Page 3 of 3 · 67%

Əşrəfin dili tutula-tutula:

– Hanı? – deyə soruşduqda:

– Odur qapı dalında, – deyə anası bayıra çıxar, qapı arasından quru balığın başını içəri uzadaraq: A... ö... a... ö... – qorxunc səslər çıxarar, bir az sonra otağa girərdi.

– Gördünmü? Xortdan da deyir ki yatsın! Yoxsa onu ham-ham elərəm.

Bundan sonra qorxudan gözlərinin içinə qədər saralmış uşağı yatağına uzadar, onu yatırmaq üçün özü də onun yanına uzanardı. Uşaq anasının boynuna sarılaraq sağ, sol böyrü üstə çevrilə-çevrilə xortdan qorxusu ilə gözlərini yumardı. Anası yenə əl işinə davam edər, həm də arabir öz bəxtindən, həyatından şikayətlənərdi; onun qara kirpikləri arasından süzülən göz yaşları yanaqlarını isladardı. Birdən-birə Əşrəfin qorxulu bir səslə bağırtısından dimdik qalxaraq, özünü uşağın üstünə atar, oğlunun yuxuda sayıqladığını gördükdə bildiyi dualardan oxuyub, onun üzünə püflərdi. Sonra yenə yerinə oturaraq, dalğın bir halda söylənməyə başlardı:

– Ah, bilmirəm, bu dualar da nə üçün təsirsiz qalır? Altıbarmaq seyidə bu qədər dua yazdırıram, heç birinin faydası olmur; yenə də uşaq dəli kimi gecələr sayıqlayır. Allahın kərəminə şükür, heç bir yandan bəxtim açılmır.

Əşrəf indi büsbütün dəyişmiş, əvvəlki gözəlliyini, şən və şətarətini itirmiş. başı böyümüş, üzü kiçilmiş, yanaqlarındakı qırmızılıq getmiş, yerinə sarımtraq, tutqun bir rəng çökmüş, o saf və parlaq gözlərinin ağı incə qırmızılıqlarla bulaşmış, göz qapaqları şişmiş və qırmızımtraq bir rəng almışdı. Yanaq sümükləri çıxmış, çənəsi aşağıya doğru uzanmış, hər zaman bağlı olduğundan alnı yastılanmış, başı isə yuxarıya doğru uzanaraq, nabatı qarpızı andıran iki yandan batıq bir şəkil almışdı. Gözəl simaya malik olan bu uşaq indi çirkin bir dona girmişdi.


Üzərində yaşadığımız yer kürəsi o qədər baş fırladıcı bir sürətlə dönür ki, insan ömründən gedən ayların necə və nə vaxt keçdiyini belə hiss etmir. Bu sürətlə aylar, illər keçdi, Əşrəf altı yaşına qədəm qoydu. O, indi evdən başqa küçələri də tanımağa başlamışdı. Məhəllə uşaqlarının heç biri ilə dostluq etmirdi. Günlərinin çox saatlarını Gülcahan xalanın qızı Sona ilə bir yerdə gəlin-gəlin oynayar, qonaqlıq edər, uşaqlara məxsus oyunlarla əylənərdi. Sonanı o. səmimi bir uşaq hissi ilə sevirdi. Heç bir kəsdən söz götürməyən Əşrəf Sonanın çox zaman uşaqlara xas olan şıltaq və yaramazlıqlarına qarşı yaşlı bir adam kimi səbir və mətanət göstərirdi. Arabir acıqlanaraq bütün oyunların onun istədiyi kimi olmasına inad göstərdiyi zamanlar da olurdu. Bir dəfə acıqlandımı, əlləri ilə qızın saçlarını çəkərək ağzı üstə onu yerə çırpdıqdan sonra sivişib gedərdi. Hər halda həm ailə, həm də məhəllə uşaqları arasında hamıdan çox sevdiyi, hər kəsdən çox bəyəndiyi kiçik Sona idi. O, evdən bir yaramazlıq üstündə qovulduğu zaman dərhal özünü Sonanın yanına atardı. Vaxt onlar üçün olduqca xoş və qısa keçirdi. Bir gün Əşrəf Sonanın saçlarından tutub, onu şiddətlə yerə çırpdığı zaman qızının bağırtısına anası Gülcahan çıxmış, “Bundan sonra Əşrəflə oynamayacaqsan!” deyə ona tənbeh etmişdi. Əşrəf oradan çıxıb qaçarkən bu sözləri eşitmiş, olduqca mütəəssir olmuşdu.

Əşrəf hər gün bir fincan çay içər-içməz evdən çıxar, birbaş Sonagilin qapısı ağzına gedər, qapı dəliyindən saatlarla gözlərini dikib baxardı. Sona həyətdə tut ağacı altında oyuncaqlarını toplayıb oynar, yaxud sarı pişiyinin quyruğuna bir quş lələyi bağlayıb onun arxasınca qaçardı. Qapı ağzına yaxınlaşan kimi Əşrəf fit verib orada hazır olduğunu bildirər, məsum baxışlar bir an bir-birinə dikilib qalardı.

Bir gün Sona yenə pişiyini qovurdu. Yorulmuş, tərləmiş, yanaqları qızarmış, qıvrım saçları üzünə dağılmış halda, qara, iri gözlərini Əşrəfə dikərək:

– Ah, yoruldum, – deyə uşaqlara məxsus bir şivə ilə güldü. Əşrəf sükut içində Sonaya baxdıqdan sonra həzin bir səslə:

– Sona, nə üçün mənimlə oynamırsan? – deyə soruşdu. Sona incik bir səslə cavab verdi:

– Anam buraxmır.

– Gəl bizim evdə oynayaq.

– Yox.

– Niyə?

– Anam məni döyər.

– Döyməz, heç bir şey olmaz.

Sona uzun qara kirpiklərini qəmgin-qəmgin aşağı əydi, məsum bir əda ilə:

– Yox, anam buraxmaz, – dedi.

“Buraxmaz!” Bu kəlmə Əşrəfi uzun-uzadı düşündürdü. Sonra fit çala-çala məhəllə uşaqlarına tərəf getdi.

Bir gün Əşrəf məhəllə uşaqlarından biri ilə dalaşarkən, ağır bir əl qollarından yapışdı. Geri dönərkən qarşısında üst-başı təmiz, ağsaqqal bir kişi gördü:

– Tərbiyəsizlər! Nə üçün boğuşursunuz?

Əşrəf qollarını qocanın əlindən qurtarmaq üçün şiddətlə çəkərək:

– Burax məni, sənə nə! – deyə dik-dik qocanın üzünə baxdı. Qoca onu acıqlı nəzərlərlə süzdükdən sonra əl ağacını havada sallayaraq:

– Ey, bu ağacı görürsənmi? Başını əzərəm! – dedi.

Bu sözləri qoca o qədər kəskin bir səslə söylədi ki, Əşrəf onun qolları arasında titrəməyə, həm də tutqun bir səslə: “Burax, burax” deyə ağlamağa başladı. Qoca onun kim olduğunu öyrəndikdən sonra:

– Yazıq sənə, atan Ağamürsəl gecə-gündüz kazinolarda, min cür səfalət bucaqlarında donuz kimi eşələnir, sən də vəhşi tərbiyənin müdhiş pəncəsi altında əzilib xurdxəşil olursan, – dedi.

Ömründə eşitmədiyi bu sözlərin təsiri ilə Əşrəf heyrətlə qocanın üzünə baxdı. Qoca onun başını əli ilə oxşayaraq:

– Oğlum, bu hisli, paslı küçələrdə oynama, gəl gedək, səni məktəbə qoyum, həm oxu, həm də orada yoldaşlarınla oyna! – dedi.

Əşrəf ilk əvvəl Məhərrəm əminin sözlərinə əhəmiyyət vermədi. Onun sadəcə olaraq zarafat etdiyini, yaxud başqa bir məqsəd güddüyünü düşündü. Ancaq əsalı qoca sözünün üstündə möhkəm durdu. Məktəbin əhəmiyyətindən xeyli danışdı. İş oraya çatdı ki, axırda Əşrəf istər-istəməz Məhərrəm əmi ilə gedib məktəbə yazılmağa razılıq verdi.

Həmin gün Məhərrəm əmi Əşrəfi aparıb məktəbə yazdırdı.

Qoca o gün iki dəfə Ağamürsəlin kontoruna gedib, onu görməmişdi. Bir gün təsadüfi olaraq onu kontorda yaxalayaraq:

– Canım, səni yerində tapmaq olmur. Oğlun Əşrəf kimi sən də göylərdə gəzirsən, insan əli ətəyinə çatmır, – dedi.

Onunla qarşı-qarşıya oturan dostu Ağacəfər gülərək:

– Doğru deyirsən, Məhərrəm əmi, Ağamürsəlin əli mələklər ətəyindədir, – deyə cavab verdi.

– Mələklər ətəyindən tutduğunuz qədər insanların əlindən də tutsaydınız, pis olmazdı.

– Pis olmaz, ancaq insan mələklərin zövq və nəşəsindən, seyr və səfasından qalar!

– Bilirəm, sən də bir zaman o mələklər ətəyindən bərk yapışmışdın, indi isə eşqin tərsinə çevrilibdir. İnan ki, o mələk sandığınız zəhərli ilanlar bir gün sizi iflic, yaramaz və eybəcər edəcək.

Sonra əllərini bir-birinə çırparaq, sözünə davam etdi:

– Sizlər nədənsə həyatın bütün mənasını yalnız bu ilan qılıqlı qadınlarda görürsünüz. Sizin üçün qadın hər şeydir. Ancaq insanın alçaq nəfsi də onun ən böyük düşmənidir. Sizin üçün həyatını, səadətini, sərvətini, hətta namus və qeyrətini yalnız bunlara fəda etmək böyük səxavət və mərdlik sayılır.

Ağamürsəl qaşlarını çataraq, bu sözlərdən məmnun olmadığını bildirən bir səslə cavab verdi:

– Mənim xüsusi işlərimə qarışmağa heç kimə izin vermirəm. Bundan sənə nə!

– Yanılırsan. Sən bir ailə üzvü olduğun kimi müəyyən bir cəmiyyətin üzvü və vətəndaşısan. Bir ailə üzvünün etdiyi yaramazlıq ailə üzvlərinə nə qədər ziyan verərsə, onun yaramazlığı mənsub olduğu cəmiyyətə, yaşadığı mühit və ölkəyə də bir o qədər ziyanlıdır. Mənim sözlərim yalnız sizə aid deyil. Ümumiyyətlə bizim həyata olan bu yanlış görüşümüzü, bu böyük ictimai nöqsanlarımızı, bu çirkin tərbiyə və əxlaqımızı göstərmək və bununla gələcəyimizi gözümüz qarşısında canlandırmaq istəyirəm.

– Hər halda bu daşlar hər kəsdən çox bizə atılır.

– Siz birinci və sonuncu deyilsiniz. Onlarla, yüzlərlə vətəndaşlarımız bu çirkin axına qapılaraq sürüklənir. Bunun qorxunc və acı nəticəsini hamımız üçün zərərli gördüyümdən hər yerdə söyləməyi özümə borc bilirəm.

Məhərrəm əminin verdiyi öyüdlərin və söylədiyi sözlərin bir çibin vızıltısı qədər ona təsiri olmadı. Qocanın öyüd verməsini Ağamürsəl cahil qüruruna sığışdırmadığından ona ağır cavab vermək istədi. Acıqlı üzünü yerə dikmiş olduğu halda istehza ilə:

– Yaxşı, bunun başqalarına nə zərəri var? – deyə soruşdu.

Məhərrəm əmi acı-acı gülümsədikdən sonra bir az da ona yaxınlaşaraq:

– Zərərini göstərim, ancaq darıxmayın! – dedi. – Bunun ən böyük zərəri ailə həyatını pozmasıdır. Sizin məqsədiniz gündüz pul qazanmaq, axşam kef çəkmək idisə, o halda neçin evləndiniz? Sizin ailə üzvlərinizə baxaq. Nümunə olaraq yalnız oğlunuz Əşrəfi götürəcəyəm. Siz bir atasınız, oğlunuzun o yaşda hansı yerlərdə dolaşdığını, nələr etdiyini bilirsinizmi? Şübhəsiz, bilmirsiniz! Halbuki bir ata olduğunuz üçün bilmək vəzifənizdir! Bu ictimai, milli, həyati bir vəzifədir. Əşrəf ayda neçə dəfə sizin üzünüzü görür? Bir il içində onun gələcəyini, səadətini neçə dəfə düşünürsünüz? Əlinizi vicdanınızın üzərinə qoyub ata kimi cavab verin!

Ağamürsəli nə bu suallar maraqlandırırdı, nə də ona veriləcək cavablar. Bu qədər söz içərisində onu az-çox düşündürən və maraqlandıran bir şey varsa, o da Məhərrəm əminin Əşrəfi tanıması məsələsi idi. Başını qaldıraraq:

– Bizim Əşrəfi siz haradan tanıyırsınız? – deyə soruşdu.

– Haradan tanıyacağam, küçələrdən. Yəqin ki, onu məktəbə yazdırdığımı da bilmirsiniz?

Sonra o, gördüyü hadisəni olduğu kimi nağıl etdi, Ağamürsəl dinmədi. Bir az sükutdan sonra gülümsəyərək, Ağacəfərin üzünə baxdı. Ağacəfər söhbətin mövzusunu dəyişdi. Məhərrəm əmi mühüm tarixi simalardan bəhs etməyi çox sevərdi. Böyük Pyotr və Napoleonun məmləkətə etdiyi xidmətlərini uzun-uzadı hər yerdə danışdığı kimi, burada da onlardan söz açıb, geniş məlumat verdi. Sonra başını oynadaraq:

– Padşah belə olar. Yoxsa bizim Nəsirqulu (İran padşahı Nəsrəddin şahın xalq arasında işlənən adıdır). kimi? Nadirlərin əldə etdikləri xəzinələri Firəngistan səfərində o da sizin kimi yubkalara sərf edib, İranı viran etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets