İkinci pərdə
Page 5 of 5 · 80%
Qasım
Cəncəl adamdır. Mən gedim.
Qasım evə gedir. Mindilli bir kənara çəkilir. Mirzə Salman və Zərifə içəri girirlər.
Mirzə Salman
Pah atonnan! Ürəyim elə bil osetin ləzginkası vurur. (Ətrafa baxır) Pəh-pəh... Varam Ceyran xanımın səliqəsinə, görürsən? Gözünə su ver!
Zərifə
Bu işlər hamısı bekarçılıqdandır. Mən istəyirəm ki, evdə bir nizamsızlıq, səliqəsizlik olsun. O daha şairanədir.
Mirzə Salman
Əlbəttə, ev-eşiklə məşğul olsan, ora-bura kim qaçar, təzə xəbərləri kim eşidər? Özgələrin qızları ali məktəb qurtarırlar, adam olurlar. Amma sən hansı məktəbə getdinsə, kor qız kimi qayıtdın üstümə.
Zərifə
Ata, burada, özgənin evində məni niyə danlayırsan?
Mirzə Salman
Evdə səni tapıram ki!
Zərifə
Sus! Ceyran xala gəlir. (Bərkdən) Doğrudan, Ceyran xalanın gözəl səliqəsi var.
Ceyran xala eyvana çıxır.
Ceyran xala
Ay xoş gəlmisiniz... Bayaqdan xörək hazırdır, süfrə açmağa qoymuram ki, Mirzə Salman gəlsin.
Mirzə Salman (təntənə ilə baş əyir)
Xeyir işiniz mübarək!
Ceyran xala
Hələ xeyir iş deyil. Qızın məktəb qurtarmağının qonaqlığını verirəm. Gedək evə. Zərifə, gəl səni təzə qonağımızla tanış eləyim, doktordur, bizim şəhərə işləməyə gəlib.
Zərifə
Doktordur? Ata, gedək, mən təzə doktorla tanış olmaq istəyirəm.
Mirzə Salman
Siz gedin, mən beş dəqiqə bu havada oturum. Ürəyim qaynar samovar kimi pıq-pıq pıqqıldayır.
Ceyran xala
Gedək qızım, atan da gələr.
Onlar gedirlər. Mindilli yavaş-yavaş Mirzə Salmana yaxınlaşır.
Mindilli
Mirzə, salam!
Mirzə Salman (dik atılır)
Bu kimdir? Eh... Sənsən?.. Mindilli, qoy bir axşam dinc oturaq. Yorğunam, iclasdan çıxmışam.
Mindilli
Mən bir söz demirəm ki, Mirzə! İclasda mən də olmuşam, bu evdə mən də qonağam. Qonaq qonağa bir əleykəssalam deməz?
Mirzə Salman
Axşam-axşam nə salam, nə kalam?
Mindilli
Heç dəxli var? Salam məvacibdir ki, ayda iki dəfə verəsən, qurtarsın?
Mirzə Salman
Mindilli qoy oturmuşuq, paroxod körpüyə yan alan kimi, nə mənə yan almısan?
Mindilli
Bir xahişim var, kiçik adamın kiçik xahişi.
Mirzə Salman
Pul yoxdur.
Mindilli
Pul istəmirəm.
Mirzə Salman
Nə istəsən, axırı gəlib pula dirənəcək, yoxdur.
Mindilli
Mən elə şey istəyirəm ki, var.
Mirzə Salman
Yoxdur.
Mindilli
Qoy bir fikrimin çadrasını açım.
Mirzə Salman
Yoxdur. Vay, ürəyim yenə başladı.
Zərifə qaçaraq içəri girir.
Zərifə
Ata, təzə doktorumuzla tanış oldum, gedək səni ona göstərəcəyəm.
Mirzə Salman
Gedək, qızım, qurtar məni bu əzvayın əlindən.
Zərifə
Əzvay kimdir? Hə, Mindilov! (Yavaşdan) Bütün günü ilim-ilim hara itmisən?
Mindilli
Qulunam.
Ceyran xala gəlir.
Ceyran xala
Mirzə, içəri buyurun. Gəl görək, ay doktor, qonaqları qəbul elə.
Hamı evə girir, bir azdan Mindilli həyəcan içərisində səhnəyə qaçır.
Mindilli
Qəmər buradadır! Yaxşı ki, məni görmədi. Papağımı da satsam, dörd ilin alimentini verib qurtara bilməyəcəyəm. Yaman yerdə axşamladıq.
Zərifə çıxır.
Zərifə
Mindilov, içəri niyə gəlmirsən?
Mindilli
Hava alıram.
Zərifə
İçəridə də hava var. Gəl orada al.
Mindilli
Oranın havası çox xarabdır, Zərifə, sən bilmirsən.
Zərifə
Küçəyə olan bütün pəncərələri açmışam. Gəl atama bir az mehribanlıq göstər, bu gecə məsələmizi ona açmalıyıq.
Mindilli
Münasib deyil, birdən korlayarıq.
Zərifə
Yoxsa istəmirsən? Gözümə bir cürə dəyirsən? (Qəmər verandaya çıxır, Mindilli cəld kolların arasında gizlənir) Gəl, doktorla tanış ol, bəs bu nə oldu?
Qəmər
Kim nə oldu?
Zərifə
Bıy, hara getdi?
Ceyran xala gəlir.
Ceyran xala
Qızlar, gedək qonaqların yanına, hamı yığılıb... (Zərifə və Qəmər gedirlər. Ceyran xala şüşələri götürdükdə birdən qorxub geri çəkilir) Bu kimdir?
Mindilli
Özümüzünküyəm. Özgə yoxdur, Ceyran xala!
Ceyran xala
Evin tikilsin, orada neyləyirdin? Qorxdum, a!..
Mindilli
Heç... Saatımın əqrəbi düşüb, onu axtarırdım.
Ceyran xala
Gəl mənə əl yetir, sonra taparsan. Götür pivələri.
Mindilli (onun arxasınca gedə-gedə)
Vallah, bu gecənin bir xatası çıxacaq.
Otağa girirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-nisanli-qiz-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Dördüncü şəkilCeyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.*
Dördüncü pərdəBeşinci şəkilTikinti idarəsi. Birinci pərdənin dekorasiyası. Böyük səliqə hiss olunur.*
Beşinci pərdəAltıncı şəkilYeni tikilmiş evin qabağındakı meydan. Bu evin birinci mərtəbəsindən şkaflar daşınır. Uzaqdan alqış, musiqi səsi gəlir. Evin qurtarması münasibətilə tikinti işçiləri arasında çağırılmış mitinq artıq qurtarmışdır. Camaat yavaş-yavaş dağılır, Mirzə Salman səhnəyə gəlir, şkafların daşınmasına baxır. Bənövşə ilə Yusif gəlirlər.*
Toy5 pərdə, 8 şəkildə*İştirak edənlər
Poems by other poets
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur