Güzgü göl əfsanəsi
Page 7 of 10 · 60%
– Düzü, Maral xanım, yamanca həyəcanlıyam. Düzü, burada zarısam da, ibadətdən ayrıla bilmirəm!
– Sən mənə ibadət et, Çaqqal!
– Axı, ibadət edən Allah dərgahındadır!
– Lap Allahın özcə gözünün qabağında yala ənbərimi, Çaqqal!
– Günah olmazmı, Maral xanım?
– Qoy günah olsun, qoy sənin ibadət etdiyin Allahın məni cəhənnəm odunda yandırsın!
– Axı, mən Maral xanımı behiştdə görmək istərdim!
– Aşiq-məşuq üçün cəhənnəmin odu da qorxulu deyildir, Çaqqal!
– Belə nəyə görədir, Maral xanım?
– Çünki aşiq-məşuqun od-alovu özlərinə bəs edər!
– Yəni Maral xanım belə sönmək bilməyən əbədi atəş içindədir?
– Bəli, Çaqqal! – deyə Maral xanım öz əlini bərkdən Çaqqalın belinə ilişdirdi. Ancaq Qəcələnin cıqqasına and içən, öz adında sadiq olduğunu qanadda gizlənən Qəcələyə göstərən, öz sol gözünü də elə indicə bu mağaranın içində güdaza vermək istəməyən Çaqqal dönüb çömbəldi, hər iki əlini yuxarıya qaldırdı:
– Mən məşğulam, Maral!
– Yenə də abidliyə qurşandın, Çaqqal?
– Bəli, Maral xanım, biçarə bəndəniz bu hüdudsuz səadətə şükürsəna edir!
– Yoxsa, arayıb-axtarıb, düzü dünyanı dolanıb, özümə bir başqa Çaqqal taparam ha, seyrəkbığ oğlan!
– Mən Maral xanımın əbədi kölgəsinə dönərəm, həmişə onunla olaram!
– Bunca uzun-azadı ibadətin nə üçündür, Çaqqal?
– İbadətim onun üçündür ki, Allah-təala bizim qonşumuz Qəcələnin ömrünü uzatsın!
– Axı, nə üçün Allah-təala düşmənimiz olan xəbərçi Qəcələnin ömrünü uzatsın?!
– Düzü, indicə yadıma düşür ki, Maral xanıma olan eşqim üçün o mənə necə ibrətamiz təlimat keçibdir!
– Sən zəhərdil, xəbərçi Qəcələnin adını bərqəsd mənim yanımda çəkib məni əsəbiləşdirməkmi istəyirsən, Çaqqal?
– Gərək hər necə olsa da, qonşumuz Qəcələ ilə sazişə girib onunla dil tapaq!
– Düşmənlə nə dil, Çaqqal?
– Elə indicə, bu an Allahdan belə bir vəhy gəldi ki, bəs siz barışın!.. Axı, müharibə aparanlar belə bir gün cana doyurlar, əyləşib sülhdən, sazişdən danışıb bir-biri ilə dil tapmağa cəhd edirlər!
– Sən lap dayın tülküdən də yaman bir tülküsən, Çaqqal!
– Mən ancaq və ancaq haqq aşiqiyəm, Maral xanım!
– Haqq aşiqi, haqq aşiqi... Bilmirəm, heçcə nəyi mən...
– Bəli, indicə bu an belə vəhy gəlir ki, haqq aşiqi olanlar vüsaldan binəsib olurlar!
– Necə binəsib olurlar?
– Bax, beləcə yıxılıb can verirlər və nakam ölürlər! – deyə ibadətini yarımçıq qoyan, tülküləşən Çaqqal Qəcələnin qorxusundan birdən tir-tap düşdü. Maral xanım Çaqqalın iztirablarına inansa da, bic Qəcələ inanmaq istəmədi. Qəcələ öz gündəlik nəzarətini artırmağı, bu macəralı oyunun oynana-oynana necə davam edəcəyinə göz qoymağı qət etdi, gözlərini dörd edib daha sərvaxtlıqla gözləməyə başladı.
Belə bir vəziyyət həm gülməli, həm də ağlamalı deyildimi? Bic Qəcələnin özü də bilmədi bu hala gülsün, necə gülsün, ağlasın, necə ağlasın?!..
Qəcələ rəqibi Çaqqalın üstündə göz olan kimi, Çaqqal da hər necə ölüb-dirilsə, yenə də Qəcələnin üstündə göz olmağa, girəvəni əldən verməməyə cəhd edirdi. Qəcələ rəqibdən də artıq düşmən kəsildiyi Çaqqala gözətçilik edən kimi, Çaqqal da ölə-dirilə Qəcələnin üstündə göz olmağa, bacardıqca fürsəti fövtə verməməyə cəhd edirdi. Sağ gözü çıxarılan, sol gözü də çıxarılmaq təhdidi altında olan Çaqqal istəmirdi ki, Qəcələnin əlinə tutalqa versin, ehtiras alovları içində yanan Maralın göbəyini Qəcələ görə-görə yalasın, bir də təzədən Qəcəlini qırğılaşdırıb kəlləsinə qondursun, sol gözünü də sağ gözü kimi güdaza versin. Lakin Qəcələnin gözləri qabağında dönə-dönə ölüb-dirilməyə hazır olan Çaqqal hər necə olsa da Maral xanımdan üzülmür, gizli məqsədindən geriyə durmur, aradabir xəlvətcə-xəlvətcə mağaranın içində, zülmət qaranlıqda Qəcələ yuxarı qanadda mürgüyə gedən zaman yavaşca-yavaşca başını döndərib Maral xanımın qılça-paçasını tumarlayır, Maral xanım oyanınca onun əmrinə əməl edib öz dilini onun ənbərinə uzadır, tələm-tələsik yalayıb xanımı xoşhallandırırdı. Bu vaxt Maral xanım özünü boş qoyur, Çaqqala heç bir maneçilik göstərmir, sağ gözünü ona qurban verən aşiqindən zövq alır, həm də öz aşiqinə nəşə verib, ona borclu qalmaq istəmirdi. Ancaq Maral xanım bilə bilmirdi, niyə bu Çaqqal əvvəl vaxtlarda olduğu kimi, indi daha öz dişlərini işə salmır, az-maz da olsa yağlı göbəyini dişləyib qıcıqlandırmaqdan, ehtiraslandıran hərəkətdən boyun qaçırır...
– Nə olub sənə, Çaqqal, niyə belə sustlaşmısan, ölüb-ölgünləşmisən?
– Yavaşca, Maral xanım, – deyə tülküləşən Çaqqal ustalıqla xısın-xısın danışıb, Maral xanımı da onun kimi xısın-xısına öyrədirdi. Maral xanım da hər necə möhtəris olsa da mütilik göstərir, tezcə yumşalıb məddah və pərəstişkarı olan Çaqqal bəyin dediklərinə əməl edir, o da eynən xısın-xısın cavab verirdi.
– Soruşuram, nə üçün belə sustalmısan, Çaqqal bəy?
– Niyə sustalıram, Maral xanım?
– Belə ki, bir cürə asta-asta nəzakət və ədəblə tərpənirsən?! Axı əzəlləri az qala sən yalquzaqlaşırdın, canavarlaşırdın! Didib-dağıtmaq, yalquzaq canavar sayağında cumub parçalamaq istəyirdin!
– İndi daha sənə elə bir kobudluğu qıymıram, Maral xanım!
– Qıy, Çaqqal, qıy! Mən sənə hər necə istəsən, elə də ixtiyar verirəm!
– Hər necə ixtiyar versəniz də, mənim dişlərim daha Maral xanımın göbəyindən qan çıxarmaq istəmir!
– Az-maz qan çıxar, Çaqqal!
– Qorxuram qızışam, çox qan çıxaram!
– Çıxar!.. Mənim qanım da, canım da sənə halaldır, Maral?! Mən tamamən sənin sərəncamındayam!
– Məni tez-tez Allah dərgahından çıxarma, Maral! Hər dəfə Maral xanımın iltifatından doğub gələn səadət sədaların eşidəndə mən öz əllərimi dərgah qapısına qaldırmalıyam! Abidləşmək, lap peyğəmbərləşmək istəyirəm!
– Bəyəm peyğəmbər olan kəs məcnuni-eşqdən məhrum olur?
– Yəni deyirəm ki, o qədər ki, Maral xanımdan lütf görürəm, səadətə qovuşub ilahiyyat aləminə varıram... Cismən yerdən üzülüb, ruhən ərş-əlada Maral xanıma qovuşuram!
– Mənə göy yox, yer gərəkdir, Çaqqal!
– Hansı yer, necə yer, Maral xanım?
– Bax, bu daş mağara, Çaqqal!
– Bəs niyə belə, Maral?
– Nədən ki, odlu-alovlu xanımlar deyərlər ki, ərim ər olsun, kol dibi də evim!
– İlahi, ilahi, – deyə Çaqqal yenə də yağlı dilini işə saldı. – Maral xanım mən binəva taygözün əlinə necə də öz ali fəzilətini təslim edir!
– Çün eşq atəşim şiddət kəsb edir, Çaqqal!
– İlahi, bu şiddətli eşq atəşində məni yax-yandır, öldür!
– Yenə ölmək, dirilmək istəyirsən, Çaqqal?
– Bəli, ölmək, ancaq ölmək istəyirəm!
– Bəs birdən öldün, heç dirilmədin, onda necə?
– Hanı o səadət, ilahi? Hanı, ilahi, eşqin elə bir iti qılıncı ki, göydən boynuma düşə, məni belə bir əbədi eşqin intəhasız səadətinə qovuşdura!
– Tezcənə şairləşib mütəfəkkirləşmə, Çaqqal!
– Bəs nə edim, Maral?
– Göbəyimi yalaya-yalaya, az-az da dişlə!
– Göbəyini yalaya bilmərəm, dişləməyə gəlincə, qıymaram!
– Az-maz dişlə, Çaqqal!
– İsti qan tökülər, Maral!
– Qoy isti qan tökülsün, Çaqqal! Tökülsün, belə bir göbəyin qanı ki, sahibini dəli-divanə edir. Qoy tökülsün belə müşk-ənbərin qanı ki, gözlərimi tutub örtür!
– Bəlkə, Maral xanım eşqin yolunda etdiyi hərəkətlərindən peşman olur?
– Deyə bilmərəm! Özüm də özümdən heç baş tapmaram!
– Əlbəttə, sənin iltifat göstərdiyin Çaqqal, Göy göl diyarının Güzgü göl gözəlinə layiq deyildir!
– Bilmirəm nə üçün sən mənim ürəyimi belə ovladın, Çaqqal! Mən sənə belə bənd olmağa başladım?
– Sədaqətimlə, eşqimin, məhəbbətimin əbədi alovları ilə, Maral xanım!
– Bu eşqin sirrindən özüm də baş aça bilmirəm.
– Nə vaxtı Maral xanım bu eşq macərasından peşman olsa, öz qulunu qapısından qova bilər!
– Onda bəs Maral xanımın bu alovlanan müşkünü kim yalayar?
– İstəsən Qəcələ cənabları az-az dimdiklər!
– Qəcələ acıdildir!.. Qəcələ zəhərdildir... Qəcələ xəbərçidir!.. Qəcələ heyvərədir! Nəhayət, Qəcələ qanadlıdır!
– Bəli, Qəcələ bizim hər ikimizin qəddar düşmənidir!
– Sən Qəcələdən qorxursanmı, Çaqqal?
– Qəcələ çox amansızdır! Özü də neçə müddətdir acdır... Bir az əvvəl duydum ki, uçdu. Bilirəm ki, Qara gölə, ya Zəli gölə qurd-quş axtarmağa getdi!
– Onda bəs niyə qorxu içində belə sıxılıb xısın-xısın danışırıq, Çaqqal?
– Düşmənimiz çox bic və hiyləgərdir, Maral! Əgər Qəcələ bir qanadı ilə orada, Qara göldə, ya Zəli göldə isə, istəsə o biri qanadı ilə burada, bizim mağarada ola bilər!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
Use ← → keys to move, R for a random poem
More by this author
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Poems by other poets
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.