Rəcəb ov tulası kimi Xasayı yanına salıb ova çıxmışdı. O bu gün olduqca şıq geyinmişdi. Başında qiymətli şlyapa, boynunda qalstuk, əlində kitab və dəftərlə dolu bir portfel var idi. Zahirdən heç kəs onun əsil peşəsini təyin edə bilməzdi. Xasay onun arxasınca gedir, heyrətlə Rəcəbə baxıb gülürdü. Stansiyaya çatınca hər ikisi atılıb içi adamla dolu bir tramvaya mindi və dərhal adamların içinə soxuldu. Tramvayın ortasında üstü-başı təmiz iki nəfər danışırdı. Xasay onların o yan bu yanına keçib yoxlamağa başladı. birinin cibində pul olduğunu Xasay gözqaşla Rəcəbə bildirdi. Rəcəb o adama yanaşdı. Görməsin deyə iri portfelini onun köksünə sıxaraq əlini cibinə soxdu. Pulu iki barmağı arasında yavaşca çıxarmaq istərkən kişi anladı, tez əlini cibinə uzatdı, Rəcəb əlini onun cibindən çıxarınca kişinin əlinə toxundu. Kişi çəkilərək:

– Ay, nə edirsən – deyə heyrətlə Rəcəbə baxdı.

Rəcəb də:

– Nə deyirsən? – deyə acıqlı gözlərini ona dikdi.

– Cibimə nə üçün girirsən?

– Kim? Mən?

– Sən!.. Sən!..

Rəcəb gözlərini heyrətlə açaraq:

– Ey, ağzının sözünü bil, yoxsa ki çənəni sındıraram – deyə onu hədələdi.

O adam istehzalı baxışla Rəcəbi gözucu süzdükdən sonra acı-acı gülümsəyərək:

– Portfelli xuliqan, – deyə ətrafa baxdı.

Tramvaydakılar gülüşdü. Tramvay duracağa yaxınlaşmaqda idi. Adamlar enmək üçün baş tərəfə keçirdi. Rəcəbin ovu tutmamışdı, enməkdən başqa çarəsi yoxdu. İrəliləyən adamların arxasınca gedə-gedə üzünü o adama tutaraq:

– Xuliqan olduğumu sənə göstərərəm – dedi. O adam tövrünü pozmayaraq:

– Get, get, ovun tutmadı, hələ başında şlyapasına, qoltuğunda portfelinə, yanında tulasına bax – dedi.

Xasay da tramvaydan enib bir-birindən aralı olaraq adamlara qarışdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets