Page 2 of 3 · 33%

Mirzə Sədrəddin. Qibleyi-aləm, gecə-gündüz üstürlabı göylərə çevirib sizin vücudunuza heç bir bəla toxunmadığını ulduzlardan öyrənirəm. Ancaq, ulduzlar bu dəfə...

Şah Abbas. Tez söylə, nə var? Yoxsa ulduzlar xərifləyib?

Mirzə Sədrəddin. Bəli, qurban, xərifləyib, xərifləyib...

Şah Abbas. Nə göstərir?

Mirzə Sədrəddin. Ağzım, dilim qurusun, ulduzlar göstərir ki, yaxın zamanda padşahın vücuduna böyük bir bəla toxunacaq. Bu qapının qulu olduğum üçün əhvalatı sizə xəbər verməyi özümə borc bildim.

Şah Abbas (həyəcanla). Xob, bu bəlanın dəfi üçün, şübhəsiz, çarəsini də düşünmüsən, elə deyilmi?

Mirzə Sədrəddin. Çox düşündüm, padşahım, ancaq heç bir çarə tapmadım.

Şah Abbas (acıqlı). Heç bir çarə tapmadın? (Taxtından düşüb acığından bığlarını çeynəyə-çeynəyə gəzinir. Sonra Mirzə Sədrəddinə acıqlı)

Tapmadım, tapmadım... Aciz, miskin!.. Dəf ol burdan! (Mirzə Sədrəddin suyu süzülə-süzülə gedir. Şah Abbas bağırır) Xacə! Xacə!..

Xacə (daxil olub baş əyir). Bəli, qurban!

Şah Abbas. Fərraş göndər, Sərdar Zaman xanı, Mirzə Yəhyanı, Möhsün xanı, tarixnəvis İskəndər bəyi, Mollabaşını hüzuruma çağırsın.

Xacə. Baş üstə, qurbanın olum.

Baş əyə-əyə çıxır, Şah Abbas taxta oturmaq üçün gedərkən.

Şah Abbas. Abbas, qara günlərin çatdı. (Taxta oturub başı köksündə düşünür, həyəcanlı və əsəbi hallar keçirir. Birdən-birə əlini taxta çırparaq) Uf, ölüm qorxusu qəlbimi dəlir. Ey şanlı, şövkətli taxtı-tacım, sizdən mən necə ayrılım? Bu, mənim üçün ölümdən daha müdhişdir!.. Hələ Səlma, o gözəl Səlma... Məndən sonra kimlərə yar olacaq?.. Ah, bu qara fikirlər mənim bütün vücudumu sarsıdır. Yox, yox!..

Səlma daxil olur, Şah Abbası pərişan görüb ona yanaşır.

Səlma. Padşahım, sizə nə oldu?

Şah Abbas (acıqlı). Çəkil, get!..

Səlma bir-iki addım geri çəkilib, şübhəli baxışlarla şahı süzdükdən sonra
həzin və yalvarıcı bir tövr və səslə.

Səlma. Padşahım, sizinlə danışan Səlmadır! Bir az əvvəl bağçamın şah çiçəyi, tacımın şah gövhəri, bütün dünya gözəllərinin gözəli deyə oxşadığınız. İndi nə oldu? Mənmi dəyişdim, sizmi?

Şah Abbas (qəzəbli, əli qılıncının qəbzəsində). Nə istəyirsən, sənə, dəf ol, deyirəm!.. (Əli qılıncının qəbzəsində ayağa qalxaraq) Cəllad!.. Cəllad! Mənim ki yaşamağa artıq ümidim yoxdur. Məndən sonra görəsən kimlərə qismət olacaqsan!

Səlma qorxu və həyəcan içində geri çəkilərək.

Səlma. Padşahım, mərhəmət, mərhəmət!

Şah Abbas. Qadına mərhəmət olmaz! Bu gün ölsəm, sabah ərə gedərsən.

Qəhrəman cəllad geyimində gəlib şaha təzim edir.

Qəhrəman. Əmriniz, padşahım!

Şah Abbas. Götür, bu qadını susdur.

Səlma başını əlləri içində tutur, vəhşi kimi birdən sıçrayaraq.

Səlma. Ah, ağlım kimi ömrüm də nə az və qısa imiş... Atam həmişə deyərdi: “Saray öz içindəkiləri yandıran alovlu bir yanğındır”. (Taxtın ayağına qədər gəlir, diz çökərək) Möhtərəm padşah, mərhəmət!

