XLVII
Page 2 of 2 · 50%
“Siz özünüz geri qalmısınız”. – deyə Kamilov şirli qutudan üçüncü papiros çıxarıb ikincisinin oduna yandırdı... Altdan-altdan baxan Vahidov Kamilovun bütün hərəkətlərinə göz qoyur, onun ah-ufunu duyurdu: “Bəlkə Kamilov öz hərəkətlərindən peşmandır?.. Bəlkə o, içəridən tərk-silah olur!..” – Mehman da Kamilovu nəzərindən qaçırmırdı. Aradabir onların baxışları bir-biri ilə toqquşurdu. Axırıncı bir baxışda Kamilov sanki ona: “Bütün bu işləri doğuran sən, dünənki uşaq, sən oldun!” – deyirdi. Kamilov papirosunu sümürüb tüstüsünü dodaqları arasından yuxarı buraxdı: – “Yox, belə tirtap olub üzüqoylu uzanmaq, dibindən uçan bir dağ kimi zəlzələyə düşüb dağılmaq, neçə yüz ilin qollu-qanadlı bir palıdı kimi, kökündən qopub yerə sərilmək olmaz!” – Kamilov ayağa durub, özünü sınayır kimi tərpəndi, divardan asılmış rayon xəritəsinə tərəf ağırağır addımlarla yeridi. “– Vahidov bu xəritəni düzəldib ki, elə bütün işləri də öz ayağına yazsın!.. Sabah mən o portfelli mühəndisi çağırıb bundan da iri bir kart düzəltdirərəm, deyərəm ki, mənə də belə bir kart çək, vəssalam! Əvvəlcə mən özüm planımı ağ kağızda çəkərəm, sonra deyərəm çıxart çeşnisini!.. Xalq gördüyü işi gözə verə bilər, mən yox!.. Nə iş görmüsən? – Nə iş görməmişəm?!. Görün bu da heç bir sualdır, yəni? Əgər mən bu neçə ildə boş-boşuna danışmışamsa, bəs bütün bu işləri kim hərəkətə gətiribdir? – Kamilov öz qollarına baxdı, əsnəyib ağzını çuval kimi açdı. Onun ağ, qıvrımtüklü sinəsi hava ilə dolub boşaldı.
Bu zaman ara qapı açıldı, xüsusi şöbə müdiri əlində şifr teleqram içəri girdi. Vahidov teleqramı alıb oxudu... Burada Kamilovun işdən kənar edilib mərkəzin sərəncamına çağırılması, onun yerinə isə rayon fəallarından bir nəfər namizədin verilməsi göstərilirdi. Vahidov bir neçə dəqiqə bayaqkı qayda üzrə sədrliyə yeni namizədlər haqqında düşündü.
– “Cabbarzadəmi, ya Cəlilovmu?” O, hər ikisinin adını öz bloknotuna yazdı, ətraflı fikirləşmək üçün bloknotu örtdü. – “Hər ikisi də yüz dəfə bu “əyan”dan yaxşıdır”, – deyə Vahidov teleqramı Kamilovun özünə uzatdı. Kamilov teleqramı alıb bir neçə dəfə hərf-hərf oxudu. İsti bir tər, çeşmə kimi göz verib, onu tamamən bürüdü. O, gözlərinə inanmırmış kimi teleqramı gözləri qabağına bir daha gətirdi, daha heç bir hərf görə bilmədən geriyə qaytardı.
– Nə eybi var? – deyə Kamilov dərindən köks ötürüb dilləndi.
– Bizim də bəlkə bir sözümüz oldu, nə eybi var?..
Vahidov mərkəzin bu qərarından razı qalmaqla, başqa işlərə keçmək üçün başını qaldırıb Mehmandan soruşdu:
– Deyirəm, söhbəti qurtaraq? Bəs o nədir, o qalın iş?
– Bağça müdirəsi Zərrintac Sərrafzadənin işidir!
– Sərrafzadənin işi?! Cabirov sizə adladıbdır?
– Bəli, Sərrafzadə Zərrintac məsuliyyətə cəlb olunur, yoldaş Vahidov!
– Axı kişi təzə toy eləyib, – deyə Vahidov acınacaqlı bir nəzərlə Kamilovu süzdü.
– Mən də heç belə istəməzdim, ancaq təəssüf ki, belədir, yoldaş Vahidov!
– Fikriniz nədir, prokuror?
– Müqəssiri məsuliyyətə cəlb etmək, qanun üzrə hərəkət etməkdir. Çünki bizim sovet qanunu müqəddəsdir, onun qarşısında bütün vətəndaşlar tutduqları vəzifələrindən asılı olmayaraq, eyni dərəcədə məsuldurlar!
– Arvadımızı da əlimizdən almaq? – deyə Kamilov tər yandıran gözlərini əlində saxladığı dəsmalla sildi.
– Siz özünüz bilməliydiniz, “dəvə oynayanda necə qar yağar?” – Vahidov bayaqkı misalını bir daha təkrar edib əlavə etdi. – Taylı-tayın tapmasa, pis keçər axır günü!”
– Bəlkə məni də bir məsuliyyətə alasınız?
– İşdə qanuni əsaslar olduqda, hər bir vətəndaş qanun qabağında eyni dərəcədə məsuldur!.. – deyə Mehman pörtüb, pırçım-pırçım tər tökən Kamilova cavab verdi.
– Olsun, nə olar olsun! – Kamilovun dili dolaşdı. – Mən, indi bu neçə ildə bir vedrə ilə gedirəmsə, görün siz özünüz bir ildən sonra neçə vedrə ilə gedəcəksiniz?
Kamilov əllərini stola dayayıb ayağa qalxdı; onun ağzı birdən köpükləndi, beyninə qan vurmuş kimi xırıltılı bir səslə:
– Biz də bu aləm uğrunda az qılınc çalmamışıq, – dedi. – Biz də az can çürütməmişik. – Kamilov bu sözləri desə də, Vahidovun baxışlarından çəkindi, o, Mehmana tərəf qayıtdı.
– Bala, sən hələ yumurtadan təzə çıxmış bir yeni cücəsən, amma özünü şişirdib mənim gözümdə bir əjdahaya oxşatma ha!.. Heç belə də şeymi olar? Çağırmamış, üzbəüz yoxlamamış, neçə ilin Fərhad kimi külüng çalanını vəzifədən geri çağırsınlar, hə?..
– Bu neçə ildə qanunla oynamaq sizə nə qədər asan olubsa, indi görün bu oyundan çıxmaq sizə nə qədər çətin olacaqdır! – deyə Kamilova cavab qaytardı.
– Mən nə etmişəm, bala? – deyə Kamilov iki əlini də açıb irəli uzatdı, – yol kəsmişəm, poçt dağıtmışam?
– Bunların heç birisini etməmişsiniz!..
– Bəs onda?.. Bəs onda, oğul?..
– Çoxlu-çoxlu qanunsuz hərəkət etmişsiniz! Mən də həmin sənədləri qaldırıb adi orqanlara çatdırmışam!
– Axı adi orqanlar bir məndən soruşmazmı belə filan, hə?
– Sənədlər heç bir şübhə doğurmadığı halda, artıq sorğuya ehtiyac yox idi!
– Belə çıxır ki, kiminsə öyrətməsi ilə siz quyunu, öz atanız yerində bir qocanı salmaq üçün qızmışsınız, hə?
– Heç bir kəsin öyrətməsi ilə, mən heç kəsə quyu qazmamışam! Mən ancaq öz qanuni borcumu yerinə yetirmişəm, nə artıq, nə də əskik!
– Bəs yoldaş Vahidov? Bəs bu böyüklükdə, burada duran kişi? Bəs bu məsləhət-məşvərət? – Kamilov sanki üzü üstə düşüb bir az əvvəlki cod hərəkətləri üçün Vahidovdan bağışlanmasını istəyir, partiya biletini itirəcəyinin vahiməsini keçirir, Zərrintac xanımla etdiyi toyun bir yasa çevrilmək mənzərəsini görürdü. – Mən bu böyük ştabın, qoca da olsam, balaca bir əsgəriyəm, yoldaş Mərdan! – Kamilov birtəhərlə bu vəziyyətdən çıxmağa əl atdı. – Mənim beynim kürə kimi qızışmışdır, indi mən üzr istəyirəm, – Kamilov danışa-danışa hirsindən avazıdı:
– Bir stəkan su istəyirəm!
Vahidov qrafindən stəkana su töküb ona verdi. Kamilov qurtaqurt içib qaytardı.
– Bir stəkan da, xahiş edirəm, Mərdan!
Vahidov ikinci dəfə stəkanı su ilə doldurdu. Kamilov bu stəkanı da boşaldıb Mehmana tərəf çevrildi.
– Divin canı şüşədə olan kimi, mənim də canım bu ştabdadır, – deyə o üzünü Vahidova tərəf döndərdi. – Ancaq siz prokuror kimilərinə gələndə, mən sizi də, dünyanı da öz buynuzlarıma götürə bilərəm ha!.. “Dəvəyə navala bir şey deyildir!” deyiblər.
– Dünyanı buynuzlarına götürmək, ya o kütü – navalanı udmaq yox, hələ ki, qanunsuz qərarları çıxarmaq, qanunu təhrif etmək üçün qanun qabağında cavab vermək lazım gələcəkdir!..
– Görürsünüzmü, yoldaş Vahidov – deyə Kamilov öz dərisini qorumaq üçün iri gövdəsi ilə sanki kəndir üstünə çıxırdı. – Atası yerində bir qocaya gör necə də amansız bir qılınc siviribdir, bizim bu oğlan!
– Mən yoldaş Mehmana haqq verirəm! – deyə Vahidov Kamilovun hiyləyə keçib vaxt udmaq üçün ora-buranı cırmaqlaması müqabilində qəti və aydın bir cavab verdi.
– Bəs bizə? Biz külüng çalan, əlində qabar qalan Fərhada?..
– Siz özünüz özünüzü itirmişsiniz, Kamilov!
– Səhvimi boynuma alıb bu əyri qərarlarımı özüm öz əlimlə dəyişdirsəm necə?
– Əgər səmərə versəydi, güzəştə getmək olardı!.. Ancaq deyərlər “qozbeli qəbir düzəldər!”
– Tamam təslim olsam necə? Çünki mən elə də “qozbel” olmamışam, Mərdan!
– Təslim olmaqla, on min manatların oğurluq və israfçılığı bağışlana bilməz! – deyə Mehman təzə dolmağa başlayan əlavə bir qovluğu götürüb stolun üstünə qoydu.
– Görünür, sən tamamən Şümür olmusan, bala!
– Mən inqilabi qanunçuluqdan danışıram!
– Bəs bağça işində mənim cinayətim nədir?
– Bağça müdirəsi Zərrintacla birlikdə kef küləyinə verdiyiniz yüz min manat dövlət pulu!
– Bəyəm bu bağça nə böyük bir dəvəymiş ki, mən də yüz min manatı bir dəvə navalası kimi udum, hə?
– Düz üç il içərisində bir yüz min? Əlli minini isə siz qeyri-qanuni yolla büdcədən bağçaya ötürmüşsünüz!
– Bunu da yuxarıya təqdim etmişsiniz?
– Xeyr, ancaq Salamatov kimiləri barədə olan qanunsuz qərarlarınızı təqdim etmişəm!
– Mən bilmirəm heç bu büdcədən əlli min necə pırtdayıb bağçaya düşübdür?
– Onu vətəndaş Kamilovdan ayrıca soruşacağıq!
– Mən nə yaman cinayətkar imişəm?! – deyə Kamilov qəribə bir gülüşlə qapıya yaxınlaşdı. – Vurun yıxılana baltanı!.. – O birtəhər qapını açdı. – Mən də, axır nəfəsdə, öz dişimə qılınc götürərəm!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xlvii
Use ← → keys to move, R for a random poem
More by this author
Bu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
VIIHüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:
VIIIHüquq fakültəsinin böyük və zəngin kitabxanasında, göy xələtli kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri, professorları, elmi işçiləri istədikləri kitablarla təmin edirdilər... Onlar yan tərəfdəki qiraət salonunda səssiz-səmirsiz oxuyur, kağız üzərində qeydlər edirdilər. Diqqətlə qulaq asanda buradan, yalnız üzərində qələm işlənən kağızların xışıltısı eşidilirdi... Küncdəki balaca stolun arxasında oturan Mehman da, çoxdan əlləşirdi. O, buraxılışdan sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra “Azərbaycanın qədim dövrünə aid hüquq tariximizdən” adında bir elmi əsər üzərində işləməyi qərara almışdı. O hələ neçə ay idi ki, bu mövzu üstündə çalışır, kitabxananı çox arayır, az şey tapırdı. Professor Məlikzadə Mehmanın bu fikrindən xəbər tutaraq çox şad olmuşdu. Buna görə də o öz sevimli tələbəsinə baş çəkmək, ona məsləhət vermək qərarına gəlmişdi. Professor qapını arxa tərəfdən yavaşca açıb içəriyə girdi, əlini Mehmanın çiyninə qoydu. İşarə ilə qiraət salonundan qaldırıb kitabxanaya gətirdi. Şkaflar ağzınacan qalın cildli kitablarla dolu idi.– Çox zəngin kitabxanadır, – deyə professor böyük maraqla kitab dolu rəfləri göstərdi, – çox böyük dövlətdir!.. Bax burada hər bir dildə əsər tapmaq olar. – Professor əlini kitab qəfəsələrində gəzdirdi. – Bu dünyada hər şeydən artıq, hüquqa dair əsər yazılmışdır. – Professor gülümsəyib Mehmandan soruşdu. – Bilirsinizmi niyə? – Özü də cavab verdi, – çünki bu dünyada bizim sosialist inqilabına qədər zorakılıq, haqsızlıq hər şeydən çox olmuşdur!.. Bunun da dərin iqtisadi-siyasi səbəbləri vardır!.. Mən sizə məsləhət görürəm ki, elmi işiniz üçün bu cəhətləri nəzərə alasınız... Çünki dərin tədqiqat, böyük əmək və yuxusuz gecələr olmadan elmi əsər yarana bilməz!..
IXQırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:
Poems by other poets
Eşq meydanında hər kim can ilən baş oynadır,Yar önündə qəmzədir, kiprigilən qaş oynadır.
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?