Page 3 of 3 · 67%

Dursun

Yəni allahın Laləsi də mənə gəlməz?

Kərim

Gəlməz. Çünki indi siz ayrı-ayrı adamlarsınız.

Dursun

Əşi, özü mənə min dəfə deyib, toyumuzu eləməsən zorla gedib girəcəyəm atan Nəcəfin xarabasına. Bir də məndən başqa kimdir o zəhər tuluğunu alan?!

Lalə (pilləkəndən aşağı enir)

Kimə deyirsən zəhər tuluğu, ay gic-gici!

Dursun

Boy Laləsi...

Lalə

Rədd ol, həyasız!

Şərəf (onun üstünə cumur)

Mənim balama deyirsən həyasız? Hara qaçırsan? Dayan görüm!

Lalə həyətdən çıxır.

Dursun

Öyrədiblər... İşin yoxdur.

Kərim (Dursuna)

Oğlum, bir bura gəl! Səndə təqsir azdır.

Dursun

Alıram boynuma.

Kərim

Doğru deyiblər ki, balıq başdan qoxuyar. (Nəcəfi göstərir.)

Nəcəf

Nə? Balıq! Gedək oğlum! Heç eybi yoxdur! Mən bir də sənin bu qapından içəri girsəm, nakişiyəm, nakişi.

Kərim

Bu təntənəli günümüzdə qanımızı qaraltmayın, görək. Xoş gəldiniz! Yol açıqdır.

Şərəf (şeylərini yığışdırır)

Gedək, heç eybi yoxdur.

Gedə-gedə deyinirlər.

Dursun

Məməsi, dədəsi, gedək.

Şərəf

Heç eybi yoxdur. Örkən nə qədər uzun olsa yenə gəlib doğanaqdan keçəcək. Bundan qabaq xoruz yoxdu, sabah açılmırdı?

Dursun

Qədrimi bilmədilər, heyf məndən, itirdiniz məni.

Gedirlər.

Nisə

Boy başıma xeyir!.. Dursunu qınama, kişi. Bu qocalarda həyadan, abırdan əsər-əlamət yoxmuş, yox.

Kərim

Gedək, ay arvad; ara yerdə xörəyimiz soyudu. (Otağa getmək istərkən, kolxozçular gəlirlər.)

Kərim

Xoş gəlmisiniz! Xoş gəlmisiniz!

Xor

Sağ ol Kərim, var ol Kərim!
Biz heyranıq qüdrətinə.
Bizim ellər qiymət verir
Bu mənalı zəhmətinə.

Dost ellərin qüvvəti var
Bükülməyən qollarında.
Alnın açıq, üzün ağdır
Qalibiyyət yollarında.

Kolxozçular

Sizi ürəkdən təbrik eləyirik!

Kərim

Mən də sizi təbrik eləyirəm. Bundan da xoş günləriniz olsun.

Qəmər (qaçaraq gəlir)

Gəlirlər, gəlirlər... O da gəlir.

Nisa

Başa düşmədik. Gələnlər kimlərdir? O gələn kimdir?

Qəmər

Durnadan soruşun, desin sizə. Onu hamıdan yaxşı o tanıyır.

Səhnə arxasından Muradın səsi eşidilir.

Durna

Odur, o...

Kərim

Qızım, utanma, çıx qabağına.

Nisə

Kişi, gələn... Moskovdan mənə salam göndərən oğlandır.

Murad bir dəstə kolxozçu ilə gəlir. Görüşürlər.

Murad

Salam, yoldaşlar!

Nisə

Niyə belə gec?

Kərim

Onu qınama. Sən Moskovaya pay-piyada gedib-gəlməyi asan bilirsən?

Murad

Salam, Kərim dayı!

Kərim

Salam! Nisə, axır mən də öz Moskov salamımı aldım. Murad, oğlum, qızıl nişanını da ürəkdən təbrik eləyirəm... haqqındır, almısan.

Durna

Orda heç bizi yada salırdınmı?

Kərim (gülərək)

Bizi niyə, məni desənə!

Murad

Kərim dayı, sizi də, onu da.

Kərim

Daha mənə yox da. Bizi də ona görə.

Murad

Kolxozumuzda nə var, nə yox?

Kərim

Onlardan soruş.

Lalə

Niyə, işlərimiz çox yaxşıdır.

Murad

Boy, Lalə!

Lalə

Kərim dayının briqadası hamını ötüb.

Murad

Çox şadam!

Durna

Lalə indi başqa qızdır. O, indi bizim briqadamızda işləyir.

Murad

Çox gözəl! Kərim dayı, daha məndən incik deyilsən ki?

Kərim

İncik idim... Daha yox. A Hilal, niyə dayanmısan? Tez keç evin dalındakı qoçu kəs, yaxşı bir kabab yeyək.

Hilal

Baş üstə! (Gedir.)

Lalə

Kərim dayı, qoy Murad bizə Moskvada gördüklərindən danışsın.

Kolxozçular

Danışsın, danışsın.

Murad

Bu gözlərim üstə!

Ona saz verirlər.

Gözəl Moskvada məhəbbətlə mən
Gəzib addım-addım hər yeri, gördüm.
Ellər paytaxtında, doğma şəhərdə
Gülür insanlığın səhəri, gördüm.

Sülhün beşiyidir torpağı, daşı,
Hər zaman göylərə ucalır başı.
Doğma Bakımızın böyük qardaşı
Paytaxtlar paytaxtı şəhəri gördüm.

Kütləvi rəqs başlanır.

Xor

Sülhün xoş nəğməsilə açılır hər gün səhər,
Vətənin bayrağına yazılır sonsuz zəfər.
Təbiət dəyişir, qüdrətimizlə,
Həyat gözəlləşir, zəhmətimizlə.
Sevinir nəsillər, gülür candan, ürəkdən
Var olsun bu ellər, var olsun azad vətən
Günəşi salamlayır kəndi, şəhəri,
Gülür kommunizmin al şəfəqləri.

Hamı rəqs edir.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets