Birinci pərdə
Page 3 of 3 · 67%
Mindilli
Bir də bu cür sual versən, əmi, məndən görmə, özündən gör.
Çeşməkli kişi
Mənim ona üç sualım var. Birincisi: bu ev nə üçün gecikir?.. İkincisi...
Qasım (onun sözünü kəsir)
Siz kimsiniz, yoldaş?
Çeşməkli kişi
Mən bu evin gələcək əhalisindənəm. Təqaüdçüyəm. Üçüncü mərtəbədə üçotaqlı mənzilə köçməliyəm, üç ildir ki, gözləyirəm.
Mindilli
Aydındır. Kütlədən gələn səs. Sabah səhər saat 9-da bütün şikayətlərinizi yazılı şəkildə verərsiniz katibəyə. O da çatdırar mənə.
Çeşməkli kişi
Rəis sizsiniz?
Mindilli
Hələlik, yox. Amma ərizə gərək mənə çata. Çünki mən rəislə geniş xalq kütləsinin arasında qapıyam.
Çeşməkli kişi
Sənin kimi qapısı olduğu üçün rəis evi bu qədər gecikdirir də. Eybi yoxdur, mən suallarımı vermək üçün ayrı bir idarə taparam. (Çıxanda içəri girən Zərifə ilə toqquşur) Üzr istəyirəm. (Gedir)
Telefon zəng çalır.
Zərifə
Telefon quzu kimi mələyir, bir baxan yoxdur. (Dəstəyi götürür) Bu saat. Yoldaş Camal haradadır?
Camal (üzü yarısabunlu səhnəyə çıxır)
Sən harada qaldın, Mindilli? (Zərifəni və Qasımı görüb geri qayıdır)
Zərifə
Yoldaş Camal, telefona.
Camal üzünü dəsmalla tutub çıxır, telefonu götürür.
Zərifə (Mindilliyə)
Nə olub?
Mindilli
Dişi ağrıyır.
Zərifə
Bıy!.. Nişanlısı gələn vaxt dişağrısı nədir? Məndə dərman var. Gedim gətirim.
Mindilli
Lazım deyil.
Zərifə
Heç dəxli var? Dişi ağrıyan sənsən, ya o? (Gedir)
Camal (dəstəyi asır, Qasıma)
Mən sizə arxalanıram, siz də belə eləyirsiniz.
Qasım (təəccüblə)
Nə olub ki?
Camal
Dülgər sexi üçün pul almısan. Niyə bəs işi yerinə yetirmirsən?
Qasım
Yoldaş Camal, axı orada hissələr çatmır.
Camal
Qasım, məni onun-bunun dilinə salma. İki günə qurtar.
Qasım
Heç mümkün deyil.
Camal
Mən ölüm, deyirəm.
Qasım
Pis yerdə tutdunuz. Bu sözdən sonra özüm dönüb maşın olaram. (Çıxır)
Camal
Di gəl, bu zəhrimarı qurtar.
Mirzə Salman gəlir. Camal yenə üzünü yaylıqla tutur.
Mirzə Salman
Bunlara qol çəkin.
Mindilli
Ay Mirzə, hər söhbətin yeri var.
Mirzə Salman
Kifayətdir, Mindilli, ürəyim zəifdir. Bir az kənar dur. Məni azara sən saldın.
Camal
Gətir qol çəkim. Bu kağızlar da, məni azara saldı. (Tələsik, oxumadan qol çəkir)
Mirzə Salman
Heç baxmırsınız da, nə kağızdır.
Camal
Vaxt var?
Mirzə Salman kağızları götürüb çıxır.
Camal (Mindilliyə)
Di tez ol, gedək, qurtar.
Mindilli
Axırıncı hücum.
Gedirlər. Aslan bir tərəfdən, Gülsüm o biri tərəfdən səhnəyə gəlirlər.
Aslan
Yenə yoxdur, mən onu heç yerdə tapa bilmədim.
Gülsüm
Bilirsiniz, nə var, usta? Siz günü günə satırsınız, biz də avara qalırıq.
Aslan
Yox, bura çox gözəl sahədir, heyf ki, gəlib-gedirəm, müəyyən bir cavab ala bilmirəm.
Gülsüm
Bir bürokrat bizi avara qoymayacaq ki? Bu saat bütün şəhər tikilir. Gedək trestə, qoy bizi başqa bir kontorun sərəncamına göndərsinlər.
Aslan
Yox, bura çox gözəl sahədir, heyfim gəlir. Deyirəm, birinci işimiz gözə çarpsın.
Gülsüm
Yaxşı iş hər yerdə gözə çarpır.
Aslan
Yaxşı, gedək həm burdakı vəziyyəti danışaq, həm də başqa yerdə işləməyə kağız alaq.
Çıxırlar. Camal və Mindilli gəlirlər.
Mindilli
Hə, indi gedə bilərik.
Camal (getmək istədikdə birdən dayanır)
Baho, ayaqqabıları dəyişmədim.
Mindilli
Bu dəqiqə. (Qutuda çəkmə gətirir) Skoroxod leninqradski. Xüsusi sifariş üzrə ispalkomun katibi üçün gətirmişdilər, qızıl quş kimi şığıyıb götürdüm.
Camal (saatına baxır)
Gecikirik ha... (Ayaqqabıları geyir) Olmur ki, baho, sıxır. Evin yıxılsın, Mindilli, gözümdən qığılcım çıxdı.
Mindilli
Mən haradan biləydim ki, ispalkomun katibinin ayağı bu cür xırdadır. İstəyirsiniz...
Camal
Cəhənnəmə ki, gedək.
Mindilli
Dayanın, dayanın... Bəs bu? (Bir dəstə gül gətirir) Səhərdən vannada suya qoymuşam.
Camal
İndi daha mənə yaraşmaz. Tikinti rəisi... gül?!.
Mindilli
Nə danışırsınız, yoldaş Camal, mədəniyyətdir. Bir yeriyin.
Camal
Ayağımı ata bilirəm ki?
Mindilli
Elə bilin, bax, bu qapı vaqonun qapısıdır, nişanlınız bu saat çıxacaq. Gülü ikiəlli tutub, uzadın qabağa.
Camal axsaya-axsaya qapıya sarı gedəndə Zərifə əlində dərman gəlir.
Zərifə
Diş dərmanı gətirmişəm.
Mindilli
Zərifə, yol ver... Buyurun, yoldaş Camal.
Camal və Mindilli çıxırlar.
Zərifə (onların arxasınca baxır)
Bax, sevgi bu cür olar, dişi də yadından çıxdı, başı da.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-nisanli-qiz-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Cənnət xuliqanıProloq*– Sevil gəlmədi.
Nadir şahƏrəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!
Poems by other poets
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli