Güzgü göl əfsanəsi
Page 6 of 10 · 50%
– Necə ibadətlə məşğulsan, Çaqqal?
– Görmürsənmi Allah dərgahında necə də süst dayanmışam? Necə də şükür sənə edirəm ki, xudaya, gör mən nə xoşbəxtəm ki, öz məcnuni eşqimin yolunda sağ gözümü bu gözələ qurban verdim. Necə də o Qəcələ xəbərçinin, yalançının, külli-aləmi aldadan bir carçının paxıldan paxıl bir əclaf olduğunu sübut etdi... Düzü, bundan belə yıxılıb ölsəm də ürəyimdə heç bir arzum yoxdur, Maral xanım!
– Niyə bəs belə bir vüsal pilləsində özün nagahani ölüm istəyirsən, Çaqqal?
– Nədən ki, indi Maral xanım öz aşiqinə tamamən inandı və şəkk-şübhədən çıxdı, canı, ürəyi, diləyi, arzusu Maral xanım olan Çaqqal dünya gözəllərinin zər-zibalı tacdarına, Göy göl diyarının gözəllik ilahəsinə qolu bağlı qul oldu və quldan da artıq bu gözəl xanımın ayaqlarına sərilib torpağa dönməyə hazır olduğunu sübut etdi!
– Uzatma belə-belə söz-söhbəti, yala müşk-ənbərimi, Çaqqal!
– Düzü, elə bir sevinc, elə bir həyəcan, elə bir eşq girdabındayam ki, heç cürə Maral xanıma yaxınlaşa bilmirəm!
– Canını dişinə tut, yala ənbərimi, Çaqqal!
– Əsla, Maral xanım!.. İndi mən heç də o halda deyiləm!
– Öz qəsidələrin ilə məni qızışdırırsan, ancaq alovlarımı söndürə bilmirsən, Çaqqal!
– Mən, Maral xanımın ehtiraslı alovlarında hey yanmaq istəyirəm! Mən Güzgü göl gözəlinin sönmək bilməyən odunda yana-yana kömürə, külə dönmək istəyirəm!
– Sən məni bax belə bir sehrli dilinlə yandırırsan, sağ gözünü yolumda feda edən qəhrəman!..
– İlahi, gör nə xoşbəxtəm!.. İlahi, görəsən bu dünya üzündə məndən də xoşbəxti varmı?
– İbadəti burax, Çaqqal!.. Gəl müşkümü yalam-yalam elə, özü də nə qədər istəyirsən dişlə, lap istəyirsən bu yağlı göbəyimi, bu məni dəli-divanə edən müşk-ənbər ətri verəni ye! Ye ki, ta canım biryolluq bu intəhasız əzab-əziyyətdən qurtarsın!
– Heç belə ilahi gözəlin müşk-ənbər ətri saçan göbəyinə qıymaq olarmı?
– İbadəti burax, Çaqqal! Gəl lap məni başlı-bütünlü ye! Ye, canımı bu ehtiras alovlarından xilas et. Ye, məni qurtar ki, cəhənnəm alovları içində bunca qovrulmayım!
– İlahi, ilahi!..
– Yenə də əllərini göyə qaldırırsan, Çaqqal?
– Çox həyəcanlıyam... Elə həyəcanlıyam ki, diqqətlə baxsan görərsən ki, necə də tir-tir titrəyirəm!
Vələsin haçası arasında Qəcələnin başını çıxarıb itiləşən dimdiyini göstərdiyini görən taygöz Çaqqal birdəncə dönüb əsim-əsim əsməyə başladı.
– Allah dərgahında niyə belə əsirsən, Çaqqal? – deyə Maral xanım köşək gözlərini döndərib, uzun kirpiklərini süzdürdü. – Elə bil ki, doğrudan da boğulursan?!
– Məcnuni-eşqin girdabında ölürəm!
– Onda əlac nedir ki, mən öz məcnunumu itirməyim?
– Əlac məcnunu özbaşına buraxmaqdır!
– Yəni nə etməkdir?
– Qoyun mən öz mağarama sürünüm, Maral!
– Orada nə edərsən?
– Can verərəm!
– Demək, mən dul qalaram?!
– Yox, yox, ölsəm də ilahi eşqin əbədiləşən ruhi aləminə gedərəm. Tamamən təmizlənib, paklanıb bir də Maral xanımın yanına qayıdaram!
Qəcələnin qorxusundan tir-tir əsən Çaqqal Güzgü gölün yanında olan məlum mağaraya süründü.
Qəcələ yuxarıdan dilləndi. Maral boylandı:
– Eşidirsənmi məni, Maral xanım?
– Sənsən, xəbərçi Qəcələ?
– Bəli, mənəm, xəbərçi Qəcələyəm!
– Bəs niyə bayaqdan bəriyə qənşərə çıxmırsan?
– Çünki Maral xanımın yerə-göyə sığmayan belə nagüvara hərəkətinin müqabilində utanıram, qızarıram, yerə girirəm.
– Sən çox-çoxdanın zəhər-zəqqum dilli Qəcələsisən!
– Bəs sən necəsən, Maral xanım?
– Mən öz eşqimin əsiriyəm!
– Hansı eşqinin? Bəlkə, tülküləşən Çaqqalın yağlı dilinin əsirisən?!
– De görüm, məndən nə istəyirsən, Qəcələ?
– İstəyirəm ki, aldanmayasan, öz taleyini Çaqqala tapşırmayasan!
– deyə Qəcələ böyük vələsin haçasından çıxdı, gəlib Güzgü gölün yanında dayanan, öz əksinə baxan Maral xanımın müqabilindəki şiş qayanın başına qondu.
– Qoy bu gözəllik səni uçurumlara aparmasın! Qoy bu gözəllik səni çaqqal-çuqqalın ayaqları altına atmasın!
– Yəni Qəcələnin də elə bir atəşin eşqi var ki, belə qısqanır?
– Yox, əsla!.. Bir quşun, Qəcələnin Maral xanıma qarşı atəşin eşqi ola bilər?
– Bəs onda bu diyarda kimin eşqi mənə gərəkdir?
– Sizə müqabil bir buynuzlu Maralın!
– Əgər buynuzlu Maral bu diyarda qəhətə çıxıbsa?
– Səbriniz olsa, öz taleyinizi tələm-tələsik çaqqal-çuqqala tapşırmasanız, hamısı düzələr!
– Elə mən də gecikən, indiyəcən gəlib çıxmaq bilməyən elə bir bığlı bəyin acığına gözəlliyimi görən, bəyənən, öz sağ gözünü yolumda qurban verən Çaqqalı görürəm, özünü də bərk-bərk tuturam!
– Siz ağlayacaqsınız, Maral xanım, özü də yamanca çox hönkür-hönkür ağlayacaqsınız!
– Sözündən belə çıxır ki, Çaqqal məni dirigözlü yeyəcəkdir?
– Bəli, siz öz müşkünüzü o sarı-sısqaya yalatdıra-yalatdıra özünüzü dirigözlü yedirəcəksiniz!
– Çaqqal nə qədər məni yesə də qurtarmaz!
– Çaqqal yeyib-yeyib səni qurtaracaqdır, Maral xanım!
– Bəlkə sizə, Qəcələyə də məndən bir pay düşər?
– Yox, mən Güzgü gölü Maralsız, Göy gölü belə gözəlsiz qoymaq istəmirəm!
– Mənim başımı çox yamanca ağrıdırsan, Qəcələ! – deyə Maral xanım küskün-küskün mağaraya tərəf yollandı. Qəcələ budaqdan-budağa uça-uça car çəkdi. – Qoy eşidən eşitsin, bilən bilsin ki, sən necə zırın-zırın ağlayacaqsan, Maral xanım! Necə də öz boynunu büküb bu Güzgü gölün sahilində zar-zar ağlayacaqsan!
Bütün bu oyunu başa düşən, bic Qəcələnin müqabilində tamamən tülküləşən taygöz Çaqqal bir abidə dönüb Allah dərgahına əl qaldırmaqla öz ürəyitəmizliyini, Maral xanıma olan böyük eşqinin paklığını nümayiş etdirirdi...
Axı, gözəlliyin gətirib bəxş etdiyi xoş səadəti qorğanan ayıq baş gərəkdir! Yoxsa, gözəlliyin sərməstedici sərxoşluğu gözəlin başını kərm edib qızışdırdı, daha bu gözəllik talan-qarət olub gedəcəkdir, gözəllikdən hər nə varsa, hədər yerə itib-batacaqdır, səadət əvəzinə fəlakət-faciə baş verəcəkdir. Gözəlin marığında dayanan çaqqal-çuqqaldan qorğanmaq üçün çaqqal-çuqqalın ağzına vuran qəti iradəli keşikçi gərəkdir! Yoxsa, bu sərvət talan olacaq, bu sərvəti çaqqal-çuqqal dartıb aparacaq, kefi istədiyi kimi kef çəkəcəkdir! – Mütəfəkkirləşən Qəcələ özü üçün düstur düzəldir, öz gələcək xətt-hərəkətini dürüstləşdirib aydın etmək istəyirdi. Buna görə də Qəcələ üçün mütəfəkkirləşməkdən başqa daha da mühərrikləşmək, çevikləşmək, cəldləşmək, qırğılaşıb amansızlaşmaq gərək idi ki, göz-qulaq olub görsün bu Çaqqal haçan öz andını pozur, haçan Maral xanım öz məddahının çıxılmaz toruna düşür, özü də necə və nə təhər düşür? Elə olsun ki, Maral xanım bic Qəcələnin həyəcan və tələblərinin heç də əbəs yerə olmadığını görsün, bilib başa düşsün ki, Maral xanım öz qızışan göbəyinin od-alovu içində ölüm-dirimlə oynayır!
– Yox, belə deyildir, belə də olmamalıdır, – deyə Qəcələ qanaddan-qanada qona-qona hərləndi, xəlvətcə gəlib daş mağaranın ağzından içəriyə süzən həmin Vələs qanadında qərar tutdu. Maral xanım heç nə duymadı. Lakin sol gözünün dərdinə qalan, Qəcələnin özünü belə aldatmaq, Maral xanıma tamam-kamal yiyələnmək istəyən Çaqqal bic Qəcələnin necə gəldiyini duydu, onun vələs qanadında necə gizləndiyini də bildi. Onu titrətmə tutdu, güclə dişlərinin şaqqıltısını saxladı. Qəcələ gördü ki, Maral xanım özünün sərxoş və küskün gözəlliyi ilə üzünü Çaqqala tərəf döndərib qol-qılçasını da boş-boşuna uzadıb yatıbdir. Çaqqal isə ehtiyat üzündən öz üzünü daşa tərəf çeviribdir və sağ gözünün çanağından yenə də qanlı yaş tökməkdədir. Maral xanım hələ də Çaqqalı öz halına qaytara bilməyibdir. Alovlanan müşkünü Çaqqala yalada bilməyibdir. Küskünləşən, müəyyən dərəcədə bədbinləşən gözəl Çaqqala da olsa həmdəm olub, ovunmaq istəyirdi. Axı, Maral xanımın gözəlliyindən də artıq qıcıqlanan ehtiras selabı onu götürüb yumarlaya-yumarlaya aparırdı. Sərməstlik içində fikrə, xəyala gedən Maral xanım gah Maral gölə düşüb onun dalğalarında üzür, ləpələrində qıvrılıb-açılır, onu müşayiət edən Maral surətləri çoxaldıqca çoxalır... Maral xanım burada bəsdi deyincə üzəndən sonra çıxıb, Qazandurmaz dağına qalxır, oradan Qoşqar dağına tamaşa edir. İntəhası görünməyən çaylar, çəmənlər Maral xanımı özlərinə çağırır... Maral xanım buradan da qayıdıb haçadil Kəpəz dağına dikəlir, oradan da o tərəf dağlara, meşələrə boylanır. Birdən də Maral xanım buradan düşür, qaça-qaça uzaqlaşır, ancaq nə Çaqqalın ondan üzüldüyünü, nə də özünün Çaqqaldan üzülə bildiyini görürdü... Ümumən, Maral xanım harda idi, Çaqqal da orada idi...
Maral üzü o tərəfə yatan Çaqqalı tərpətməli oldu:
– Niyə üzünü bəri döndərmirsən, Çaqqal?
– Niyə döndərim, Maral xanım?
– Bəs bayaqdan əmr etmirəm ki, bu alovlanan müşk-ənbəri yala, yala və soyut...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
Use ← → keys to move, R for a random poem
More by this author
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Poems by other poets
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.