Dilsiz, hərəkətsiz taxtın ayaqlarını qucaqlayıb durur.
Qəhrəman çaşqın-çaşqın Səlmaya baxır.

Şah Abbas. Durma, apar bu qadının başını bədənindən ayır ki, arxayın olum.

Qəhrəman (diz çökərək). Ey böyük və mərhəmətli padşah, onlarla qatili, asi və azğınları bir an içində qoyun kimi boğazlayıb başlarını taxtınızın ayağında top kimi oynatmışam. Bu qapının kiçik qulu olsam da, sizin böyüklüyünüzə sığınıb yalvarıram, xanım Səlmanın qanından keçin. Qəzəbinizin atəşi sönməmişsə, əmr edin mənim başımı vursunlar.

Taxtın ayağında diz çökür. Xacə Mübarək daxil olur. Cəlladı görüncə
qorxa-qorxa geri çəkilərək.

Xacə. Bu sarayın qəzəbindən sən saxla, Allah... (Şah Abbasa) Pad...i...şah...və...zir...lər ha...zır.

Şah Abbasın siması dərhal işıqlanır, Xacəyə.

Şah Abbas. Söylə gəlsinlər. (Xacə gedir) Bu dərdə vəzirlər bir çarə tapar. Hələ yaşamağa ümidim var. (Cəllada və Səlmaya) Xob, dəf olun buradan.

Səlma bihal qalxır, halsız addımlarla çəkilir. Cəllad təzim edib səhnədən çıxarkən
vəzirlər daxil olur. Cəlladı görüncə hamı qorxa-qorxa irəli gəlib taxtın dibində diz
çöküb, başları yerə dəyincə əyilir.

Vəzirlər. Padşahım, mərhəmət!

Şah Abbas (acıqlı). Qalxın. (Hamı ayağa qalxır, əsə-əsə padşaha baxır) Sizi bu gün mühüm bir iş üçün çağırmışam. (Əli ilə yer göstərir. Hamı oturur. Şah bir az sükutdan sonra) Cavan münəccim Mirzə Sədrəddinin verdiyi qara xəbərə görə, ulduzların seyri belə göstərir ki, İran padşahının vücuduna böyük bir bəla toxunacaqdır.

Mollabaşı. Sübhanallah!..

Mirzə Möhsün. Nə qorxunc xəbər!

Sərdar Zamanxan. Bu heç ola bilməz!

İskəndərbəy. Oldu, oldu, göylərə qoşun çəkib vuruşmayacaqsan ki?

Şah Abbas (acıqlı). Sizi bura toplamaqdan məqsəd buna bir çarə və tədbir tapmaqdır. Bu qorxunc bəladan nə tədbir ilə qurtarmaq olar?

Hamı heyrət içində bir-birinin üzünə baxır.

Şah Abbas (acıqlı). Cavab verin, tədbir göstərin! (İskəndər bəy qələm-davatı çıxarıb yerə qoyur. Bir parça kağızı dizi üstünə qoyub müntəzir durur) Tarixnəvis, sən söylə!

İskəndərbəy (özünü itirərək). Mən?.. Padşahım! Nə söyləyim? Mənim gücüm ancaq qələmimə çatar. Ulduzların törətdiyi bəlayə qarşı neyləyə bilərəm?

Şah Abbas qaşlarını çataraq, acıqlı.

Şah Abbas. Miskin, yaramaz! (Mirzə Möhsünə) Mirzə Möhsün, bari, sən bir çarə göstər!

Mirzə Möhsün (təzim edərək). Padşahım, mənim İran dövlətinə olan xidmətim hər kəsə məlumdur. Qibleyi-aləmin xatirindədir ki, atanız əlahəzrət Məhəmməd şahın səltənəti zamanında bir para cahil vəzirlərin təcrübəsizliyindən xəzinə boşalmışdı. Mən iş başına keçincə dərhal çarəsini tapdım. Hər vilayətin hakimliyi satıldığı zaman hakimlərdən xəzinəyə bəxşişlər aldım. Xəzinəni doldurmaq üçün bir çox başqa tədbirlər gördüm. O tədbirlər sayəsində bu gün xəzinəmiz ağzına qədər dolmuşdur. Böylə tədbirlər göstərməkdə böyük məharətim var! Ancaq ulduzlara qarşı tədbir göstərməkdən acizəm.

Şah Abbas (acıqlı). Bu, tədbir deyil, kişi! (Sərdar Zaman xana) Vəziri-cəng, sən nə deyirsən?

Sərdar Zamanxan. Qibleyi-aləm sağ olsun. Bu qulunuz saqqalını sizin qapınızda ağartmışdır. On il bundan əvvəl dəmirçi oğlu Bəkir paşa yetmiş min ordu ilə İrana hücum edərkən İran ordusunun sərkərdəliyi mənə tapşırılmışdı. Qoşunumuzun tələf olmasına razı olmayıb əmr verdim hər yerdə əkinləri yandırsınlar, mal-qaranı qovub uzaq dağlara aparsınlar. Hər yerdə körpüləri uçurub yolları xarab etsinlər. Bundan sonra Bəkir paşa İrana girdisə də, ancaq beş yüz altı ilə Təbrizə qədər gələ bildi və üç gündən artıq qala bilməyib qaçmağa məcbur oldu. İndiyə qədər o yollar, küçələr xarabazardır. Böyük qapının bu qoca itinin belə tədbirlər göstərməkdə böyük məharəti var. Ancaq göydən enən bəlalərə çarə tapmaq mənim əlimdən gəlmir.

Şah Abbas (acıqlı). Gəlməz, gəlməz!.. İskəndər bəy, yazdığın tarix səhifələrinə bunu da qeyd et. Yaz ki, çörək verib saxladığı, böyük rütbələr verib ağlına, kamalına güvəndiyi vəzirlər Şah Abbasın belə çətin və ağır günündə kiçik bir tədbir göstərməkdən aciz qaldılar.

İskəndərbəy. Bəli, bəli, qurban... Hamısını qeyd edirəm. Mənim nəzərimdən bir tük də qaça bilməz. Padşahımın əsrinə dair böyük şahnamələr yaza bilərəm.

Şah Abbas. Tədbir göstərilməzsə, o şahnamələrdə elə qanlı səhifələr açacağam ki, fironlara, neronlara rəhmət oxunsun. (Mirzə Yəhyaya) Xob, Mirzə Yəhya, sənin tədbirin nədir?

Mirzə Yəhya. Padşahım, bilirsiniz ki, mən iş başına keçdiyim zaman maliyyə işləri bərbad bir halda idi. Bu xüsusda tədbirlər gördüm. Vilayət hakimlərinə məktub yazıb əmr verdim ki, ucuzluq olduğuna görə bütün məmurların məvacibi özlərinə verilməyib xəzinəyə göndərilsin. Onsuz da hakimlər məmurların maaşını vermirdilər.

Şah Abbas (onun sözünü kəsərək). Tədbir göstər, kişi, mənə dastan oxuma! (Onların yanından keçərək üzlərinə acıqlı-acıqlı baxdıqdan sonra Mollabaşıya birdən-birə) Bəlkə sən bir tədbir göstərəsən?

Mollabaşı (dik atılır). Pərvərdigari-aləm padşahın vücudunu bütün bəlalərdən uzaq etsin. Bu bəndənin Səfəviyyə xanədanına olan sədaqəti hər kəsə məlumdur. Bu saat mənim qəlbim tavada balıq kimi çırpınır...

Şah Abbas. Sənin qəlbin balıq kimi çırpınır, mənə nə, mənim qəlbimdən danış!

Mollabaşı. Şah, mənim əqlimə belə gəlir ki, məlun Mirzə Sədrəddin bu bəlanın çarəsini gözəl bilir, nədənsə söyləməyib, gizləyir. Bunun çarəsini, padşahım, siz ondan tələb edin! Tədbir göstərməzsə, demək, burada bir sirr var. Əmr edin ona cəza versinlər.

Hamı məmnun halda dönüb ona baxır.

Mirzə Yəhya. Bu, gözəl fikirdir.

İskəndərbəy. Doğru tədbirdir.

Sərdar Zamanxan. Münəccim Mirzə Sədrəddin buna bir tədbir göstərər.

Mirzə Möhsün. Dərdi göstərən dərmanını da verməlidir!

Şah Abbas. Xacə, xacə! (Xacə daxil olur) O məlun Mirzə Sədrəddini çağır gəlsin. (Xacə gedir) And olsun babalarımın müqəddəs ərvahına, bu məlun da bir tədbir göstərməsə, bu sarayı sallaqxanaya döndərəcəyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets