Page 3 of 5 · 40%

Üçüncü şəkil

Axşam. Ay işığı. Yenə həmin yer. Radioda gözəl mahnı oxunur. Qəmər verandanı səliqəyə saldıqca mahnının sözlərini təkrar edir. Ceyran xala həyətdə göyərti yuyur.

Qəmər

Ceyran xala, içərini bəzədim, oldu gəlin otağı.

Ceyran xala

Əlin-qolun var olsun.

Qəmər

Qonaqlar hansı otaqda oturacaqlar?

Ceyran xala

O biri otaqda, ora daha genişdir.

Qəmər

Otaqlarınızın hamısı genişdir, işıqlıdır. Bənövşənin atası gözəl ev tikən imiş.

Ceyran xala

Eh, qızım, hələ bu nədir, sən onun yaratdığı məktəbləri, klubları görməmisən. Vaxtımız olsa, hamısını sənə göstərərəm.

Qəmər

Vaxtımız çox olacaq. Mən burada həmişəlik doktor işləyəcəyəm.

Ceyran xala

Lap əcəb eləyəcəksən. Yanımızda təzə bina tikilir. Oradakı mənzillərdən birinə köçərsən. O evlərin hamısı üçotaqlı, dördotaqlıdır.

Qəmər

O qədərini neyləyirəm? Qızımla mənə iki otaq bəsdir.

Ceyran xala

Qızını da hər gün işə gedəndə gətirərsən mənim yanıma. Axşamlar ya sən, ya atası dalınca gələrsiniz. Şərtləşdik.

Qəmər

Atası? Yazıq qız atasının üzünü gördü ki?

Ceyran xala

Başın sağ olsun, qızım, nə olar, ölüm hamıya var. (Qəmər gülür) Niyə gülürsən?

Qəmər

Ölsəydi, ondan yaxşı idi. Mən ərdən yarımadım.

Ceyran xala (sözünü dəyişmək istəyir)

Qəm eləmə, qızım, qəm eləmə.

Qəmər

Bənövşənin nişanlısından razısınızmı, Ceyran xala?

Ceyran xala

Nə deyim? Əvvəllər mənim də, atasının da xoşuna gəlirdi. Axır vaxtlar bir az dəyişib. Yəqin yoldaşları yaxşı deyil. Dost-aşna adamı düzəldər də, korlayar da.

Qəmər

Bənövşə ağıllı qızdır, onu bir qaydaya salar.

Ceyran xala

Qızım, mənim əqidəmcə arvad-kişi gərək bir-biri üçün işıq olsun, bir-birinə dayaq olsun. Usta Qurbanın tikdiyi hər təzə ev məni sevindirirdi, mən öz ürəyimlə ona kömək eləyirdim, ondan çox həyəcan keçirirdim. Bu məhəbbətin, bu həyəcanın ona böyük xeyri olurdu, çünki görürdü ki, mənim ürəyim onun ürəyi ilə bir döyünür. Əgər kişi bu cür məhəbbətə layiq deyilsə, nahaq yerə özünü şam eləyib yandırma.

Qəmər

Camal özünü yaxşı aparmır?

Ceyran xala

Yox, Camal ləyaqətli oğlandır. Mən söz məsəli deyirəm. Həmişə onların barəsində fikir eləyirəm. Neyləyim, dünyada dövlətim, varım təkcə bir qızım var. Bir oğlum da var idi, əcəl əlimdən aldı... (Ağlamsınır)

Qəmər

Bənövşə sizinçün həm qızdır, həm də oğul, Ceyran xala. (Çölə baxır) Nə gözəl gecədir, Ay təzə gəlinlərə oxşayır. Ceyran xala, deyəsən gəlirlər, odur... Bənövşə, Camal... Yanlarında kim isə var, hə, o mühəndisdir.

Ceyran xala (çölə baxır)

Özüdür, yanlarındakı Yusifdir. Çox ağıllı uşaqdır. (Birdən həyəcana düşür) Ay Qəmər, birdən çatışmaram ha, sən onları qarşıla, sonra Bənövşəni də götür, gəl mənə kömək elə.

Ceyran xala gedir. Bir azdan Bənövşə, Camal, Yusif içəri girirlər. Camal son dərəcə kefsizdir. Bənövşə həyəcanlı görünür.

Bənövşə

Qəmər can, səni tək qoyub getdim, darıxmadın ki?

Qəmər

Heç, Ceyran xala ilə bir yerdə darıxmaq olar? Nişanlın niyə kefsizdir? Çəkmələrini dəyişmədi?

Bənövşə

Yox, ayağı tamam yadından çıxıb. Ürəyi sıxılır. Doğrudan, Qəmər, sən doktorsan, tənqidin bir dərmanı yoxdur verəsən Camal içsin?

Camal

Mənə yox, tənqid eləyənlərə dərman vermək lazımdır. Elə dərman olsun ki, mən də durub tribuna qabağında nərildəyəndə özlərindən çıxmasınlar.

Yusif

Tənqidə qarşı təhqir eşitmək, əlbəttə, bir az ağırdır.

Camal

Niyə? Sən deyəndə tənqid olur, mən deyəndə təhqir?

Yusif

Mən deyəni hamı təsdiq elədi, sən deyənə hamı etiraz elədi. Çünki əsl iş yoxdur.

Camal

Deməli, iş görmürük, oyun oynayırıq?

Yusif

Bəli, qabaqlarda bizdə də iş vardı, ona görə də çığır-bağır yox idi. İndi isə çığır-bağır var, ona görə ki, iş yoxdur.

Camal

Deməli, heç bir iş yoxdur?

Yusif

Yoxdur.

Camal

Bir dəli şeytan deyir... (Hirslə ona yaxınlaşır. Deməyə söz tapmayıb dayanır. Birdən əyilib ayağını tutur) Vay-vay, evin yıxılsın, Mindilli!

Yusif

Həqiqətən də sənin evini yıxan mindillilərdir...

Camal

Bizim Mindilli... Çox vicdanlı... (Ayaqqabıları çıxarıb atır) Of, elə bil dünyaya təzədən gəldim.

Bənövşə

Dur, evdə dəyiş. (Qəmərə) Bunlarla mən idarədə neyləyəcəyəm, bilmirəm.

Camal

Gedək, Yusiflə söhbətimiz qalsın sonraya.

Çıxırlar, səhnədə Qəmərlə Yusif qalır.

Yusif (onun arxasınca)

Eybi yoxdur. Sonrakı söhbətimiz daha ciddi olacaq.

Qəmər (ona yaxınlaşır)

Nə yaman davakar olmusunuz, Yusif?

Yusif

Neyləyim, Qəmər can, mübarizəsiz olmur.

Qəmər

Heç olmasa, nişanlısının yanında onu pert eləməyin, bu günlər toyları olacaq.

Yusif

Toyları nə qədər tez olsa, o qədər yaxşıdır. Sonradan Bənövşənin başı tikinti işlərinə qarışacaq. Ona çox məsul iş tapşırılıb.

Qəmər

Bənövşəyə? Nə iş?

Yusif

Bənövşə bizim rəisimiz təyin olundu.

Qəmər

Belə deyin... Nə vaxt təyin olundu?

Yusif

Yığıncaqdan sonra bizi saxladılar. Raykom katibi ilə trest müdiri Bənövşə ilə söhbət apardılar. Mən çox şadam. Bənövşə bacarıqlı, ağıllı qızdır. Moskvada, çoxmərtəbəli evlərin tikintisində təcrübə görüb. Əgər yaxşı diqqət eləsə, qəsdən gözünü yummasa, mənim dediklərimin hamısını o da görəcək. Yox, əgər, özünü bir nişanlı qız, ya təzəgəlin kimi aparsa, onda yenidən dava çəkməli olacağıq. Bilirəm, yenə deyəcəksiniz ki, davakaram. Neyləyim, işləmək istəyirəm. Əsl mənada iş görmək istəyirəm.

Qəmər

Siz elə o vaxt da tikməyə, qurmağa həvəsli olduğunuzdan mənə danışardınız. Yadınızdadırmı, söz vermişdiniz ki, mühəndis olan kimi gözəl bir xəstəxana tikəcəksiniz?

Yusif

Yadımdadır. Siz də söz vermişdiniz ki, o xəstəxanada həkim işləyəcəksiniz və əvvəlcə məni müalicə edəcəksiniz. Mən vədimə əməl elədim.

Qəmər

Necə?

Yusif

Sizin indi işləyəcəyiniz xəstəxananı mən tikmişəm.

Qəmər

Onda gərək mən də sözümü yerinə yetirəm, birinci sizi müalicə eləyəm.

Yusif

Elə isə mən müalicəyə hazırlaşım? (Gülüşürlər) İşə nə vaxtdan başlayacaqsınız?

Qəmər

Əmrimi alan kimi qızımı gedib gətirəcəyəm, sonra...

Yusif

Qızınız neçə yaşındadır?

Qəmər

Dörd. Elə şeytan, elə şirindil qızdır ki... Yəqin hər gün yolumu gözləyir. Mən ona həm ata olmuşam, həm də ana.

Yusif

Mən onun atasının kim olduğunu bilmirəm. Ancaq onu bilirəm ki, sizin kimi qadını atıb gedən adam çox dəyərsiz, ləyaqətsiz adamdır.

Qəmər

Ondan danışmağa dəyməz... Gəlin içəri. Ceyran xala ilə bir yerdə elə xörəklər hazırlamışıq ki...

Yusif

Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq.

Bənövşə gəlir, onlar özlərini itirirlər.

Qəmər

Bənövşə, mühəndis yoldaş getmək istəyir.

Bənövşə

Hara? Yusif, nə üçün gedirsiniz?

Yusif

Axşam növbəsində işim var, qala bilməyəcəyəm. Bir də indicə Qəmər xanıma da danışırdım...

Bənövşə

Anam sizi də çağırıb, gəlməsəniz inciyər, onda işinizi qurtarandan sonra, xahiş eləyirəm, gəlin.

Qəmər

Mən də xahiş eləyirəm.

Yusif

Siz deyəndən sonra etiraz eləmək olmaz! (Getmək istəyir, birdən dayanır, cibindən kağız çıxarır) Bu, təftiş aktının surətidir. Camal baxmamışdan qol çəkdi. Siz oxuyun, maraqlıdır. Sağ olun... Sağ olun, Qəmər xanım... (Gedir)

Qəmər

Bilirsən nə üçün getdi? Camalla üzləşmək istəmir.

Bənövşə

Camal məsələsi ciddidir.

Qəmər

Deyirlər, məsul vəzifəyə təyin olunmusan, Bənövşə xanım! Təbrik eləmək olar?

Bənövşə

Həftədə bir dəfə qəbul günüm olacaq, gəlib növbəyə yazılarsan, sonra.

Qəmər

Bəlkə məni tanışlıqla qabağa salasan?

Bənövşə

Üz vurma... Bacarmaram.

Gülüşürlər.

Qəmər

Gözümün qabağına gətirirəm, yazıq Camalın başına nə oyun açacaqsan. Deyəsən, aranızda müharibə başlayır?

Bənövşə

Yox, müharibə qabaqdan başlanıb. Mən ən qızğın vaxtına gəlib düşmüşəm. (Yavaşdan) Özü də, deyəsən, o biri cəbhə haqlıdır. Mən öz nişanlımla əməlli-başlı qılınc davasına çıxmalı olacağam.

Qəmər

Dava niyə? Qaydasında başa sal. Arvad kişiyə yaxın yoldaş olmalıdır.

Bənövşə

Mən hələ nişanlı qızam.

Qəmər

Daha yaxşı. Nişanlı qızın hökmü daha çox olur.

Bənövşə

Hökmü də çox olur, minnəti də... Üzük... Nişan... Əlbəttə, bunlar hamısı şərtidir, xoşbəxt olmaq üçün əsas deyil. Sevginin get-gedə dərinləşməsi və möhkəmlənməsi üçün bu bir parça metalın heç bir rolu yoxdur.

Qəmər

Sən ağ eləmə. Məncə, onda elə dərin sevgi var ki... O cür də olmalıdır, səni sevməmək mümkün deyil.

Bənövşə

O da ləyaqətli oğlandır. Mən instituta təzə girəndə axırıncı kursda idi. Bütün məktəb başına and içirdi. Ağıllı, bilikli, dərin düşüncəli... Birinci illər mənə o qədər kömək eləyirdi... Bilirsən, nə gözəl günlər keçirirdik? Bir-birimizə söz vermişdik ki, ikimiz də ali məktəb qurtarmayınca evlənməyəcəyik. O vaxtdan görməmişdim, yalnız məktublaşırdıq... İndi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets