Page 2 of 3 · 33%

– Oğlum, bu vaxta qədər hardasan? – deyə soruşdu. Ağamürsəl etinasız və acıqlı bir səslə:

– O sənin işin deyil, get yat! – deyə cavab verdi.

Bu gün Hacı yenə evə tez qayıtmışdı. Əvvəlcədən qərara aldıqlarına görə o gün Mina xanım Əlibəyin qızı Məryəmə elçi gedəcəkdi. Hacı içəri girən kimi ümidlə parlayan gözlərini Mina xanımın gözlərinə dikərək:

– Hə, nə oldu, qız gəldin, oğlan? – deyə soruşdu, Mina xanım qürurla gülümsəyərək:

– Qorxma, oğlan gəldim, – dedi, – anası Dürsədəf xanım mənə çox hörmət etdi. Oturduq, görüşdük. Məryəmdən söz açdım. Dürsədəf xanım gülə-gülə dedi: “Səninlə quda olmağa nə sözüm ola bilər! Qızı bir neçə yerdən istəyən var. Ancaq dayıları ilə gənəşmək lazımdır. Biriki günə mən sizə cavab verərəm” – dedi.

Hacı dil-dodağını çeynəyə-çeynəyə:

– Qızı başqa yerdən də istəyənlər var? Bu heç yaxşı olmadı! – deyə düşüncəyə daldı.

– Qorxma, Dürsədəf xanımın meyli bizədir, – deyə Mina xanım Hacıya təsəlli verdi.

– Qızı görə bildinmi?

– Ötəri gördüm. Kor deyil, keçəl deyil, kişinin qızına nə eyib tapa bilərik?


Hacının evində kiçik bir hazırlıq vardı. Kiçik deyirəm, çünki Hacı, oğlu üçün peyğəmbəri toy etməyə qərar vermişdi. Yaxın qohumqardaşdan ancaq beş-on nəfər çağırılmışdı. Hacı bu gurultusuz toyla oğlu Ağamürsəllə Məryəmin ömürlük həyatını bir-birinə bağlamağa müvəffəq olmuşdu.

Məryəm xanım evə gəldiyi birinci gündən özünü Ağamürsələ sevdirməyə çalışdı. Ağamürsəl isə ancaq bir-iki həftə onun nazı ilə oynadı. O, yenə köhnə vərdişlərindən əl çəkməyib, ancaq yatmaq üçün evə qayıdırdı. Onu düşündürən nə ev, nə ailə, nə də gələcəyi idi. Ən böyük məqsədi atasının varına yiyələnmək, istədiyi kimi həyat sürmək idi. O hər zaman atasının üzünə onda ölüm əlaməti görmək üçün baxardı. Atasının uzun yaşadığını gördükcə əsəbiləşir: “Bu nə zaman öləcək? Mən öldükdən sonramı? Ondan sonra başına dəysin onun varı, dövləti” deyirdi. Hətta bu sözü bir neçə dəfə anasının yanında da söyləmişdi. Anası ona:

– Bala, heç yaxşı oğul da atasının ölümünü istərmi? O yazıq sənə neyləyir? Bir də əcəl onun öz əlində deyil ki!.. – deyə cavab vermişdi.

Bu sözlərin bir çibin vızıltısı qədər Ağamürsələ təsiri olmamışdı. Xərcləməyə cibində istədiyi qədər pulu olmayanda atasının arxasınca söylənərdi:

– Qoy istədiyi qədər yığsın. Onun qəpik-qəpik yığdığı bu sərvəti mən ovuc-ovuc, ətək-ətək dağıtmasam, kişi deyiləm.

Hacı Kərim öz var-dövlətinə həsrətlə vida etdikdən sonra Ağamürsəlin əl-qolu açılmışdı. O bütün istədiyinə qovuşmuşdu. Həftələr, aylarla ailə üzü görməzdi. Hətta oğlu Əşrəf beş aylıq olduğu halda bu vaxta qədər ata olaraq bir dəfə də onu qucağına almamışdı. Bu hallar Məryəmin qəlbində sağalmaz yaralar açır, dərdlərini kimsəyə açmadığı üçün yağsız çıraq kimi səssiz-səmirsiz sönürdü.

Bir gün anası Ağamürsəli yaxalayaraq:

– Oğlum, bizə nə üçün yazığın gəlmir? – deyə şikayətə başlamaq istərkən, Ağamürsəl onun sözünü kəsərək:

– Çəkil, çəkil, məndən nə istəyirsiniz? Sizi ac, susuz qoyuram, nədir? – demişdi.


Əşrəf hər səhər quşlar kimi erkən oyanar, kiçik beşiyinin içində qığıldamağa, məsum gülümsəmələr saçmağa başlar, kiçik tumbul əllərini, ayaqlarını oynadar, barmaqlarını ağzına soxaraq, əmə-əmə qara kirpikləri arasından günə baxardı. Bu canlı lövhəni uzaqdan seyr edən anası Məryəm artıq dayana bilməz, yerindən sıçrayaraq, özünü Əşrəfin üzərinə atardı. Əşrəf anasını görüncə iki kiçik qolunu quş qanadları kimi açaraq uçmaq, anasının sevimli qolları arasına atılmaq istərdi. Məryəm onu sevə-sevə qolları arasına alar, qızarmış yanaqlarını öpə-öpə təkrar bağrına basaraq, bir çiçək dəstəsi kimi onu qoxulardı. Sonra uşağın köynəyini dəyişdirər, üzünü yuyar, saçlarını darardı. Bu zaman uşaq daha gözəl bir şəkil alar, daha sevimli və şən görünərdi. Bundan sonra onu yenə öpə-öpə nənəsinin qolları arasına atar, nənəsi də onu atar-tutar, yorulunca oynadar, güldürər, ağladar, hər halından bir zövq alardı. Əşrəf hamının üzünə şən-şən gülər və hər kəsdə gülərüz görmək istərdi. Biri qaşlarını ona qarşı çatarsa dərhal nəşəsi pozular, üzündəki, baxışlarındakı saflıq, aydınlıq uçaraq siması dəyişər, gah anasının üzünə baxar, gah da ətrafındakıları tutqun baxışlarla süzər, həzin bir halda boynu bükülər, yeni açmış gül rəngində olan kiçik dodaqlarını büzərək, birdən-birə ağlamağa başlardı. O məsum göz yaşları, o canlı lövhə anasının o qədər xoşuna gələrdi ki, artıq dayana bilməz, özünü çiçəyəbənzər balasının üzərinə atar, yanaqlarındakı yaşlar qurumamış Əşrəf yenə də anasının qolları arasında şən-şən gülərdi. “Oğlumu sən vurdun?” – deyə anasının təhriki ilə nənəsini vurar, nənəsi də vurmaq üçün əllərini ona uzadarkən birdən-birə ürkək ceyran kimi sıçrayıb anasına sarılar, iki kiçik qolunu onun boynuna keçirərdi. Əşrəfi oradan artıq kim ala bilər? Dünyada anadan daha qüvvətli, daha güclü bir hökmdarmı var?!

Əşrəf üç yaşına qədəm basmışdı. O indi yavaş-yavaş danışır, səhərdən axşama qədər otaqların içində, şüşəbəndlərdə qaçır, bağırır, mühitində gördüklərini götürməyə, eşitdiklərini öyrənməyə başlayırdı. İndi Əşrəf əvvəlkindən daha sevimli, ailə üzvləri üçün daha qiymətli idi: o gülür, güldürür, söyləyir, əyləndirirdi. Xülasə, o, kiçik bir ailənin böyük bir əyləncəsi idi. Hələ bomboş otaqların qalın divarları arasında anasının yeganə təsəllisi idi. Anası bütün gecələrini-gündüzlərini onunla keçirir, dərdlərini, matəmlərini onunla unudurdu.

Əşrəf bu qədər şux və sevimli olmaqla bərabər gündən-günə şıltaq bir uşaq olurdu. İstədiyini edər, əlinə gələn şeyləri qırar, dağıdar, kimsəni tanımazdı. Anasının, xidmətçinin evdə, mətbəxdə hər bir işinə qarışardı. Onun əlindən kimsəyə rahatlıq yox idi. Son zamanlar ora bir “xortdan yuvası” olduğundan artıq Əşrəf mətbəx işlərinə qarışa bilmirdi. Divardan nənəsi tərəfindən xortdan adlandırılan quru bir balıq asılmışdı. Əşrəf yalnız ondan qorxar, çox ağladığı, yaramazlıq etdiyi zaman anası ona balığı göstərər, bu zaman yazıq uşaq qorxudan yarpaq kimi titrəməyə başlardı.

Yemək yeyərkən üst-başını batırdığını görüncə anası qaşığını əlindən alaraq:

– Oğlum, gəl mən yedirim, bax, üst-başını batırdın, – deyə ona yanaşarkən Əşrəf qaşlarını çataraq, dodaqlarını büzər, bir qabdakı yeməyə baxar, bir də acı-acı anasını süzər, birdən-birə qabaqdakı yeməyi ayaqları ilə itələyərək, evin içinə dağıdardı. Anası ona cəza verər, Əşrəf çaqqal balası kimi üzüquylu uzanıb səsi gəldiyi qədər bağırardı. Bir az sonra “acından uşağın qursağı daralar” fikri ilə anası ona yanaşaraq: “Oğlum, Əşrəf, qalx, qalx yeməyini ye, bax, nə qədər dadlıdır” – deyə onu susdurmağa çalışardı. Əşrəf anasının yalvarmasını görüncə daha şiddətlə bağırardı. Anası onu qucağına almaq istərkən Əşrəf ağlaya-ağlaya dartınaraq, onun əlindən çıxmaq istər, bunun mümkün olmadığını görüncə anası əli ilə onun ağzını tutaraq: “Sus! Sus! Mən daha qarışmayacağam, qalx, istədiyin kimi ye” – deyə onu qucağına alaraq sakit edər, yeməyini qarşısına qoyardı. Əşrəf istədiyi kimi üstbaşını, əllərini, üzünü, qulaqlarını ucuna qədər yağa batırar, beləcə yeməyini bitirdikdən sonra boş qabı yağlı əlləri ilə anasına tərəf ataraq: “al, yedim” deyərdi. Anası sevinə-sevinə Əşrəfin üst-başını, süfrəni təmizlərdi. Nə etsin, cüzi bir cəza etdikdə uşaq o qədər ağlayır, bağırır ki, qan-tər içində əldən düşürdü.

Əşrəfin gecələri gündüzdən daha müdhiş kəsilirdi. Şamlar yandımı, nəşəsi pozulur, əsəbiləşir, ağlamaq üçün min bir bəhanə axtarırdı. Axşamlar lampanı mütləq o, yandırmalı idi. Anası ondan xəbərsiz lampanı yandırarsa ayaqlarını şiddətlə yerə çırparaq səsi gəldikcə bağırardı. Anası söylənə-söylənə lampanı yenidən söndürər, Əşrəf lampanı yandırdıqdan sonra palaz üzərində üzüquylu uzanaraq, gözlərini lampaya dikər, durardı. Anası bir tərəfdə tikiş tikərdi. Əşrəfin dörd divar arasında aldığı qapalı tərbiyə bundan ibarət idi.

Əşrəfin yatmaq zamanı gəlmiş, anası onun yatağını çoxdan hazırlamışdı. Uşaq isə uzandığı yerdə əsəbi bir halda ağlayır, bu səsə artıq alışmış olan anasının etinasızlığını görüncə əllərini, ayaqlarını yerə çırparaq bağırırdı. Anası: “qalx, oğlum yatağında yat” deyərkən Əşrəfin halı tamamilə dəyişərdi. Yataq onun sevmədiyi və ən çox nifrət etdiyi bir şey idi. Yataq adı eşidəndə: “Yox, yox!” deyə qışqıra-qışqıra ayaqlarını oynadır, anasının xoşuna gəlməyən hərəkətlər edirdi. Anası acıqlanaraq: “Əşrəf yenə?.. İndi çağıraram gəlsin” deyə bayıra çıxar, bir az sonra qorxunc səslə “kimdir o, yenə ağlayır? İndi gəlib onu boğaram” deyə içəri girərdi. Qorxudan sapsarı olmuş uşağa: “Bax, gördünmü? Xortdan gəlib deyir ki, Əşrəf niyə ağlayır. Yatsın, yoxsa gəlib onu boğaram”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets