Birinci pərdə
Page 2 of 3 · 33%
Qaracaqız. Xala, mən evimizə gedirəm.
Gülpəri. Oruc, sən allah bu yetimi buradan rədd elə. Səsindən başım-qulağım getdi.
Əlləz. Ay Gülpəri bacı, nə yaman incə baş-qulağın var. Qızım, dur gəl yanıma, sən mənim qızım olacaqsan.
Yetər. Əlləz dayı, sənin uşağın çoxdur. Mən saxlaram.
Yasəmən. Yox, bu qızı heç kəsə verməyəcəyəm.
Əlləz. Sən yaxşı saxlarsan, ancaq bunların əlindən bu qız gün görməz.
Qaracaqız (ağlayır). Mən heç yerdə qalmıram. Evimizə gedirəm. (Bərk ağlayır. Ayı və Meymun onun qarşısında atılıb düşür, donquldanır, zingildəyir. Qaraca ağlamaqda davam edir) Mən babamın yanına gedirəm. Mən babamı istəyirəm.
Oruc (Qaracanın əlindən tutub bərk itələyir). Hara istəyirsən get!
Gülpəri. Əlinə qurban olum, elə, bax.
Yasəmən (qızın əlindən tutur). Yox, getməyəcək.
Oruc. Bizə lazım deyil!
Gülpəri. Rədd elə getsin!
Yasəmən. Yox, getməyəcək!..
İkinci şəkil
Səhnə otlu, çiçəkli və seyrək kollu bir çölü təsvir edir. Bir kiçik qaraçı çadırı
qurulmuş. Çadırın yanında Gülpəri oturmuş. Yasəmən ayaq üstə iş görür.
Yasəmən. Görəsən, oğlun neçin gecikdi?
Gülpəri. Yenə niyə təşvişə düşmüsən?
Yasəmən. Qaracanı o hər gün ağladır. Qız onun əlindən lap təngə gəlmişdir.
Gülpəri. Qız yaxşı qoçaq qızdır. Pul qazanandır... Ancaq bir az tərsdir.
Yasəmən. Tərs deyil... mənliyini sevən qızdır. Onun ilə acı-acı danışmaq olmaz!
Gülpəri. Oruc tərs, o tərs. İki tərs yola getməz.
Yasəmən. Deyəsən Qaraca ilə barışmısan?
Gülpəri. Hər gün dəf dolusu bizə pul gətirir. Bəs barışmaram?
İt bərk hürür. Adam səsi gəlir, kimsə ağac ilə uzaqda özünü qoruyur.
Yasəmən. Xeyir olsun, bu tərəf gələn adam kimdir?
Piribaba (gəlir). Günortanız xeyir olsun.
Yasəmən. Xeyir içində olasan.
Piribaba. Nə yaman sərt itiniz var. Yaxşı ki, bağlamısınız.
Gülpəri. Nə istəyirsən, qoca?
Piribaba. Mən bir qız itirmişəm, onu axtarıram.
Yasəmən. Nə qız?
Piribaba. On iki-on üç yaşında. Qarayanız qızdır. Adı Tutudur, iki aydır onu axtarıram. Deyirlər ki, onu bir qaraçı arvadı götürüb aparıbdır.
Gülpəri. Yox, bizdə elə qız yoxdur...
Piribaba. Bəlkə başqa qaraçı dəstələrində görmüsünüz?
Yasəmən. O qız sənin nəyindir?
Piribaba. Oğul kimi sevdiyim ən yaxın dostumun qızıdır. Atasının o qədər yaxşılığını görmüşəm ki...
Yasəmən. Görünür etibarlı kişisən.
Piribaba. Qızım, it itliyilə yaxşılığı unutmur, biz insanıq.
Yasəmən. Eh, baba, hər adam onu bacarmaz.
Piribaba. O qızı tapıb mənə versən, gedə-gündüz canına dua edərəm.
Gülpəri. A kişi, nə çox danışırsan, sənə dedim ki, biz tanımırıq.
Piribaba (Yasəmənə). Bəlkə onu bir yerdə görmüsünüz?
Gülpəri. Yox, yox, görməmişik.
Piribaba. Bu qız bəs nə oldu? İki aydır o qızı qapı-qapı gəzirəm.
Yasəmən (tərəfə). Eh, yazıq kişi... (Piri babaya) Zəlzələdən sizə də bir ziyan toxundumu?
Piribaba. Eh, qızım, necə toxunmadı. Mənim də evim-eşiyim uçdu, bir nəvəm, gəlinim daş altında qalıb öldü. İndi yalqızam. Ah, bircə qızı tapsaydım, dərdlərimi unudardım.
Gülpəri. Eh, nə çərənçi kişidir. Başım, beynim getdi. Onu tez yola sal, getsin.
Yasəmən (tərəfə). Ah, mən neyləyim? Balası kimi sevdiyi Qaracanı bu dərdli kişiyə verim. Bəs mən neyləyim? Yox, belə qızı əlimdən verə bilmərəm, o mənim canım, ciyərimdir. Bütün məhəbbətimi ona salmışam. Ana, deyib üstümə yüyürəndə ürəyim dağa dönür.
Piribaba. Mənə doğru bir cavab verin.
Yasəmən. Baba, bizim o qızdan xəbərimiz yoxdur.
Piribaba (ümidsiz). Deyirsən yoxdur. Bəs bu qız nə oldu? Of, gəzməkdən ayaqlarımda gir qalmadı.
Gülpəri. Yaxşı, yaxşı, neybətini üstümüzə tökmə, get!
Piribaba. Gedirəm, gedirəm, sağ ol, qızım. (Gedir)
Gülpəri. Bura bax, yaxşı pul versəydi, qızı tapşırardım əlinə. (Bağırır) A kişi! A kişi!
Yasəmən (əlilə Piri babanı işarə edərək). Heç! Heç!.. (Gülpəriyə) Mən o qızı dünya malına satmaram.
Gülpəri. Bura gəl, bura gəl!
Yasəmən. Ölsəm də mən o qızı əlimdən verməyəcəyəm...
Gülpəri. Qoca, o qızı tapsaq bizə nə qədər pul verərsən?
Yasəmən. Ay arvad, hanı, qızı tapmısan ki, verirsən?..
Piribaba. Mənim pulum yoxdur, olsaydı ondan əsirgəməzdim. Kim o qızı tapıb mənə versə, üç ay ona qulluq edərəm.
Gülpəri (istehza ilə). Qulluq edərəm.
Piribaba. Hər ağır çətin işinə gedərəm.
Gülpəri. Yox, yox, bizə nökər-mökər lazım deyil. Get!
Piribaba. Ay bacı, deyəsən siz o qızın yerini bilirsiniz. Siz allah, bilirsinizsə, gizlətməyin.
Yasəmən. Baba, bilmirik.
Gülpəri. Get, get... Biz qız-mız tanımırıq.
Piri baba gedir.
Yasəmən. Qocanı görürsən? Adilə, sanilə nişan verir, yoxsa qızın sorağını qocaya xəbər vermişlər. Of, ürəyim döyünür. Mən o qızsız bir gün də yaşaya bilmərəm.
Gülpəri. Dəlisən, mən onu heç əlimdən verərəmmi? O bizim çörək ağacımızdır.
Yasəmən. Qoca yaxşı pul versəydi, elə verərdin ki... Sizin allahınız, imanınız, vicdanınız puldur, pul... Hələ dörd-beş aya görərsən o qız nə qız olacaq. Qaraçıların gözü bu qızdadır. Qorxuram, qoca yolda qızı görə. Oğlun da ki, bu yetim qıza göz verir, işıq vermir. Ağlatmadığı gün yoxdur. Qaçmasa yaxşıdır.
Gülpəri. Yazığın harası var ki, hara qaçsın.
Yasəmən. İndi Qaraca yağa-bala dönüb; bir zaman qovurdun.
Gülpəri. Mən də onun gətirdiyi pula şadam, yoxsa onu bir saat da bu qapıda qoymaram.
Yasəmən. Acgöz olduğunuzu bilirəm. (Meymun uzanıb gözlərini açır, gah yumur, gah da yola tərəf baxaraq zingildəyir) Meymuna bax, Qaraca ilə Orucun yolunu gözləyir. Ay ilə bunu Qaraca qız dostlaşdırdı, yoxsa heç yola getmirdilər.
Oruc ilə Qaraca görünür. Qaraca əlində dəf qaça-qaça gəlir. Dəfi yerə qo-
yub Yasəməni qucaqlayır. Birdən ağlayır. Meymun onu görüncə qaçıb yanına gəlir.
Sevincək səslər çıxarır, onunla oynamaq istəyir. Qaraca etina etmir. Meymun ayı ilə
oynamağa başlayır.
Yasəmən. Qızım, nə üçün ağlayırsan? Yoxsa Oruc əmi səni döymüş?
Qaracaqız. Əlindəki matraq ilə üç dəfə belimdən elə çəkdi ki. (Ağlayır)
Yasəmən. Can balam, can. (Onu qucaqlayıb öpür)
Gülpəri. Qızım, Qaraca, gəl bura görüm nə qədər pul gətirmisən?
Qaracaqız. Pullarımı anama verəcəyəm. Al, ana can. (Pulları Yasəmənə verir)
Yasəmən. Qızım, apar ver, nənən saxlasın.
Qaracaqız (qaça-qaça aparır). Al, nənə can, Oruc əmiyə vermə. Əlinə pul düşən kimi gedib içir, xasiyyəti daha da pis olur.
Gülpəri. Yox, qızım, vermərəm. (Pulu acgözcəsinə qamarlayır) Afərin qızım, bu gün nə çox pul gətirmisən. Gəl bir səni öpüm. (Öpür. Orucu görüncə pulu gizləyir. Qaraca Yasəməni qucaqlayıb oturur.
Oruc əlində matraq yanaşır, Qaracaya)
Oruc. Qalx, ayını bağla.
Qaraca cavab vermir. Ayı, meymun oynamaqda davam edir.
Yasəmən. Qızımı niyə vurmusan?
Oruc. Sən ağzını yum, o mənim işimdir. Qalx ayını bağla!
Qaraca cavab vermir.
Gülpəri. Ay oğul, sən bu qızı incitmə, o gələli ağ günə çıxmışıq.
Ayı ilə Meymun Qaracaya yanaşır. Sevincək səslər çıxarır. Onun qarşısında atılır-
düşür. Qaraca onlara baxır, gülür, başını yenə Yasəmənin qoltuğuna soxur.
Oruc (əlindəki matrağı yuxarı qaldırır). Qalx deyirəm sənə!
Yasəmən. Qızım, bax, bu heyvanlar səni nə qədər sevir. Qalx qızım, ayını bağla gəl.
Qaraca durur. Ayının zəncirini əlinə alır, ayı ilə meymun sevindiklərindən onun
qarşısında atılır-düşür. Qaraca onların başlarını qucaqlayır.
Qaracaqız. Mənim əziz dostlarım.
Ayı və meymun onu dililə yalayır. Ona mehribanlıq edirlər. Qaraca ayının zəncirindən
tutub aparır. Ayı, meymun oynaya-oynaya gedirlər. Yasəmən onların dalınca baxaraq:
Oruc. Mən belə inad uşaq görməmişəm. O zorbalıqda ayı mənim qamçımın qorxusundan hər tövr oyun çıxarır, ancaq bu balacalıqda qızın əlində aciz qalmışam.
Yasəmən. Bunun səbəbi odur ki ayı heyvandır, bu isə insan. Heyvan ilə edilən rəftar insan ilə edilməz. Heyvana çubuq lazım isə, insana mehriban rəftar, mülayim söz lazımdır.
Oruc. Yox, bu bir səbəb deyil. Sən olmasan mən onu iki gündə muma döndərərəm.
Yasəmən. Bura bax, qızın adamı gəlmişdi. Onu axtarırdı. Bir təhər yola saldıq getdi. Sən bu qızı çox incitmə, qaçar.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qaraci-qiz-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?
Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Atəşdə yox o suz ki, bu qəlbü təndə var!
Könlüm etmiş o ləbü ləlinə ey yar həvəsKönlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.
Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəmCiqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!