Page 2 of 2 · 50%

Bir az sonra konserti idarə edən gənc elan etdi ki, indi Əbülhəsən xan İqbal oxuyacaqdır.

Bunu eşidən yanımdakı Bülbül birdən:

– Vay, vay, mən nə etdim. Biabır oldum, Süleyman.

– Niyə, Bülbül?

– Necə niyə? Bunu tanımırsan?

– Xeyr.

– Bu Şərqin dahi xanəndəsi Əbülhəsən xan İqbaldır. Mən gərək “Süsən sünbül” və digər mahnılar əvəzinə bir dəstgah oxuyaydım. Nə isə keçib-keçib.

Əbülhəsən xan kamanın müşayiətilə: “Zülfünü bas yarama, qoyma məni qan aparır” bir dəstgah başladı. Bu səsdə nə məlahət varmış, nə əfsun varmış.

Salon sükut içərisində Əbülhəsən xanı dinləyirdi. Onun gözləri, dodaqları təbəssüm içərisindəydi. Biz varlığımızla, ürəkdən onu təkrar-təkrar oxutdurub alqışladıq.

Sonra öyrəndik ki, Əbülhəsən xan vaxtilə Tiflisdə də olmuşdur. Orada Seyid Şuşinski ilə görüşmüş, Seyid Şuşinski ondan çox şeylər öyrənmişdir. Bir də öyrəndik ki, Xan Şuşinskinin əvvəllərdə adı başqaymış. Gənclik illərində oxuyarkən kimsə demiş ki, lap Əbülhəsən xan kimi cəh-cəh vurursan – bundan sonra o Xan Şuşinski ləqəbini götürmüşdür.

Fəxri Ədhəmin evində həmin dahi xanəndə ilə yaxından tanış olduq.

Məzəli söhbətləri vardı. Oxuduqca oxuyurdu. Bəzən deyirdi ki, bəlkə sizi yoruram, niyə demirsiniz ki, oxu, bu məclis mənimçün kiçikdir. Təbriz kənarındakı dağın başında elə oxuyaram ki, səsim Təbrizi qəflət yuxusundan ayıldar.

Bu görüşdən sonra Əbülhəsən xanla dostluq etdik. Onu həmişə rəsmi, qeyri-rəsmi ziyafətlərimizə dəvət edirdik. O məclislərdə pul ilə oxumurdu. Bizim təntənəli yığıncaqlarımızda öz əvəzsiz səsilə hamımızı heyran edirdi. Əbülhəsən xan həmişə deyərdi ki, məclisdə, səhnədə xanəndə üz-gözü təbəssümlü olmalıdır. Xanəndə oxuyarkən dinləyənlər onun üzündə əzab əlaməti görməməlidir.

Belə bir şəxs şəhər bələdiyyəsində kiçik bir vəzifə sahibi idi. Bir dəfə məndən rica etdi ki, şurəvi ticarət nümayəndələrinə onu xüsusi tapşırım. Ona bir neçə top çit və kəllə qənd versinlər. Bəlkə bu növ ilə güzəranım yaxşılaşsın.

Onun bu ricasını yerinə yetirdilər.

Əbülhəsən xan İqbal Bakını çox görmək arzusunda idi. Deyirdi ki: “Bakıya aparsanız əvvəla şəhərlə tanış olaram. Orada müsamirələr verərəm. Bir az da sizin konservatoriyada gənc xanəndələrə təlim verərəm ki, muğamatı savadsız oxumasınlar”.

İndi də Əbülhəsən xanın həmişə gülər gözləri, dodaqları gözlərimin qabağında, insanı məftun edən məlahətli, təkraredilməz səsi qulaqlarımdadır.

Təbrizdə Məhəmməd Biriyanı ilk dəfə bələdiyyədə gördük. Şəhər bələdiyyəsində qonaqlıq vardı. Biriya orada paltar asandı. Onu sonra Təbriz küçələrində kanal təmizləyənlərə baş çəkən gördük. Biriyanın ilk şeri “Vətən yolunda” qəzetində çıxdı. Sabirə bənzətməylə yazılmış satirik şeirlər tez əhali arasında yayıldı. Əgər səhv etmirəmsə Biriyanın atası gülgər idi. Bir gün evlərinə getdik. Yoxsullara məxsus mənzildə ayaqlarımızı yorğan altı kürsüyə uzadıb bozbaş yedik.

Biriya özü deyirdi ki, o, kəndlərdə rəmmallıqla, falçılıqla da məşğul olmuşdur.

Artıq Biriya tribunalarda görünürdü, təhsil ibtidai idi. Fitri istedadı vardı. Təbrizdə olarkən Biriyada bir mənfi cəhətin şahidi oldum. O, özündən başqa kimsəni bəyənməzdi, hərəyə bir qara damğa vurmağa çalışardı. İrəli gəlmiş ziyalıların bizə yaxın gəlməsinə maneçilik göstərərdi. Məsələn: “Ehtiyatlı olun. Filankəs casusdur, xəfiyyədir. Sizlərdən gizli polisə xəbər aparandır və ilaxır...”

Təbrizdə yaşayan bir ziyalını (Məhəmmədlü Abbasini gözümüzdən salmağa çox səy edərdi. Məhəmmədlü Abbasi çox hazırlıqlı bir gəncdi. O, Marksın manifestini almancadan tərcümə etmişdi.

Halbuki, Biriyanın dediyi sözləri digər ziyalılar onun özü haqqında söyləyirdilər.

Bəli, Biriya məşhur şair oldu.

Cənubi Azərbaycanda Milli hökumət yaradılanda o maarif naziri vəzifəsinə qədər gəlib çıxdı. Təbrizdə qurduğu toy məclisinin söhbəti indi də danışılır. Varlı qızına evlənən Biriya deyildiyinə görə, Məhəmmədlü Abbasini qısqanclıq üstündə döydürüb gözünü şikəst etdirmişdi. Yadımdadır. Təbrizdə çəkilmiş bir neçə film-xronikaya baxmışam. Tribunada Pişəvəridən qabaqda döşünü qabağa verib bağıran Biriyanı görmüşəm. Biriya iki dəfə Bakıda olmuşdur. İlk dəfə gələndə ona gözəl şərait yaratmışdılar. Bu müharibə zamanı idi. Cəbhədən hələ ki, könül açan xəbərlər gəlmirdi. Almanların Mozdok ətrafında olan vaxtda Biriya atası ilə birlikdə bir xalı hədiyyə apararaq İran konsulluğuna pənah aparıb İrana göndərilmələrini xahiş etmişdilər.

İkinci gəlişi isə Cənubi Azərbaycanda milli hərəkat müvəqqəti yatırılanda oldu. Ölüm qorxusu altında o sərhədi aşıb bizə pənah gətirmişdi.

Bu dəfə də Biriya üçün şərait yaradıldı. Lakin Biriya bu dəfə başqa bir dona girdi. Zənnimcə, o şairlik yox, başqa bir vəzifə axtarırdı. Məsələn, Mərkəzi Komitə katibi, Nazirlər Soveti sədri (azı bir nazir) olmaq xəyalında idi.

Axı Biriya burada hələlik də olsa mühacir idi. Bu niyyəti baş tutmadıqda o buradan başqa xarici ölkəyə köçürülməsini tələb edirdi. Şaha və Məhəmməd Əliyilislama poemalarından küçələrdə parçalar oxuyurdu.

Nəhayət, xəstəliyi o dərəcəyə gəlib çıxdı ki, başına bir əmmamə qoyub əyninə bir göy qurşaqlı əba geyib Təzəpir məscidində fəaliyyətə başladı.

Mən bir münasibətlə Vilayigildəydim. Biriya da ora gəldi. Süfrəyə plov gətiriləndə Vilayidən arvadının hansı millətdən olduğunu soruşdu. Vilayinin həyat yoldaşının erməni qızı olduğunu bilən kimi söyüşlə süfrədən qalxdı. Namaz qılmaq üçün bu binada müsəlman evi axtardı.

Dünyagörüşü dumanlı, iradəsi zəif şair Biriyanın aqibəti belə oldu.

Təbriz ziyalılarından şair Mir Mehdi Etimadı hamımız sevirdik. O çox alicənab, təvazökar, ürəyi açıq, savadlı bir şəxs idi. Onun məzəli söhbətindən zövq alardıq. Etimad bir neçə şeir kitabının müəllifi idi... Dili şirindi. Məclisdə çox nazikanə hərəkətləri vardı. Mir Mehdi Etimadın şeirləri xalq arasında geniş yayılmışdı.

Etimadın “Məsləkində öldü vardır, döndü yox” şeri dillər əzbəriydi.

Mən tez-tez onun yanına söhbətə gedərdim. Çalışdığı idarə həm notarius, həm nikah qeyd olunan bir yerdi. Ondan xahiş etmişdim ki, Firdovsi mehmanxanasındakı nömrəmə söhbətə gəlsin.

Lakin Etimad nədənsə gəlib çıxmırdı. Mehmanxanada sovet zabitləri yaşadığı üçün qapıda əli silahlı əsgər keşik çəkirdi. Alt mərtəbə isə restoran idi. Orada işləyən bir cənublu qardaş bizə çox məhrəmdi. Bizi soruşan olanda gəlib bizə xəbər verərdi. Gəlişinə icazə verib, vermədiyimizi öyrənib hərəkət edərdi.

O bir neçə dəfə mənə xəbər gətirdi ki, “Ağa, sizi bir qarayaxa görmək istəyir”. Mən də qarayaxanın buraxılmasını tapşırırdım.

– Qarayaxaları başımdan rədd edin, qardaş.

– Ağa, gələn yenə həmin qarayaxadır.

– Buraxma, vəssalam, rədd elə.

O da sözümə əməl edib gələn qarayaxanı qapıdan geri qaytarırdı. Bir gün küçədə Etimada rast gəldim.

Dedim: – Vəfasız, daha bizi saymırsan, nə olub, günahımız nədir?!

Dedi: – Vicdanıma and olsun, çox gəlmişəm. Məni mehmanxana qapısından buraxmayıblar. Peşman geri qayıtmışam.

Dedim: – Yox, aşna, sən yanıma gəlməmisən. Gəlsəydin, səni dərhal buraxardılar, qapımızı bir qarayaxa tanıyıb ki, onu mənim sözümlə qovublar.

– Baba, o qarayaxa mənəm də...

– Canım, sən nə danışırsan? Sən qarayaxa niyə olursan axı?

– Ağayi Süleyman, mən ki hərbi deyiləm, qarayaxayam da.

Məni bərk gülmək tutdu. Etimad da mənə qoşuldu. Sən demə, hərbi xidmət sahibi olmayanlara İranda qarayaxa deyirlər.

Zarafatı davam etdirərək Etimadı mehmanxanadakı nömrəmə apardım. Dedim, çay gətirdilər. Təzəcə söhbətə başlamışdıq ki, Etimad dedi:

– Ağayi Süleyman Rüstəm, deyiyəm, çün maye olmayım...

Etimadın bu qəliz hiyləsini doğrusu başa düşmədim. Tərəddüdlə onun sözünü cavabsız qoymaq istəmədim. Dedim – əlbəttə, Ağayi Etimad, əlbəttə.

Sözün ağzımdan çıxmasıyla Etimadın ayağa qalxması bir oldu. Asılqandan şlyapasını alıb başına qoydu.

– Ağayi Etimad, hara gedirsən? Nə oldu ki?

– Mən ərz eylədim ki, maye olmayım. Siz də buyuydunuz ki, olmayım. Yəni baş-qulağınızı ağrıtmayım.

– Vallah və billah nə dediyinizi başa düşməmişəm. Sözünüzü cavabsız qoymayım deyə qanmadığım cümlənizi təsdiq etmişəm. Məni bağışla. Olmaz ki, bir az sadə danışasan?

– Niyə, o da olay... o da olay...

Mir Mehdi Etimad Bakıda yaşamışdır.

Bakıda ikən yenə bəzi qəribə əhvalatın səbəbkarı olmuşdu. Bu gün bir neçə dost şəhər univermağına getdik. Təbrizdən gələn iki həkim bəzi ləvazimat aldı. Müdirin otağında idik. Dostlarımızın könlü istəyənləri müdirin otağına gətirirdilər.

Birdən Etimad dedi ki: “Mənə bir neçə yaxşı karavat lazımdır”. Azərittifaqın sədri də yanımızda idi. Dedilər ki, kravata baxmaq üçün anbara getməliyik. Etimad dedi ki, buraya gətirsələr yaxşıdır. Azərittifaqın sədri ona belə cavab verdi: canım biz bu boyda kravatları bu kiçik otağa necə gətirək axı. Düşək podvala, orda bax, seç”.

Etimadı heyrət bürüdü. Əlini boynundakı qalstuka atıb dedi: “Baba, bir barmaq qaravata baxmaq üçün anbara niyə enək. Bu nəmənədir ki, otağa da yerləşməsin”.

Univermaqdakı yoldaşlar sonra başa düşdülər ki, Etimad qalstuk istəyirmiş. Fransızca “kravat” qalstuk deməkdi. Hələ mən Etimadın müharibənin gərgin çağında əlinə zənbil alıb bazarda ləbləbi, kişmiş, sədri düyüsü, quzu əti, toyuq, cücə axtarmasını bir kənara buraxıram. Bir dəfə işdən evə qayıtdım. Gördüm ki, Etimad mənim iş otağımda oturub, şəkərçörəyi ilə kakao içir. Zarafata salıb dedim ki: “Ağayi Etimad, sən nə haqla mən evdə olmayanda bizə gəlmisən?” Etimad gülümsəyərək dedi: “Öz qardaşımın, öz həmşiyəmin yanına gəlmişəm də”

Bəli, Etimadın dərdi açıldı.

Sözə başladı: “Ağayi Süleyman, getmişdim sizin sekaya (Mərkəzi Komitəyə) Şahgəldiyevi görəm, polis məni qapıdan buraxmadı.

– Ağayi Etimad, bizdə polis yox, milis var.

– Qoy milis olsun. Dərdim böyükdür, namusum məni qoyub getdi İrana. Qalmışam tək, tənha. Olmur da deyirəm, sən bu başıma Şahgəldiyev yoldaşla bir çarə tapın. Məni evləndirin. Bu işə Seka qarışsa lap yaxşı olar. Deyirəm, mənimçin heç təfavütü yoxdur. Gürcü qızı olur-olsun, rus qızı olur-olsun, yəhudi qızı olur-olsun: qərəz bir qulaq yoldaşım olsun.

Mən Etimadın ciddi irəli sürdüyü məsələni zarafatla tamamladım.

Ona söz verdik ki, göz-qulaqda olub ona bir övrət taparıq. Etimadın xasiyyətindəki bu şirin cəhətlər bir yana. Biz ona bir şair kimi, vətənpərvər kimi, millətini bütün varlığıyla sevən bir insan kimi hörmət və məhəbbət bəsləyirdik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets