İkinci pərdə
Page 4 of 5 · 60%
Qəmər
İndi nə? Gəlib gördün də...
Bənövşə
İndi... Heç elə bil o zamankı Camal deyil... O zaman bizim fikirlərimiz bir-birinin ardı idi, biz bir düşünür, bir hiss eləyirdik. İndi... Bu gün... Heç bir sözümüz düz gəlmədi. Etiraz eləyəndə inciyir... Guya, nə olur-olsun, mən onu müdafiə etməliyəm... Çünki nişanlısıyam. Nişanlı qız... Cəfər Cabbarlı necə deyir? Barmağında üzük gəzdirən qız, ya dərisində damğa gəzdirən öküz?.. (Gülür)
Qəmər
Danışdın da... Od gəlini deyilsən ki? İşi dava-dalaşa çıxartma, yavaş-yavaş başa sal.
Bənövşə
Başa salmaqdan keçib, vəziyyət ağırdır. Bakıda mənə bu kontorun rəisliyini təklif etdikdə birdən-birə razı olmadım, dedim, əvvəlcə vəziyyəti, şəraiti öyrənim, sonra... Ancaq bu gün, elə bu iclasda başa düşdüm ki, mən mütləq işə girişməliyəm. Bu cür vəziyyətə son qoymaq, tikintidə özünə yuva tikmiş qurdlarla mübarizə aparmaq, bir mühəndis kimi mənim vəzifəm olmalıdır. (Ceyran xalanın səsi gəlir: Bənövşə, Qəmər) Anam çağırır, gedək.
Gedirlər. Qasım əlində hədiyyə, Mindilli ilə rastlaşır.
Mindilli
Qasım, yoldaş prorab!
Qasım
Mane olma, hədiyyə aparıram.
Mindilli
Nədir? Qoy bir baxım.
Qasım
Əlini vurma, bütün səliqəsi pozular. Görmürsən, kağızın üstündə nə yazmışam “Möhtərəm Camal yoldaşa, dəryacan kamal yoldaşa”.
Mindilli
Eh, qoydular ki, Camalda kamal qalsın.
Qasım
Nə oldu ki?
Mindilli
Xurd-xəşil oldu.
Qasım (hədiyyəni bir yana qoyur)
Danış, tez ol, uzatma, limon kimi sıxıb cövhərini çıxart.
Mindilli
Elə limon kimi sıxıb cövhərini çıxartdılar.
Qasım
Öldürdülər?
Mindilli
Tamam yox. Yarımcan oldu... O da ona görə ki, başı mənim dizimin üstündə idi.
Qasım
Onda baş olsaydı, sənin dizinin üstünə qoymazdı. Sonra nə oldu?
Mindilli
Çox şirin dilin var, hələ bir təzə sual da verirsən?
Qasım (hirsli halda)
Qəhrəman! Məni tanıyırsan ki... Belə vaxtlarda zarafat sevən deyiləm. (İki nəfər qonaq gəlib evə keçir. Qasım tez sifətini dəyişir) Əşi, nə danışırsan? Məzəlilik eləmə!
Mindilli
Hamıdan məzəlisi Qoskontrolun aktıdır.
Qasım
Necə yazılıb?
Mindilli
Lap roman kimi. Oxu, ləzzət al. Zalım oğlu pambıq ilə baş kəsib. Deyir, düşmən evimi yıxdı, üzümə gülə-gülə.
Qasım
Nə pis vaxtda oldu. Camalın da damağı aşağı... Yaxşı ki, hədiyyə gətirmişəm.
Mindilli
Camal daha hədiyyəyə layiq deyil. Nahaq xərc çəkmə. Çıxardıb qoydular bir tərəfə.
Qasım
Çıxartdılar?
Mindilli
Çığırma içəridədir.
Qasım
Yerinə kimdir?
Mindilli
Nişanlısı.
Qasım
Bah... bu nədir, bir-birindən qəribə xəbərlər... Kağızı dəyişim?
Mindilli
Nə kağızı?
Qasım
Hədiyyənin üstündəki kağızı təcili dəyişmək lazımdır. Camalın əvəzinə Bənövşə. Getdim, kağızı dəyişib təzədən yazdırım. Sən isə aktı tap.
İçəridən Camalın səsi gəlir.
Mindilli
Camal gəlir.
Qasım
Mən getdim, sən Camaldan aktı al, diqqətlə oxuyaq, görək başımıza nə çarə qılınq.
Qasım gedir. Camal səhnəyə gəlir.
Camal
Mindilli niyə gəlmirsən?
