Birinci pərdə
Page 3 of 3 · 67%
Sərdar Zamanxan. İnşaallah Mirzə Sədrəddin bir çarə göstərər və padşahımız bu qorxunc bəladan qurtarar.
İskəndərbəy. Əlbəttə, əlbəttə! Onun nəzərindən heç bir şey qaça bilməz. Ancaq mənim fikrimcə, o, padşahı nədənsə qorxutmaq istəmiş...
Sərdar Zamanxan. Yox, canım, Mirzə Sədrəddin o qələti eləyə bilməz.
Mirzə Möhsün. Elədi, elədi də!..
Mirzə Yəhya. İnşaallah, etməz!..
Mollabaşı. Yox, etməz, etməz!
Xacə. Şahım, Mirzə Sədrəddin hüzura müntəzirdir.
Şah Abbas. Gəlsin!
Mirzə Sədrəddin (baş əyərək). Əmriniz, qurban?
Şah Abbas. Yaxın gəl, pədərsüxtə, ulduzların təsirini göstərib çarəsini gizlədirsən? Cəllad! (Cəllad daxil olur) Götür, bu itin başını vur!
Cəllad ona tərəf gedərkən Mirzə Sədrəddin taxtın qarşısında diz çökərək.
Mirzə Sədrəddin. Mərhəmət, şahım, mərhəmət...
Şah Abbas. Kəs pədərsüxtə! Çarə göstərməsən, bu saat başın bədənindən ayrılacaq.
Mirzə Sədrəddin. Padşahım, iki gün möhlət verin, bəlkə Uluq bəyin kitabında buna bir çarə tapdım.
Xacə (gəlir). Qibleyi-aləm, qoca münəccimbaşı Cəmaləddin hüzurunuza gəlmək istəyir.
Şah Abbas (məmnun). Qoca münəccimbaşı? Gəlsin! (Əli ilə cəllada işarə edir. Mirzə Sədrəddinə) Qalx!
Cəmaləddin daxil olur. Hamı ayağa qalxır.
Buyur, Mirzə, buyur!..
Cəmaləddin. Padşahım, qocaldığıma baxmayaraq ürəyim bir an bu qapıdan ayrılmayır. Sizin taxt-tacınıza və mübarək vücudunuza bir ziyan toxunmasın deyə, gecə-gündüz gözlərimi ulduzlardan ayırmayıram.
Şah Abbas. Xob, ulduzlar nə göstərir?
Cəmaləddin. Yaxşı göstərmir, padşah, ulduzların seyrindən görünür ki, İran padşahının vücuduna bəla toxunacaqdır.
Şah Abbas. Dələduzlar!.. Bu gün sizə nə olub? Yoxsa, başımı yemək istəyirsiniz?.. Xob, buna bir tədbir düşünmüsənmi?
Cəmaləddin. Düşünmüşəm, padşahım! Əvvəlcə sözümü dinləyin!
Şah Abbas. Ha... belə, bax! De görüm, nə deyirsən?
Cəmaləddin. Ulduzların seyrindən belə görünür ki, bu yaxın zamanda İran padşahının vücuduna bəla toxunacaq.
Şah Abbas (əsəbi). Allah əkbər!.. Kişi, onu eşitdim, bunun çarəsi nədir?
Cəmaləddin. Çarəsi ulduzları aldatmaqdır...
Şah Abbas. Ulduzları aldatmaq? Bu heç mümkün olan işdirmi?
Cəmaləddin. Mümkündür, padşah, ancaq bir az səbir və fədakarlıq lazımdır!..
Şah Abbas. Sözü uzatma, de görüm, ulduzları necə aldatmaq olar?
Cəmaləddin. Qibleyi-aləm! Bu bəla ancaq İran taxtında oturan padşaha məxsusdur. Ulduzları aldatmaq üçün siz bir müddət tac və taxtdan əl çəkib onu günahkar bir adama buraxmalısınız – o zaman ulduzlardan yetişən bəla haman günahkar adama toxunacaq. Bu tədbir ilə ulduzları aldatmaq mümkündür.
Şah Abbas. Yaxşı, sonra?
Cəmaləddin. O adam göydən gələn bəla ilə həlak olduqdan sonra siz yenə yenidən öz mübarək tac və taxtınıza sahib olarsınız.
Şah Abbas. Ağıl mədənidir, ağıl!
Mirzə Yəhya. Əhsən!
Mirzə Möhsün. Afərin!
Mollabaşı. Mərhəba!
Sərdar Zamanxan. Çox gözəl tədbirdir!
Cəmaləddin. Ancaq bu işi xalqdan gizlin saxlamaq lazımdır ki, təsirdən düşməsin.
Şah Abbas. Bax, tədbir belə olar! Boyunuzu yerə soxum, dələduzlar! Bax, tədbir belə olar! Mən öz həyatımı təhlükədən qurtarmaq, yenidən öz tac-taxtıma sahib olmaq üçün hər fədakarlığa razıyam! Daha durmayın!.. Bunu həyata keçirmək üçün o günahkar adamı göstərin! (Diqqətlə bir-bir vəzirlərin üzünə baxdıqdan sonra birdən-birə İskəndər bəyə) Bu taxta kimi keçirək? Sən layiqsən!..
İskəndərbəy (həyəcanla). Padşah, qurban olum, məni başına çevir, mən hara, tac-taxt hara?
Şah Abbas. Xob... Mirzə Yəhya, səni şah tikirəm.
Mirzə Yəhya. Yox, qurban, yox, padşahlıq mənim əlimdən gəlməz.
Şah Abbas. Dələduz! Bilirəm, hamınızın ürəyindən şahlıq keçirdi. İndi ölüm ayağı var deyə, bax, necə qaçırlar! (Birdən-birə Mirzə Möhsünə) Mirzə Möhsün, sən nə deyirsən?
Mirzə Möhsün. Mən?.. Mən?.. Padşah?..
Cəmaləddin. Qibleyi-aləm sağ olsun, haman günahkar adamı da mən sizə göstərə bilərəm.
Hamı şad və məmnun.
Şah Abbas. Tez göstər, o kimdir?
Cəmaləddin. Padşahım, Qəzvin şəhərində Yusif Sərrac adlı bir şəxs var. Özü kimi azğınları başına toplayıb xalqı azdırır. Deyir ki, şahların taxtını başına çevirmək lazımdır.
Mollabaşı. Bəli, bəli! Deyir ki, kəndxudadan tutmuş padşaha qədər bütün hökumət məmurları quldurdur!
Şah Abbas. Məlun!
İskəndərbəy. Kafir!
Mirzə Yəhya. Dələduz!
Sərdar Zamanxan. Xain!
Mirzə Möhsün. Alçaq! Padşaha və onun vəzirlərinə bu göz ilə baxan şəxsə ölüm layiqdir!
Şah Abbas. Xob, müvəqqəti olaraq taxt-tacı bu kafirə təslim etməyə razıyam. Qoy Allahın bəlasına düçar olsun. Bu işi uzatmaq olmaz!.. (Bağırır) Xacə! Xacə!
Xacə (gəlir). Əmriniz, qurban!
Şah Abbas. Fərraş göndər, car çəkdirsin, şəhərdə olan mollaları, xanları, məmurları və tacirləri hüzuruma çağırsın. (Xacə gedir. Cəmaləddinə) Bu mənə böyük zülmdür.
Mollabaşı. Bu zülmə biz razı olmarıq, padşahım!
İskəndərbəy. Əlbəttə, olmarıq!
Mirzə Yəhya. Yox, olmarıq!
Mirzə Möhsün. Olmarıq!
Cəmaləddin. Qoymarıq başından bir tük də əskik olsun.
Mirzə Yəhya. Yox, qoymarıq!
İskəndərbəy. Qoymarıq!
Sərdar Zamanxan. Qoymarıq!
Mirzə Möhsün. Qoymarıq!..
Sərdar Zamanxan. Biz hələ ölməmişik, qibleyi-aləm!
İskəndərbəy. Bu xüsusda böyük bir dastan yazacağam, qibleyi-aləm!
Şah Abbas. Cəmaləddinə ən qiymətli bir xələt verilsin. (Mirzə Möhsünə) Mirzə Möhsün! Həmədan vilayətinin üç illik vergisini Cəmaləddinə bağışladım. (İskəndər bəyə) İskəndər bəy! Tarixin ən parlaq səhifələrində bunu da qeyd et!..
Xacə bir xələt gətirib Cəmaləddinin çiyninə atır.
Hamı. Mübarək, mübarək, mübarək!..
Sərdar Zamanxan (ətrafa). Yaxşı demişlər: biri ölməsə, biri dirilməz. Bu zalım oğlunun həmişə bəxti gətirir.
Cəmaləddin. Padşahım, Allah-taala sizi İran məmləkətinə çox görməsin!..
Hamı. Amin, amin!
Şah Abbas. Xob, mürəxxəssiniz, qərarımızı həyata keçirmək üçün lazım olan işləri görün.
Vəzirlər gedirkən.
Mirzə Möhsün. Atan rəhmətlik, Cəmaləddin, bizi yaxşı qurtardın!
Mirzə Yəhya. Baban cənnətlik, Mirzə, bizi...
Hamı gedir. Şah Abbas tək.
Şah Abbas. Bu qorxunc təhlükədən yaxşı qurtuldum. (Taxta, saraya baxaraq) Əlvida, ey şanım, şövkətim, izzətim, hörmətim! Əlvida, ey sərvətim, dövlətim! Əlvida, ey taxtım, tacım! Müvəqqəti olsa da, sizdən ayrılmaq mənim üçün nə qədər çətin və ağırdır!
Səhnədən çıxır. Səlma, bir an sonra Qəhrəman gəlir. Bir qədər
sükutdan sonra.
Səlma
Yenə keçmiş gözümdə canlandı,
Yenə həsrət könül alovlandı.
Yadıma düşdü, ah, o dağ, o aran,
O moruqlu dərə, o çöl, orman!
Ö gözəl kəndimiz, o sadə həyat!
Sanki onlar xəyal imiş, heyhat!..
Lənət olsun bu qan içən saraya,
Lənət olsun o gün, o il, o aya,
Qəlbi, vicdanı paslı, kirli kəsə
Ki, məni saldı bu qızıl qəfəsə!
Qəhrəman
Haqlısan, haqlısan, gözəl Səlma!
Yadıma, ah, o günləri salma!
Quş kimi şən həyatımız vardı,
Onu zəngin təbiət oxşardı.
Qəlbimizdi şəfəq kimi oynaq,
Sevgimiz çeşmədən daha parlaq.
Bənzəməzdi saray məhəbbətinə!
Qan ilə yüksələn bu şövkətinə.
Bilməz idik yalan, riya, hiylə,
Biz nəyik bu sarayda, ah, söylə?
Sən əsir, mən qul, vəhşi bir cəllad.
Səlma
Saf, təmiz vicdana uyarmı bu ad?
Bilirəm qəlbini, o vicdanını.
Qəhrəman
Tökmədim bir günahsızın qanını...
Səlma
Tökəcəkdin.
Qəhrəman
Səninmi? Hay, hay, hay.
Qəlbimə yol tapammamış bu saray. Mən haman bildiyin o Qəhrəmanam. Sızlayır qəlbimin içində yaram.
Məni qanlı vəzifəyə, buraya –
Bağlayan eşqin oldu... Bu saraya
Yoxsa kim bağlaya bilərdi məni?
Sevgilər susduran bu dəbdəbəni
Yerə batsın!
Səlma
Nə günlərim vardı!
Bir qara fırtına bizi sardı. Atdı zindanlı, qanlı bu saraya,
Qoydu həsrət sevimli, şən yuvaya.
Qəhrəman
Bizi bir kənd böyütdü, bir yaşadıq. Ah, o günlər xəyal imiş artıq.
Şah o gün ki dolaşdı ölkəmizi,
Ot biçirkən çadırda gördü bizi,
Sənə bağlandı o zalım ürəyi.
Coşdu qəlbində sevginin diləyi.
Səni zor-güc götürmək istərkən
Çarəsiz onlara yanaşdım mən.
Səlma
Ah, yadımdan çıxarmı o günlər? Bizi sardı acı düşüncə, kədər!
Qəhrəman
Mirzə Möhsünlə Mirzə Yəhya xan Dedilər: “Bu igid, cəsur oğlan
Yaxşı cəllad olar, alın bunu da”. Məni susdurdu saf, təmiz sövda. Səndən ayrılmadım, düşüb izinə, Birgə gəldik, görünmədim gözünə. Yaşadım bu sarayda tək, tənha.
Məni cəllad edən vəzirə, şaha,
O günə ki səmimi sevgimizi
Çeynəyib qəhr ilə ayırdı bizi.
Lənət olsun!
Bu intiqam hissi
Sarayın qanlı bu qızıl qəfəsi...
Qəlbimi inlədir mənim, Səlma!
Bu riyakar sarayda sən qalma!
Gəl qaçaq, sevgilim! Dayanma!
(Qolundan çəkir)
Səlma
Hara?
Qəhrəman
Doğma kəndə, könül açan diyara!
Səs gəlir, hər ikisi tez səhnədən çıxır. MirzəMöhsünxan, Sərdar
Zamanxan, Mollabaşı, İskəndərbəy, MirzəYəhya
daxil olur.
Mirzə Möhsün. Bu tələdən çox yaxşı qurtulduq.
Sərdar Zamanxan. Çox yaxşı... Sağ olsun Cəmaləddin.
Mirzə Yəhya. Bu tədbir kimsənin ağlına gəlməzdi.
İskəndərbəy. Əcəba, Cəmaləddin bu tədbiri göstərməsəydi, görəsən, halımız nə olardı?
Mollabaşı. O, bəlli bir şeydir, əvvəlcə Mirzə Sədrəddinin başı gedəcəkdi.
Mirzə Möhsün. Sonra?
Sərdar Zamanxan. Sonra da bizim.
İskəndərbəy. Ay mamaxoslar, hamıdan əvvəl mənim başım gedərdi ki!..
Mirzə Möhsün. İşdən bixəbər olan xalqın halını düşündükcə mənə dəli bir gülüş gəlir. Görəsən, bu xalq Şah Abbasın tac və taxtından əl çəkib onu Yusif Sərraca buraxmasına nə məna verəcək?
Mirzə Yəhya. Baxma, elə dələduzlar var ki, o saat anlayacaq.
İskəndərbəy. Eh... bu elə açılmaz bir müəmmadır ki, heç kəs anlamaz.
Mollabaşı. Yox, anlar!
İskəndərbəy. Anlamaz!
Sərdar Zamanxan. Anlar!
İskəndərbəy. Sizə anlamaz deyirəm.
Sərdar Zamanxan. Anlamaz sənsən, sus, ədəbsiz!
İskəndərbəy. Sübhanallah, kişi, mən sizə nə dedim?
Mirzə Möhsün. İskəndər bəy, acıqlanma, əslinə baxsan, bizim heç birimiz anlamırıq.
Şah Abbas gəlir. Vəzirlər Şah Abbasın qarşısında əlibağlı durur. Şah Abbas üzünü
Mollabaşıya tutur.
Şah Abbas. Molla Səməd, mən öz tərəfimdən səni vəkil edirəm: hərəmxanada olan arvadlarımın talağını verərsən. Ancaq bir Səlmanı, o gözəllər gözəlini qoruyarsan. Ona saraydan bir an uzaqlaşmağa imkan versən, başın bədənindən ayrılacaqdır, bildin?
Mollaba şı (baş əyib). İtaət, qibleyi-aləm.
Şah Abbas. Vəzirlər, yeddi ildir ki, Allah-taalanın qüdrətilə sizə padşahlıq edirəm, hər zaman mənim əmrlərimə itaət etdiyinizə görə, çox təşəkkür edirəm. Ancaq bu gün sizinlə son görüşümdür. (Şah Abbas başından tacı götürür, qolundan bazubəndləri, belindən qızıl kəməri və qılıncı açır. Şahanə libasını əynindən çıxarır. Adi qiyafədə) İndi mən də sizin kimi bir bəndəyəm. Abbas Məhəmməd oğlu... Siz çıxardığınız qərarı həyata keçirin. Mən getdim, xudahafiz!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-aldanmis-ulduzlar-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Oturmuş nəğməzarında həzin fəryad edər bir quş!Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!
Böyük xadimHəsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!
Niyə uçdu?Uçdu mələkim, qaldı mənə dərdü məlalı,Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!
ƏkinçiYaz qapını aldı, əkinçi, oyan!Dur ayağa, tarla səni gözləyir.