Contents
  1. Oba
  2. Alaçığımız
  3. Məşğələlərim
  4. Səhərlərim, axşamlarım
  5. Kərim baba
  6. Ayrım qızı
  7. İki pəhləvan
  8. Pələng ovu
  9. Kərim babanın atası
  10. Qızıl it
  11. Sümsü
  12. Can qorxusu
  13. Biçin
  14. Yoldaşım rza
  15. Yağış
  16. İgid uşaq

Page 7 of 7 · 86%

Yağış

Atam çadırımızın yanındakı armud ağacı altında oturub Kərim baba ilə söhbət edirdi. Kərim baba birdən-birə gözlərini şimala dikərək gurlayan bir səslə: “Allah, sən saxla!” dedi. Bu sözləri elə söylədi ki, hamımızda bir həyəcan doğdu.

Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək:

– O ilan quyruğu kimi qara buludu görürsüz? Çox ziyankar buluddur, – dedi. – Bu, ziyansız keçməyəcək.

Atam etinasız cavab verdi:

– O bulud buradan çox uzaqdır, bizə ziyanı dəyməz.

Kərim baba iri papaqlı başını, uzun, çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonra:

– Buna oynaq bulud deyərlər, – deyə sözünə davam etdi. – bu hər yeri gəzər, amma çox durmaz. Bir saat yağsa aləmi tufana verər. İki saat çəkməz ki, toyuq kimi balalarını başına yığıb gəzməyə başlar. Bu buluddan gözüm heç su içmir, ehtiyatı əldən vermək olmaz. Alaçığın xəndəyini təmizləməliyəm.

Kərim baba durub getdi. Biz də atamla alaçığa dönüb, yorğun olduğumuzdan tez yatdıq. Sonra nələr olduğunu bilmirəm, bu qədər xatırlayıram ki, atam məni qolları arasında yük üstünə uzadarkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. Ətrafıma baxdım. Atam, anam hər ikisi alaçığın içində dim-dik durmuşdu.

Atam kiçik qardaşım Əsədullanın beşiyini yuxarı qaldırmış, anam da kiçik bacımı qucağına almışdı. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. Yağış damcıları başımızın üstündə alaçığın keçələrini gum-gum qamçılayırdı. O gecəki tufandan yalnız bu qədər görə bildim.

Sonra yenə yatmışam. Səhər gözlərimi açdığım zaman günəş doğmuş, şəfəqlərdən hörülmüş saçlarını otlu-çiçəkli dağların, yamyaşıl duran meşənin üstünə dağıtmışdı. Tez alaçıqdan çıxdım. Hava o qədər saf, o qədər gözəl idi ki, hər şey insanın üzünə gülürdü... Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz dənələri kimi parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. Kiçik quşlar yaşıl budaqlarda qanadlarını günəşə doğru açaraq həm qurudur, həm də gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar.

Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:

– Allah kəssin belə yaylağı, elə bil başımıza yer qəhətdi. Bu nə dirrikdir; islanmamış bir şey qalmayıb. Hələ gecə gözlərimi bir tikə də yummamışam – söylənirdi.

Atam da:

– Ay dəli, çölçülükdür, ürəyini sıxma, bunun da bir nəşəsi var – deyə anama təsəlli verirdi.

– Belə nəşəni istəmirəm. Sizin üçün nə var ki, özünüz çöllü, gördüyünüz də elə bu – deyə anam cavab verdi.

Bu aralıq birdən-birə cücələri, toyuğumu xatırlayıb, cəld hinə tərəf yüyürdüm. Hinin ağzındakı daşı götürəndə gördüm ki, hinin içi göl bağlayıbdır. Bu faciəli mənzərəni görməyimlə “Vay, cücələrim boğulublar”, – deyə qışqırmağım bir oldu. dərhal ailə üzvləri ətrafımı bürüdülər. Atam:

– Yazıq cücələr, heç yadımıza da düşməyiblər – deyə təəssüfünü bildirdi, sonra başımı oxşayaraq, öz hərəkəti ilə mənə sanki təsəlli vermək istədi.

Anam:

– Mənim fikrimə gəlmişdi, amma nə edək, öz başımızın hayına qalmışdıq – dedi.

Əlimi hinə soxub, boğulmuş cücələri suyun içindən bir-bir çıxartdım.

Anam:

– Yaman gözə ox batsın! – dedi. – Hər görən: “Bunlara nə veribsən ki, dərilərinə sığmırlar” deyirdi. Bunlara hansı bədnəzərinsə gözü dəydi. Fikir etmə, oğlum, qada-balamızı aparıblar.

Artıq nə edəcəkdim? Olan olmuş, keçən keçmişdi.

İgid uşaq

Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın meşəlik idi. Dərə, qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər “ayı var” deyə bizi qorxutmuşdular. Bu qorxu ucundan dərənin qərb tərəfinə getməzdik.

İkindi çağı idi. Obada “Dursunu ayı basıb” – deyə səs qopdu. Kəndlilər dəyənək, tüfəng, it götürüb getdilər. Bütün oba axdı. Mən də camaata qoşulub getdim. Nədən qorxacaqdım. Kərim baba orada idi. Köməyə gedirmişəm kimi. hətta əlimdə yekə bir dəyənəyim də vardı. Hamımız nizamlı qoşun kimi, sanki bir qala almağa gedirdik. Dərəni aşdıq. Ayı dərəsinin dağlıq tərəfindən dırmanırdıq. Yuxarıda qatqarışıq bir səs eşidildi. İtlər quyruqlarını, qulaqlarını şəkləyərək, birdən-birə hürməyə, üstümüzə yüyürməyə başladılar. Hamıda bir rəşadət və şücaət doğdu, təpəni dırmandıq. Dursun əlində tüfəng məğrur bir halda bizi qarşılayaraq:

– Vurdum. Qoltuğunun arasından vurmuşam. Az qala kafir məni boğmuşdu – deyə camaata qarışdı.

İndi hər kəs Dursundan məlumat almağa can atırdı. Nəhayət, bəlli oldu ki, bu qorxmaz uşaq tüfənglə o tərəflərdə gəzdiyi zaman öz yuvası ağzında iki balası ilə oynayan yekə bir ayı ilə üz-üzə gəlir. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur; nəhayət, Dursun başı aşağı qaçmağın çətin olduğunu görəndə özünü toplayıb, geri dönür və ayını nişanlayıb, iki qolları arasından vurur. Ayı aldığı yaradan qüvvətini itirib, yerə yıxılır. Dursun kəndə dönüb, bu vaqiəni xəbər verir. Bir neçə kişi ilə ayı vurulan yerə gəlirlər.

Biz ayı vurulan yerə yetişər-yetişməz itlərdən biri ayını yaxaladı. Yaralı heyvan bağıra-bağıra onu qolları arasına alıb elə sıxdı ki, köpək qara ağzını açıb var gücü ilə zingildədi. Kəndlilər, ağac, qəmə gücü ilə iti ayının pəncəsindən qurtarınca it qulaqlarını sallayaraq, quyruğunu böyrünə qısıb, birbaş obaya qaçdı.

Bu qərar ilə ayı itlərin hamısını bir-bir qaçırtdı. Ancaq özü də candan, taqətdən düşmüşdü. Nəhayət, kəndlilərdən biri ayını tüfənglə vurub öldürən kimi, hamı ayının yuvasına doğru axdı. Ayı yuvası dərənin ətəyində kiçik, təbii bir mağara idi. Mağara o qədər kiçik idi ki, içindəki iki ayı potası apaçıq görünürdü. Hər ikisi bir-birinə sığınıb, qorxaq baxışlarla mağara ağzındakı adamlara baxırdı. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. Görünür anaları çalışmış, zəhmətə qatlaşmış, qırdığı ağacların ən yumşaq qabıqları ilə mağaranın içini bir xalı kimi döşəmişdi. Axırda onların uğrunda canını da fəda etməkdən çəkinməmişdi. Xülasə, o kiçik yetimləri çomaqların başı ilə vura-vura mağaradan çıxardılar. Boyunlarına kəndir bağlayıb, kəndə gətirdilər. Bir az əvvəl əzrail pəncəsindən qurtarmış kimi quyruqlarını yanlarına qısıb bağıra-bağıra qaçan itlər indi bu heyvancığazlara qarşı aslan kəsilərək, dörd yandan hücum etmək istəyirdilər. Kəndlilər zor-güc bu heyvanları itlərin pəncəsindən qurtara bildilər.

Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır!.. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış o rəngarəng, o qiymətli və silinməz xatirələr!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets