Güzgü göl əfsanəsi
Page 8 of 10 · 70%
– Bir qanadı ilə burada olsa, bu xısın-xısın danışığımızı eşitsə, onda Qəcələ sənə nə edər?
– Onda mütləq mənim sol gözümü də çıxarar.
– Yəni amansız Qəcələ səni tamam-kamal kor qoya da bilər?
– Bəs onda biz bu Qəcələnin əlindən nə edək?
– Gərək hər cürə olsa, Qəcələnin gözlərindən yayınıb uzaqlaşaq!
– Haraya?
– Uzaqlara!
– Uzaqlara gedə bilərəmmi?
– Niyə gedə bilmirsən?
– Bəs mənim Güzgü gölüm?
– Oralarda da göl taparıq!
– Mən bu Güzgü gölü heç bir yanda tapmaram.
– Güzgünün özünü taparıq.
– Güzgünün özü də Güzgü gölün yerini verə bilməz!
– Demək, Maral xanım Güzgü gölsüz dura bilməz?
– Heç bircə gün də olsa, yox!
– Niyə bəs belə, Maral xanım?
– Maral xanım adətincə, öz gözəlliyinə Güzgü göldə doyunca, bəsdi deyincə tamaşa etməsə yaşaya bilməz!
– Oralarda da göl taparıq, özün-özünə tamaşa edərsən.
– Mən bütün dünyanın heç bir yerində belə bir Güzgü göl tapa bilmərəm.
– Demək, Maral xanım bu Güzgü gölə cismən və ruhən bitişibdir?
– Bəli, beləcə ayrılmaz surətdə bitişibdir!
– Bə sənin sevimli Çaqqalın necə?
– O da cismən və ruhən Maral xanıma bitişibdir!
– İlahi, ilahi, gör necə də xoşbəxtəm!..
– Yenə tezcənə həmin-həmin abid olma, Çaqqal!.. Yala, mənim hər yerimi. İlahi, ilahi, bu ümman etibara min-min şükür!
– Ümman etibardan da artıq məni burulğanlara salan insafsız ehtirasa!
– Belə ehtiras alovuna min-min şükür, ilahi!..
Maral xanımın qızışdığını görən Çaqqal mətləbinə yaxınlaşmaq məqsədi ilə sözü döndərib dedi:
– Hər nə olur olsun, ancaq mən Maral xanımı bir qəribə yerə aparmaq istərdim!
– Haraya belə?
– Bir xəsilliyə!..
– Xəsillik nədir?
– Gözəllik xəzinəsi!
– Yəni istədiyin qədər gözəllik götür, eləmi?
– Belə, Maral xanım!
– Lap Maral göldən də çox?
– Bəli, Maral-göldən də çox, Maral xanım!
– Göy göldən də artıq?
– Bəli, Maral xanım, Göy göldən də artıq!
– Bu gözəllik xəzinəsi belə haradadır, Çaqqal?
– Harada olduğunu bir tək mən özüm bilirəm!
– Uzaqdır, ya yaxın?
– Bir qədər uzaqdır, Maral xanım!
– Elə bir uzaq yola düşsək yorulmarıq ki, Çaqqal?
– Bir az yorularsan, Maral xanım!
– Sonra bəs necə?
– Sonra Maral göldə çimərsən, yorğunluğun çıxar!
– Onda elə bu dəfə daha yaxın Göy göldə çimərəm!
– Olsun, Göy göl!
– Sonra da Güzgü gölə baxaram, görüm sənin o tərif etdiyin gözəllik xəzinəsindən nə qədər gözəllik götürmüşəm?!
Ənbərini yalada-yalada xoşhallanan Maral xanım üçün gözəllik xəzinəsi deyilən xəsilə baş vurmaq, həmin xəsillikdən də gözəllik götürmək, dönənbaşı Göy göldə çimib yol yorğunluğunu çıxarmaq, buradan çıxıb Güzgü gölün sahilinə gəlmək, xəsillikdən vücuduna, qanına, canına nə qədər, nə dərəcədə gözəllik hopduğuna tamaşa etmək gərəkdi!
Çaqqal öz tülkü dili və məkrlə Maral xanımı bişirəndən sonra, Qəcələnin gözündən özünü də, Maral xanımı da yayındırıb, aşağıya, axar-baxara, gözəllik xəzinəsinə doğru aparmağı qəti olaraq qərara aldı.
Taygöz Çaqqal məşuqəsi Maral xanımı gözəllik xəzinəsi xəsilliyə çəkib aparanda bilirdi nə edir!.. Çünki Çaqqal hələ neçə-neçə il bundan əvvəl bu axar-baxarı gəzib dolanmışdı, bilirdi ki, burada ümumən ox atan, tələ qurub ov tutan ovçuların oylağıdır! Burada gözündən tük yayınmayan, ov ovlayan, quş quşlayan ovçular var! Bunlar ara-ara, ovları diri-diri tələyə salır, dəstgir edirlər. Yəni Çaqqal qabaqcadan bilirdi ki, bu Maral xanımı tovlaşdırıb aşağılara endirmək, gözəllik xəzinəsi adlandırdığı xəsisliyə aparmaq nə deməkdir!.. Çaqqal üçün Maral xanımı Qəcələnin gözündən yayındırıb uzaqlaşdırmaq, məşuqə xanımı tez-tez duyuq salan Qəcələdən kənarlaşdırmaq, Göy gölü, vələsləri, dağ-daşı belə öz xəbərləri ilə dolduran bir xəbərçidən yayındırmaq çox zəruridir. Bu axar-baxarlı meşə talası dairələrdə qatış-bulaşdı, get-gəldi, heç kəs heç kəsin ərizəsini oxumur. İşdir, Qəcələ duyuq düşüb bunların dalınca gəlsə, güman ki, bunları çox çətin tapsın, bu yerdə tələyə salınan Maral xanıma əhəmiyyətli bir kömək göstərə bilsin. Bəs belə olan halda taygöz üçün bu axar-baxarlı yer, gözəllik xəzinəsi xəsillik təhlükəli deyildimi?.. Əlbəttə, bu yerlər Çaqqalın özü üçün də təhlükəli idi. Ancaq bu təhlükəli dairədə girəvəsinə salıb Maral xanımı daha da artıq qorxutmaq, göz açmağa macal vermədən tovlaya-tovlaya başını piyləmək olar. Qəcələ bu Güzgü göl səmti, Göy göl diyarında Çaqqala aman-iman verməz, necə deyər ona bütün bir göz deyil, yarıca bir göz qoysa da, iynə ulduzunca işıq verməzdi! Qəcələ öz dimdiyi ilə onu başına döyə-döyə gəbərdərdi. Qəcələ getdikcə Çaqqal üçün quşların yırtıcısı və tacdarı olan qartaldan da qatqat qorxulu görünməyə başlayırdı. Çünki Qəcələ bu Çaqqala öz zərbdəstini göstərmişdi. Bir də Qəcələ Çaqqalın girəvəsini əlinə keçirincə, onu çox yamanca bir divana çəkəcəyi də sarı-sısqa üçün aydın idi! Bəlkə də, belə bir divan davam edəcəkdi:
“– De görüm, sən Çaqqal, dar ayaqda mən Qəcələnin çıqqasına and içdinmi?”
“– Bəli, and içmişəm!”
“– Bəs onda niyə sən heyvərə öz andını tülkücəsinə pozub Marala xəyanət edirsən?”
“– Düzü, cənab Qəcələ, mən Çaqqal hər necə boyun qaçırıramsa, yenə də Maral xanımın öhdəsindən gələ bilmirəm”.
“– Niyə?”
“– Belə ki, Maral xanım mən Çaqqalı çox nagüvara işlərə məcbur edir!”
“– Maral xanım səni nagüvara işlərə necə məcbur edə bilər?”
“– Deyir ki, hey məni qıdıqla!”
“– Necə yəni hey məni qıdıqla?”
“– Yəni eyib də olmasın, Maral xanım mən Çaqqalı hey məcbur edir ki, göbəyimi yala!”
“– Daha Maral xanım sən Çaqqalı niyə və nəyə məcbur edir?”
“– Dinləməyə!”
“– Necə dişləməyə?”
“– Bərk-bərk dişləməyə! Deyir ki, sən Çaqqal bərk-bərk dişlə göbəyimi!”
“– Yəni deyir ki, gödənimi də çıxart?”
“– Az qala belə də buyurur, cənab Qəcələ!”
“– Deyir, axı “Çaqqal var gödən çıxarır, ancaq qurdun adı bədnam olur!”
“– Yox, mən Çaqqal o gündən bu günə cıqqasına qəsəm qıldığım Qəcələnin qarşısında öz andımı pozmamışam!”
“– Əgər sən Çaqqal mən Qəcələyə öz tək bəbəyinin ortasına qədər yalan deyirsənsə?”
“– Nədən bilirsən ki, mən Çaqqal sənin kimi bir cənaba yalan deyirəm?”
“– Gecənin zülmətində daş mağarada sən Çaqqal tovladığın, qəsidələrinlə qanına susadığın Maral xanımı xoşhallandırmısanmı?”
“– Daha mən Çaqqal biçarə o alovlanan Maral xanımın öhdəsindən gələ bilmədiyim zaman nə edə bilərdim?”
“– Demək, sən Çaqqal mənə olan andını pozmusan?.. Demək, sən Çaqqal mən Qəcələnin cıqqasını, ya şah tacını götürüb ayaqlar altına atmısan?” – deyə Qəcələ belə hüquq dili ilə apardığı əzmli, aydın istintaqdan sonra, düz birbaşa qartal zəhmilə Çaqqalın kəlləsinə qonub onu gicəlləndirər, döyə-döyə aparıb bir uçurumdan uçurub dərin bir dərənin dibinə tullar, leşini hazır cəmdək gözləyən qarğa-quzğuna qismət edərdi. Özü isə keflə, damaqla havada qartalsayağı süzər, Kəpəzdən Murovdağa, Murovdağdan da Qoşqara şığıyardı. Yox, Çaqqal üçün girəvəni Qəcələyə vermək, ölüb-itib getmək gərək deyildi! Çaqqal üçün zirək olmaq, olmazın tərif və qəsidələrlə başını piylədiyi, qılça-paçasına yol aldığı Maral xanımı başlı-bütünlü gəmirmək gərək idi!.. Özü də bəs harada? Güzgü göl üstündəmi? Göy göl diyarının qalın meşəsindəmi? Yoxsa, xeyli aşağılarda, axar-baxarlı bir yerdə, xəsillikdəmi? Əlbəttə, aşağılarda, gözəllik xəzinəsi xəsillikdə! Elə oradan da Çaqqal üçün daha aşağılara düşmək, aranlara enmək, Kür və ya Araz çayının qalın-qalın qamışlıqlarında çaqqallara qarışmaq özünə bərabər bir quru çaqqalla sevişmək, birləşmək, özü kimi çaqqal nəslini artırmaq olardı. Elə orada da Tülküyə deyə bilərdi ki, ay dayı, mən hara düşmüşdüm!.. Necə sənin tülkü dilin mən Çaqqala kömək etdi!.. Necə Qəcələ mənim sağ gözümü çıxartdı, sənin dilini işə salıb sol gözümü bəladan qurtardım, necə ay dayı, mən sənin dilinlə Maral xanımı tovlaşdırdım, necə göbəyinə yol alıb gödənini çıxartdım, xanımın aşını bişirdim... Onda şübhəsiz, tülkü dayısı da Çaqqal bacıoğlusunun hünərini bəyənər, yan-yörədə olan tülküləri də, çaqqalları da toplayıb deyər ki, baxın, mənim təlimatımdan düstur alan bu hünərməndə! Görün, bacıoğlum Çaqqal Göy göl diyarında necə bir dastan açıbdır!..
Belə dəyiş-düyüşlü fikrə gedib, özünü zora salan Çaqqal əlini qaldırıb gicişən başını qaşıdı, Güzgü göl qarşısında dayanan, yorulmadan öz surətinə tamaşa edən, özündə yüzdən də artıq gözəllik nişanəsi tapan, gözəllik xəzinəsi xəsislik aləminə gedib daha artıq gözəlləşmək həvəsində olan Maral xanım soruşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
Use ← → keys to move, R for a random poem
More by this author
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Poems by other poets
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.