Mindilli
Utanıram, yoldaş Camal, bir də ki, mane olmaq istəmirəm.
Camal
Əlbəttə, gərək utanasan da... Ayaqqabı ayağımı sıxmasaydı, iclasda məni o kökə salmazdılar. Ağrıdan səsimi çıxarda bilmirdim.
Mindilli
Eybi yoxdur, siz də yığıb-yığıb birdən partladınız. Axırda onlara yaman gəldiniz.
Camal
Hələ harasıdır! Gör nələr eləyəcəyəm. Yusif elə bilirdi ki, məni rəisliyidən çıxardıb onu qoyacaqlar. Gözlədiyi gözündə qaldı. Məni çıxartdılar, nişanlımı qoydular. Nə təfavütü var? O reis, mən baş mühəndis. Sən sabahdan gəlib, Yusifin başındakı dəyirmana baxarsan. Amma ürəyimdən deyil. Mindilli, istəyirəm qızı vurum qoltuğuma, birbaş Bakıya... Orada məni o saat bir məsul işə təyin eləyəcəklər, onda gör Yusifdən, doğrayıb bir Yusif də çıxardıram, ya yox?..
Mindilli
Bakıya gedəndə məni yaddan çıxartmayın, yoldaş Camal. Sizsiz bu demaqoqların içində mənim ruhum lap çürüyər.
Camal
Qoymaram çürüsün. Amma bir də ayaqqabının nömrəsini dəyişik salma.
Mindilli
Yoldaş Camal! Hər qəhrəmanın həyatında bir səhv olar. Mənim də səhvim bu ayaqqabıdır. Ancaq orası var ki, aldığım ayaqqabı nə qədər dar olsa, ürəyim o qədər genişdir. Ayaqqabıya nə var? Geyildikcə açılacaq.
Camal
Zarafat eləyirəm. Sən mənim sağ əlimsən. Əlimin birini burada qoysam, orada tək əl ilə işləyə bilmərəm ki. Ancaq gərək əvvəl toy eləyim. Böyük məsul işçi olandan sonra yaxşı deyil. Heç görmüsən ki, məsul işçi toy eləsin?
Mindilli
Çox görmüşəm. Qəzetlərdə, xüsusən “Kirpi”də məsul işçilərə o qədər toy eləyirlər ki.
Camal
Sən dediyin tənqid toyudur. O cür düzgün, açıq tənqidi mən çox sevirəm. Necə, Mindilli, yoxsa sən tənqidi sevmirsən?
Mindilli
Nifrət eləyirəm. Tənqid yuxuma girəndə qışqırıb, hövlnak ayılıram. Heyf deyil tərif!
Camal (gülür)
Elədir, elədir. Səninlə danışdım, bir az duruldum.
Mindilli
Akta qol çəkdiniz, yoldaş Camal?
Camal
Çəkdim. Nə var, orda bir şey yoxdur ki? Yoxsa qorxursan?
Mindilli
Bıy, yoldaş Camal! Bakı ilə bizim rayonun arasında asfalt yol var ha... Bax, mənim işlərim elə o cürdür.
Camal
Bəs sənin haqqında o nədir iclaslarda danışırlar? Ailə pozğunluğu... deyəsən, arvad cəhətdən bir az yuxan nazikdir?
Mindilli
Qətiyyən yox. Mən arvadlara pərəstiş edənlərdən deyiləm. Yalnız kənardan-kənara, uzaqdan...
Camal
Bəs niyə evlənmirsən?
Mindilli
Utandırmayın məni, yoldaş Camal!
Camal
Düzünü de...
Mindilli
Ayıb olmasın, axtarıram, seçirəm.
Camal
Nə olar, nə qədər ki, subaysan, axtar, seç! Kişi özü üçün həyat yoldaşı axtarır, o saat bir qulp taxırlar. Mədəniyyətləri yoxdur.
Mindilli
O akta bir də baxmaq istəyirdim, yoldaş Camal. Bu gecə səhərə kimi oturub plan tutacağam. Görək, işimizi yenidən necə quraq. Akt əsasında.
Camal (ciblərini axtarır)
Heç bilmirəm hara qoydum. Kim isə məndən aldı. Gedim görüm, qız neyləyir. Yaxşı nişanlım var, Mindilli, amma mənə söz atır, cin vurur başıma.
Mindilli
Nazlıdır da.
Camal
Saxla... Sənə nə var nazlıdır?
Mindilli
Yoldaş Camal! Özünüz bilirsiniz ki, mənim ürəyim nə qədər təmizdir.
Camal
Onunla birisi iki kəlmə danışanda dəli oluram. (Yan otaqda Bənövşə pianino çalıb-oxumağa başlayır, Camal diqqətlə qulaq asır) Odur bax, gör nə kəklik kimi oxuyur. Doğrudan da nazlıdır.
Camal otağa girir. Qasım yenə əlində hədiyyə gəlir.
Mindilli
Dəyişdin?
Qasım
Sən yenə buradasan? Növbətçisən, nədir?
Mindilli
Qonaqları qəbul eləyirəm.
Qasım
Hədiyyəni çevirdim təzə rəisin adına. Yaxşı ki, vaxtında başa düşüb Camala verməmişəm, xərcim batacaqdı. Gör bir xoşuna gəlir? “Bənövşə xanıma, Gülöyşə xanıma, prorab nökərdir, həmişə xanıma”. Necədir?
Mindilli
Bax, bununla aktdakı maddələri heçə çıxartdın.
Qasım
Hə, akt nə oldu?
Mindilli
Tapılmadı.
Qasım
Heç olmasa, mənə aid maddələri dilcavabı de.
Mindilli
Sənə aid? Heç nə, ümumi məsələlər... guya texnikadan başın çıxmır, ona görə də istehsalata milyonlarla ziyan verirsən. Guya artıq pullar alırsan, dövlət əmlakını dağıdırsan. Belə, heç nə...
Qasım
Axmaq. Bu dediklərin heç nədir? İki maddə dedin, hərəsinin beş il işi var.
Mindilli
Nədən qorxursan? Bundan sonra sənin əlli il ömrün olmayacaq ki?
Qasım
Deməli, ələ salırsan? Yəqin özün sudan quru çıxmısan. Yadından çıxartma, qəhrəman... (Qolundan yapışır)
Mindilli
Qolumu burax, bura bulvar deyil.
Bir az bir-birilərinə həkələnirlər, sonra canavar kimi ağız-ağıza dayanırlar.
Qasım (bir az sükutdan sonra)
Yaxşı, dalını danış.
Mindilli
Onda qoy bugünkü iclasdan danışım, bir az ürəyin açılsın. Daşyonan düşdü, malakeş çıxdı, malakeş düşdü, rəngsaz çıxdı, de ki, deyəsən. Ağızlarındakı da Camal-Qasım, Qasım-Camal. Məndən də danışdılar. Familiyamı əllərində bəhanə eləyiblər. Ha çığırdım ki, ay balam, Mindilli kimdir, mən Mindilovam, qulaq asan olmadı.
Qasım (darıxmış)
Əşi, iclas məni maraqlandırmır. İclasda danışılan sözlər taxılın üstünə yığılan sərçə kimidir. Hüşt eləyən kimi dağılıb gedir. Ortada sənəd olmasın, sübut olmasın...
Mindilli
İş də orasındadır ki, sənəd də var, sübut da. Mirzə Salman mənim sçotlarımı verib müfəttişə, o da götürüb bir-bir akt yazıb. Başa düşdün? Dəhşətdir, dəhşət...
Qasım
Yəni sçotların içində bir dənə də düz gələni yoxdur?
Mindilli
Dördünü sən vermisən, buradan hesabını götür.
Qasım
Mən verdiklərim oradadır? Doğrudan, dəhşətdir. Geri qaytar.
Mindilli
Neyləyim?
Qasım
Geri qaytar. Sçotları geri al. Pul düzəldərik.
Mindilli
Axıra yaxın lap duzlu danışdın. Pul düzəldərsən?
Qasım
Mirzə Salmanı yola gətir, sçotları geri al. Dalısı asandır. Mən gedirəm hədiyyəni təqdim eləməyə. Deyəsən, bura gələn var.
Mindilli
Özüdür.
Qasım
Kim?
Mindilli
Gələcək qayınatam.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-nisanli-qiz-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Dördüncü şəkilCeyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.*
Dördüncü pərdəBeşinci şəkilTikinti idarəsi. Birinci pərdənin dekorasiyası. Böyük səliqə hiss olunur.*
Beşinci pərdəAltıncı şəkilYeni tikilmiş evin qabağındakı meydan. Bu evin birinci mərtəbəsindən şkaflar daşınır. Uzaqdan alqış, musiqi səsi gəlir. Evin qurtarması münasibətilə tikinti işçiləri arasında çağırılmış mitinq artıq qurtarmışdır. Camaat yavaş-yavaş dağılır, Mirzə Salman səhnəyə gəlir, şkafların daşınmasına baxır. Bənövşə ilə Yusif gəlirlər.*
Toy5 pərdə, 8 şəkildə*İştirak edənlər
Poems by other poets
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur