Yazıya pozu yoxdur!
Page 2 of 2 · 50%
İkinci səhnə
Çoban Tapdıq kiçik bir təpə üzərində tütək çalır. Təpənin dalında kiçik bir daxmada
qızı Gözəl xəstə yatıyor, qadını Alagöz xəstə qızının başı üstündə oturub, onu əlilə
oxşayır. Basyat o biri təpə başında görünür və yavaş-yavaş Tapdığa tərəf gəlir. Orta
pərdə. Onun arxasında zümrüd köşk, önündə qızıl alma bağı. Bağda bir xalıça üzərin-
də dünya gözəli oturmuş, div də başını onun dizinə qoyub yatır.
Basyat (çobana yanaşıb). Tün aydın, dayı!
Tapdıq (ayağa durub). Tün aydın, bəyim, uğurlar olsun!..
Basyat. Dayı, yol itirmiş bir yolçuyam. Nə istərsən sənə verim, qalx, mənə yolu göstər.
Tapdıq. Bəyim! Yolu sizə göstərərəm, ancaq şəhər buradan çox uzaqdır. Həm də sular qararmış, göy üzü də dumanlıdır. Gecə vaxtı yolu bilmək çox çətindir. Bir də, yollar hərami və quldurlarla doludur. Gecəni burada keçirə bilsəniz, dan ertə yolu sizə göstərərəm.
Basyat (düşünərək). Çarə yox, gecəni keçirə bilmək üçün bir yer olsaydı?
Tapdıq. Bəyim! Sizi bu kiçik daxmama ala bilərəm. Ancaq xəstə bir qızım var, gecələr ağrıdan zarıyır. Sizi rahətsiz etməzsə!
Basyat (titrəyə-titrəyə). Xəstə qızın var? Dayı, sən kimsən?
Tapdıq. Yoxsul bir çobanam, bəy, sanki bu yoxsulluq bəs gəlmirmiş ki, yaradan mənə yalnız bir qız vermiş, o da xəstə. Görünür ki, tanrının suçlu quluyam.
Basyat. Xəstəliyi nədir?
Tapdıq. Bilmirəm, bəy, hər xəstəliyi qarnındadır. Yazıq qız yerindən qımıldana bilmir.
Basyat (düşünür). Çarə yox, dayı! Dışarıda qalmaq olmaz, buyur gedək.
Tapdıq (tələsik evə girib Alagözə). Haydı, haydı, qonaq gəlir, evi təmizləyin.
Basyat. Bu adam qoca falçı dediyi çobandır. Bu xəstə də haman qızdır. Gecə bunun çarəsini edərəm. Axmaq falçı, mənim qəzavü qədərimi burax istədiyi kimi yazsın.
Tapdıq (qapıdan). Buyur, bəy!
Basyat (evə girib, uzaqdan xəstə qızı gözucu süzərək). Tün aydın, xala!
Alagöz. Aydınlar olsun, oğlum, xoş gəldiniz.
Basyat (guşədəki xəstə qızı gözucu süzərək). Xəstə qızınız bumu?
Tapdıq. Budur, bəy!
Alagöz. Çoxdan xəstədir, oğlum. Nə ölür, nə də sağalır.
Basyat. Mənim ayağım uğurludur. Tanrının buyruğu ilə sağalar, siz və o rahat olarsınız.
Alagöz. Ayağınıza qurban olum, kaş ki... bu qədər dağ pərilərinə nəzir və qurban götürdüm, bir şey olmadı. Onun işi bir göy tanrıya qalmış.
Gözəl (gözlərini açar, oğlana baxar, oğlan da ona baxar). Ox... Ürəyim... Odur! Özüdür! (Əllərilə üzünü örtər)
Alagöz. Qızım, nədən qorxursan? Qonaqdır. (Yanında oturub əlilə başını oxşar)
Basyat. Nə canalıcı gözləri var! Hələ xəstədir. (Düşünür) Yox, bu gecə qurtarram. (Ucadan) Yoxsa Basyat...
Tapdıq. Nə buyurdun, bəy?
Basyat. Heç! Üç gündür yatmamışam, çox yorğunam, yatmaq istərəm.
Alagöz (ayağa durub). Yemək yeyiniz də sonra...
Basyat. Yox, xala, çox sağ ol. Heç bir şey gərək deyil. Başım üstümdə durmayır, çox rahatsızam.
Alagöz. Çox yorulmusunuz, görünür. Yuxu hər şeydən dadlıdır. (Bir tərəfdə yastıq qoyub) Buyurun, bəy!
Oğlan uzanır, Tapdıq, Alagöz dışarı çıxıb yatarlar, qız arabir zarıyır.
Basyat (qalxıb ətrafına baxar, qılıncı çıxarıb xəstə qızın qarnından vurar, qız bir dəfə bağırır). Qoca falçı, sən kitabına bunu da yaz! (Acı qəhqəhə ilə çıxıb gedər)
Gözəl (zarıyır). Ana, ana! (Səslənir) Ana! U!.. Ay ana!
Alagöz (durub). Qızım, nə deyirsən?
Gözəl. Gəl, yorğanı qaldır, gör bu yaş nədir?
Alagöz (cəld gəlib yorğanı qaldırır, irin və qanı görüncə qorxulu). Ay! Bu qan, irin nədir? (Kişini çağırır) Tapdıq, Tapdıq!
Tapdıq. Ha, nə var?
Alagöz. Tez ol, gəl bura. Yoxsa, qızım, yaran deşilibdir?
Tapdıq (gəlib baxar). Yarası deşilib... Şükür...
Gözəl. O qədər yüngüləm ki, ana, sanki heç xəstə deyildim.
Tapdıqvə Alagöz (hər ikisi). Yaradana şükürlər... (Qızı öpər və oxşarlar)
Tapdıq. Qonağımızın ayağı uğurlu imiş. (Baxar qonağın yatağına) Ay! Qonaq hanı?
Alagöz. Doğru, nə oldu? Yoxsa dışarıya çıxmış?
Gözəl. Qonaq yəqin qaçıb getmişdir.
Alagöz. Nədən qaçsın, qızım?
Gözəl (əvvəlcə oturub, sonra ayağa qalxıb). Gecə məni öldürmək istəyirdi.
Hərikisi. Necə? Öldürmək? (Hər ikisi qızı iki tərəfdən tutar)
Gözəl. Bu gecə mən heç yatmadım. Ürəyim nədənsə çırpınırdı. Gözlərimi yumunca gördüm ki, gözəl bir bağçada gəzirəm. Pərilər ətrafımı alıb başıma çiçək səpirlər. Öylə bu yerdə qarnımın üstündən xəncərlə vuruldu, gözlərimi qorxulu açdığım zaman oğlan, əlində xəncər, başımın üstündə durmuşdu. Bircə dəfə bağırıb bihuş düşdüm.
Alagöz (heyrətlə). Qonaq qızımızı nədən öldürmək istəsin?
Tapdıq. Bilməm!
Gözəl. Ana, mən tamamilə sağalmışam. Heç bir yerim ağrımayır. Ox, nə qədər sevinirəm. (Anasını, atasını qucaqlayır)
Alagöz. Ox, nə qədər bəxtiyar olduq. İrəlidə görəcək günlərimiz varmış.
Bu arada göy gurlar, gurultu, patırtı olur, hər üçü qorxub guşəyə sıxılır.
Gözəl. Div gəlir, baba!
Tapdıq. Qorxma, qızım!
Gözəl. Baba, div gəlib bizi yeyəcək, qorxuram.
Alagöz. Qorxma, qızım! (Onu qucaqlayır)
Div (daxmaya yanaşıb). Adam, çıx dişarı! Çıx! (Səs yox) Çıx deyirəm, yoxsa!
Gözəl. Baba, qorxuram... (Ağlar)
Div. Haydı çapuq ol, çıx, deyirəm.
Alagöz (Tapdığı əlilə itələyib). Görürsən ki, qız qorxusundan divara dırmanır, çıx onu bir tövr sakit elə.
Tapdıq (qapıya gəlib). Tün aydın, dayı!
Div (istehza ilə). Aydınlar... Türk xaqanının qaynatası olacaq çoban, (Acıqlı) sənin nəslini kökündən kəsəcəyəm.
Tapdıq. Sənə bir yamanlıq etdiyim yox.
Div. Etdiyin yox, edəcəyin çox. Sizin “baxşı” dediyiniz sahirlərin sözlərinə görə, xaqanın nəsli sənin ocağından parlayacaq.
Tapdıq. İnanma, dayı! Sahir sözüdür.
Div. Yox, bu ocağı söndürməyincə rahat ola bilmərəm. (Əlindəki toppuzla Tapdığı vurub öldürür, daxmaya girir, qız və qadın bağırır, hər ikisini tutub dışarı çıxarır. Qadını öldürmək istəyir) Al bu toppuz da sənin.
Gözəl (yalvarır). Əvvəlcə məni öldür!
Alagöz. Yox, onu öldürmə! Məni öldür də onu azad et! And verirəm səni qaranlıq ifritəsinə!
Div qadını öldürür, qız bayılır. Div onu qolları arasına alır.
Div (qıza diqqətlə baxıb). Ah, bu çapqın gözlər, içimdə bir şimşək kimi çaxdı, qollarımı gücsüz buraxdı. Ox! Gözəllik! Mənim dəmirdən qatı olan ürəyimi yumşaltdı. (Düşünür) Yox, bu gözəlliyə aldanırsam, sonra bir bəla açar. (Öldürmək istərkən qız gözlərini açar) Of, yenə o baxışlar ürəyimə saplandı. (Əyilib öpmək istər)
Gözəl (divi əli ilə itələyib). Uzaq ol, alçaq, öldür məni də!
Div (ona bir qədər baxdıqdan sonra). Qız, gəl inad etmə, səni zümrüd köşkə götürüm, qızıl alma bağında şən-şən yaşayaq. Bu don heç çənin kimi gözələ yaraşırmı? Sənə elə gözəl donlar geyindirim ki...
Gözəl. İstəmirəm, sənin kimi alçaqla yaşamaqdansa, şanlı ölmək xoşdur. İncitmə, öldür məni də!
Div (acıqlı baxar, birdən ürəyini tutub). Tərs və inad qız, əllərimi sənin qanınla boyamaram, haydı gedək. (Qızı qucağına alır... Göy gurlar, dörd-beş dəqiqə səhnə qaranlıq qalır. Ara-sıra göy gurlaması eşidilir. Orta pərdə qalxar, səhnə işıqlanır, zümrüd köşk qarşısındakı alma bağında, Gözəl bir xalça üstündə oturmuş və div də başını onun dizinə qoyub yatır)
Basyat (əlində saz, görünür, yavaş-yavaş sazı çalıb-oxuyur).
Bulud könlüm açılmaz, qış-yaz ağlar,
Vəfasızdır könlüm hələ az ağlar.
Ovundan ayrı düşmüş bir ovçuyam,
Ov ağlar, ovçu ağlar, həm saz ağlar.
Gecə-gündüz yanaram, əhvalıma
Kəklik ağlar, turac ağlar, qaz ağlar.
Basyat qızı, qız da Basyatı görür, Basyat çalıb-oxuyur.
İtirdiyim ovun buldum izini,
Dünya Gözəlini görməyə gəldim.
Dərə, dağlar aşıb həsrətlə bu gün,
Üzümü üzünə sürtməyə gəldim.
Dünyagözəli (oxuyur)
Nə gəzirsən, oğlan, bu qanlı yerdə?
Saldın öz əlinlə özünü dərdə,
Ölüm, itim var bu qorxunc səfərdə,
Oğlan, div oyanar, yazıqsan, var get!
Basyat
Getmərəm, gözəlim, sənə çatmayınca,
Dodaq dodağına uzatmayınca.
Divin başın kəsib ta atmayınca,
Yolunda canu baş verməyə gəldim.
Dünyagözəli
Aşna gəlir mənə səsin və özün,
Yoxdur, oğlan, sənin heç ovçu gözün,
Ovun bir bulmuşdun, itirdin izin,
Oğlan, div oyanar, yazıqsan, var get!
Basyat
Eşitdim yıldızın oyanmamışdır,
Dağınıq tellərin daranmamışdır,
Sevginlə çarpan qəlb dayanmamışdır,
Tellərin darayıb, hörməyə gəldim.
Dünya gözəli ağlar, Basyat yaxınlaşıb divin ayağını xəncər ilə deşər. Div oyanır.
Basyat. Qalx, alçaq, sonra demə məni yuxuda namərdliklə öldürdü.
Div (yerindən sıçrayıb toppuzunu alar, Basyata hücum edər). Ey bəni-adəm, eşitdinmi, bu yerlərə başlı gələn, başsız gedər!
Basyat (istehza ilə). Eşitdim, alçaq! Mən də qol gücünü sınamaq üçün gəldim.
Div (toppuzunu oğlana atır). Al toppuzu!
Basyat qılıncı ilə toppuzu rədd edər, bir qədər vuruşurlar, heç birisi qalib gəlməz.
Div toppuzu atıb, güləşməyə başlar, güləşirlər, oğlan divi yıxır, beybud ilə
nə qədər vurur, bir şey olmayır.
Dünyagözəli. Oğlan, onun canı gözlərindədir, beybudu gözlərinə sox.
Basyat (beybudu gözlərinə soxunca, div bağırıb ölər, göy gurlar, Basyat gəlib Dünya gözəlinin əlindən tutub, önündə diz çökər). Yuxumda gördüyüm gündən bəri sənə yetişmək üçün hər zəhmətə qatlandım. Bu gün səni görməklə gözlərim işıqlandı. (Əllərini tutub öpmək istər)
Dünyagözəli (əllərini çəkib). Mən əllərimi deyil, dodaqlarımı sənə təslim edəcəyəm. Sən məni iki böyük bəladan qurtardın: biri bu, biri də atamın evində xəstə yatarkən.
Basyat (qızın əlləri əlləri içində, ayağa qalxıb heyrətlə). Məgər sən kimsən?
Dünyagözəli. Mən Tapdıq çobanın qızıyam!
Basyat (əllərini çəkib). Tapdıq çobanın qızı? (Üzünü məyusluq və hiddətlə çevirir, sonra gözləri qızın gözlərinə sataşınca gülümsəyir) Yazıya pozu yoxdur, gözəlim! (Qıza sarılır. Pəri qızlar dəstə-dəstə gəlib onların başlarına çiçək səpərlər. Balet başlar)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-yaziya-pozu-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Kimdir bizim m inarədə əzanları susduranlar?“Doğru yola sapm a!” deyib qanlı irin qusduranlar?
Dünya mənə tanış gəlirMəni qınamayın,Dünya mənə tanış gəlir,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Sənə inanıramNə dona girsə də ilandır, ilan,Lənət ağına da, qarasına da.