Contents
  1. Oba
  2. Alaçığımız
  3. Məşğələlərim
  4. Səhərlərim, axşamlarım
  5. Kərim baba
  6. Ayrım qızı
  7. İki pəhləvan
  8. Pələng ovu
  9. Kərim babanın atası
  10. Qızıl it
  11. Sümsü
  12. Can qorxusu
  13. Biçin
  14. Yoldaşım rza
  15. Yağış
  16. İgid uşaq

Page 4 of 7 · 43%

Pələng ovu

Kərim baba söhbətinə belə başladı:

– Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz; ancaq qabaq zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıbdır; ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim. Kəndlə pələngin arası beş ağac olardı. Dərəni aşdım. Aşağı uzanan daşlı-qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günün bu zamanı idi; günəş saralmağa, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanır. Baxdı, pələng idi; o da məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, cırmaqlayırdı.

Bir az da getmişdim ki, birdən-birə pələng yerindən atılıb, bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib, tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var: hücuma başladığı yerdən üç dəfə ovun üstünə atılar. Bu üç dəfənin heç birində ovlaya bilməsə, küsüb gedər. Qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi dikəltdim, havada üstümə gəlirkən, qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dağ-daş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. Elə bil ağaclar, daşlar bir pələng sürüsü olub, üstümə gəlirdi. O iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. İki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürdüyümə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündəngözündən öpdüm.

Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi, o da bu gündən yaşamır. Bundan sonra Borçalı torpağı igid üzü görməyəcək.

Bir saat əvvəl sakit və dalğın halda bir yerdə büzülüb duran bu qoca artıq nəzərimizdə böyümüşdü. Hamımız başdan-ayağa hekayəyə qulaq kəsilərək onu dinləyirdik.

Kərim babanın atası

Kərim baba söhbətdən doymur, hadisəni hadisəyə, xatirəni xatirəyə calayırdı.

– Mənim atam da gözəl ovçu idi. Nağıl edirdi ki, bir gün maral ovuna çıxmışdım. Dərədə kök bir buğa ovladım. Çeşmə başında kabab bişirib yedikdən sonra, uzanıb yatmışdım. Bir də gözlərimi açanda nə gördüm? Dörd bir yanımı duman elə bürüyüb ki, bir addım da qabaq görünmür. O gün evə qayıtmaqdan ümidimi üzdüm. Axşam olduğunu havadan bilmişdim. Kim bilir nə qədər yatmışam; nə edəcəyimi bilmirdim. Düşündüm-düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, bir baş dərəyə yuvarlanıb, parça-parça olacaqdım. Həm də qaranlıq, göz-gözü görmürdü. Qabağıma bir mağara çıxdı. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim, az sonra yuxuya getdim. Bir də ağır xorultudan gözlərimi açdım “ – Bu nədir? Məndən başqa burada adammı var?” – dedim. Dim-dik oturub yanyörəmi yoxlarkən, əlimə bir heyvan quyruğu toxundu: bu bir pələng quyruğu idi. Mən mağaraya sığındığım zaman o, oyaq imiş. Çünki yatmış olsaydı xorultusunu eşidərdim. Bu igid heyvanın məni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhəm qalmadı. Özümü itirdim. Ancaq qorxmurdum: çünki bu heyvanın comərdliyinə əmin idim. Gecəni pələnglə bir yerdə keçirtdim. Səhər dan yeri ağaranda mağaradan çıxıb, dünən maral ovladığım yerə gəldim. Maralın bir budunu mağaranın ağzına gətirib, yavaşca içəri itələdim. O gün yenə ovladığım maralın ətindən kabab bişirib yedim. Günortadan sonra idi, kəndə tərəf döndüm. Mağaranın aşağı yanından keçirdim. Gördüyüm bir hadisə ayaqlarımı mismar kimi yerə mıxladı: dərənin içində bir pələng uzanmış, bir qurd da onun ətrafında tülkü kimi quyruq bulayırdı. Məni heyrət aldı, bir yerdə oturub baxırdım. Qurd quyruğunu sallayıb dərənin bir o başına gedir, bir də dönüb gəlir, quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. Pələng isə əsla vüqarını pozmayıb, yalnız onu iti baxışları ilə süzürdü. Qurd bir az sonra pələngin çənəsini, boğazını yalamağa başladı. Bu xainin riyakarlıqla pələngi tələf edəcəyini hiss etmişdim. bir ara qurdu nişan alıb, vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. Qurd bir də dərəni dolanıb, pələngə yaxınlaşanda onun boğazından yapışdı. Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş titrədi. Elə bildim ki, qayalar üstümə töküləcək. Beş-on dəqiqə o gözəl heyvan atılıb düşəndən sonra hərəkətsiz qaldı. Təəccüb burasıdır ki, qurd yenə pələngin boğazını buraxmaq istəmirdi. Özü isə heç tərpənmirdi.

Pələngin öldüyünü yəqin etdim; ancaq qurdun da tərpənməməsindən heyrətdə idim. Tüfəngimi alıb dərəyə endim. Pələng ölmüşdü. Tüfəngin qundağı ilə qurdu nə qədər vurdumsa tərpənmədi. Bu da murdar olmuşdu. Mən ancaq indi anladım ki, pələng dərədə uzanırkən, bu xain qurd onunla üz-üzə gəlmiş, onun pəncəsindən qurtarmaq mümkün olmadığından bu riyakarlıqla ondan can qurtarmaq istəmiş, axırda da qorxudan bağrı yarılıb ölmüşdü. Çox əlləşdim, pələngin boğazını qurdun ağzından qurtara bilmədim, dişləri kilidlənmişdi. Çarəsiz qəməmi çıxarıb, qurdun dişlərini çapdım. Elə igid bir heyvanın qurd kimi qorxaq, tamahkar bir heyvanın əlində ölməsinə ürəyim yandı.

Bu hadisədən xatirə olmaq üçün pələngin dərisini soyub evə gətirdim.

Atasının nağıl etdiklərini bitirdikdən sonra Kərim baba özünə məxsus ağırlıq və təmkinlə əlavə etdi:

– İndi haman pələng dərisi məndədir. Atamdan yadigar olduğu üçün saxlayıram.

Atam onu təsdiqləyərək:

– Əlbəttə, həm bunu, həm də vurduğun pələngin dərisini saxlamalısan, – dedi, – çünki dərilərin hər biri iki igidin tarixini bildirən qiymətli xatirədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets