camal

Mirzə Salman, mən ölüm yaxamdan əl çək... Mindilli, qaç dəlləyin dalınca...

Mindilli çıxır.

Mirzə Salman

Siz hazırlaşınca mən onları gətirərəm. (Tələsik kağız axtararkən stolun üstündəki qovluqlar yerə tökülür) Bu qayda ilə işləmək düzgün deyil. Tələm-tələsik... Tələm-tələsik... (Çıxır)

Mindilli (əlində dəllək çamadanı qaçaraq gəlir)

Fəlakət!..

Camal

Nə olub?

Mindilli

Dəllək gedib.

Camal

Bu olmadı. Fikrin nədir, vağzala bu cür gedim? Şiddətli töhmət almaq istəyirsən?

Mindilli

Heç əsəbiləşməyin... Dam-dəstgahını burada qoyub gedib. Budur, bax, keçək o otağa, bir dəqiqədə üzünüzü qırxım.

Camal

Bacarırsan?

Mindilli

O qədər qırxmışam ki.

Camal

Bah atonnan... Əşi, sənin əlindən gəlməyən iş var?

Yan otağa keçirlər. Aslan və Gülsüm gəlirlər.

Aslan

Budur ha... Belə böyük obyektlərdə işləməyə varam.

Gülsüm

Amma yaman ləng işləyirlər. Bu evi neçə ildir qurtara bilmirlər.

Aslan

Bizim briqada işə girişər, onda elə nümunə göstərərik ki, o biriləri də dalımızca gələr. Neyləyim! Neçə vaxtdır gəlib-gedirəm, buranın rəisinin sözündən bir mətləb başa düşmürəm. Gah deyir gəlin, gah deyir lazım deyilsiniz. İndi yenə yoxdur. Gedib axtaraq... Siz birinci obyektə gedin, mən də ikinciyə...

Çıxırlar. Aslan gedəndə bir çeşməkli kişi ilə rastlaşır.

Çeşməkli kişi

Mən bu tikintinin rəisini axtarıram.

Aslan

Elə mən də onu axtarıram.

Çeşməkli kişi

Mənim ona üç sualım var.

Aslan

Mənimsə bir sualım var: ya hə, ya yox.

Aslan çıxır. Qasım içəri girir.

Çeşməkli kişi

Mən bu tikintinin rəisini axtarıram.

Qasım

Tapa bilməyəcəksən. Bu gün o, ayrı aləmdədir.

Çeşməkli kişi

Ona üç sualım var. Birincisi: bu ev neçə vaxta qurtarar?.. İkincisi: gecikmənin səbəbi nədir?.. Üçüncüsü...

Qasım (onun sözünü kəsir)

Yoldaş, bu sualları mənə verməyin mənası yoxdur. O cür məsələləri rəis bilər.

Çeşməkli kişi

Mən də dedim ki, rəisi axtarıram.

Qasım

Mən də dedim ki, başı qarışıqdır.

Çeşməkli kişi

Ona üç sual verəcəyəm.

Qasım

İşə düşmədik! Əşi, rəis o tərəfdədir, tap, nə qədər istəyirsən, sual ver.

Çeşməkli kişi

Gedərəm də, taparam da...

Çeşməkli kişi çıxır. Zərifə içəri girir.

Zərifə

Mənim sənətim bu tikintidə adam axtarmaq olub. Adamlar göz açıb-yumunca ilim-ilim itirlər. (Qasıma) Otur burada, Camal yoldaş səni soruşur.

Qasım

Siz nə cür ətir işlədirsiniz ki, bu cür gözəl rayihəniz var?

Zərifə

Bilirsən nə var? Mənim sənin adından da zəhləm gedir, özündən də.

Zərifə gedir. Mindilli əlində ülgüc səsə çıxır.

Mindilli

Bu nə səsdir, nə olub?

Qasım

Bıy, ülgüclə cib kəsirsən, qulaq kəsirsən, nədir?

Mindilli

Yox, hələlik üz qırxıram.

Qasım

Yoldaş Camalı qırxırsan?

Mindilli

Sən bilirsən ki, mən həmişə yuxarılardan başlayıram.

Qasım

Qiyamət adamsan, min cürə üsulla ürəklərinə girməyi bacarırsan.

Mindilli

Neyləyim, deyir, kəndxudanı gör, kəndi çap.

Çeşməkli kişi qayıdır.

Çeşməkli kişi

Bu tikintinin adı var, özü yox rəisi haradadır?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 min
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 min
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 min
Nadir şah

Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!

19635 min

Poems by other poets