“Hərdən belə səsin gəlsin,Gözümüzün yaşın silsin”Şəhriyar

Məktubunu aldım, dostum Şəhriyar,Düşüncəyə daldım, dostum Şəhriyar.

Salamını dostlarına yetirdim,Məktubunu əldən-ələ ötürdüm.Sandım səni ordan bura gətirdim!Söhbət açdıq sədaqətdən, Şəhriyar,Bir əbədi məhəbbətdən, Şəhriyar.

Nə yaxşı ki, incimədin sözümdən,Mən ki səni ayırmıram özümdən.Hər addımın yayınmayıb gözümdən,Arzumuzun kökü birdir, Şəhriyar,Eşqimizin yükü birdir, Şəhriyar.

Göylərindən boz buludlar çəkilsin,Ürəklərdən vüsal yolu çəkilsin,Məclislərdə əziz adın çəkilsin,Silim sənin göz yaşını, Şəhriyar,Öpsün qardaş qardaşını, Şəhriyar!..

Könlün qüvvət, ilham alsın elindən,Qoy düşməsin qələm yazan əlindən,Mahnı, şeir əskilməsin dilindən,Göz dəyməsin şöhrətinə, Şəhriyar,Sən gərəksən millətinə, Şəhriyar.

Sən düşməni yandırmısan, yaxmısan,Başı üstə şimşək kimi çaxmısan.Öz günəşli sabahına baxmısan,Ellərə bel bağlamısan, Şəhriyar,Sevincindən ağlamısan, Şəhriyar.

Yad neftinin qoxusundan məst olub,Nemətinin qoxusundan məst olub,Sərvətinin qoxusundan məst olub,Qoyma gəlsin sizə sarı, Şəhriyar,Amerika cəlladları, Şəhriyar!

Vermə vətən torpağını əlindən,İnqilabın bayrağını əlindən,Qurtuluşun növrağını əlindən.Ağ evlilər amansızdır, Şəhriyar,Hiyləgərdir, vicdansızdır, Şəhriyar!

Hürriyyəti boğanlara atəş aç,Səadəti boğanlara atəş aç,Həqiqəti boğanlara atəş aç,Kəlmələrin güllə olsun, Şəhriyar,Nəğmələrin güllə olsun, Şəhriyar!

Fikrim bir an ayrılmayır yanından,Görüm bəla uzaq olsun canından.Ayrı deyil qanım sənin qanından,Bir vətənin övladıyıq, Şəhriyar,Mahnı, şeir fərhadıyıq, Şəhriyar!

Mücahidlər çıxmaz mənim yadımdan,Mərd igidlər çıxmaz mənim yadımdan.Şəhidlərin qəbri üstdə adımdanBayram çağı şamlar yandır, Şəhriyar,Axşam çağı şamlar yandır, Şəhriyar.

Hər şəhidin məzarına səhər sənTər çiçəklər, qızılgüllər səpərsən,Başdaşını əvəzimdən öpərsən,Gözlərindən axsa da yaş, Şəhriyar,Ürəyimiz deyildir daş, Şəhriyar!

Mənim ürək sözlərimə bələdsən,Araz boyu izlərimə bələdsən,

Bu yol çəkən gözlərimə bələdsən.Gəl görüşək, zaman keçir, Şəhriyar,Ömrümüzdən günlər köçür, Şəhriyar.

Sən gəl desən, öz işimi bilərəm,Uşaq kimi sevinərəm, gülərəm,Ayaqyalın, başıaçıq gələrəm.Sinəmizi boşaldarıq, Şəhriyar,Nə yaxşı ki, sən, mən varıq, Şəhriyar!

İgid, şanlı bir millətin oğlusan,Adlı-sanlı bir millətin oğlusan,Səttarxanlı bir millətin oğlusan,Ayrı deyil, anam, anam, Şəhriyar,Qan qardaşın Süleymanam, Şəhriyar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Arazın o tayında

Cənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə qələmə aldığım “Yaxşı yoldaş” poemasında da bu məsələdən bəhs açmışam.1940-cı ildə tamaşaya qoyulmuş “Qaçaq Nəbi” mənzum dramasında bu haqda daha ətraflı söhbət getmişdir.

17 min
Ərdəbil səfəri

Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı idi. Bizim Qızıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdı. Bu hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. “M-1” maşınla yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü Səraba çatdıq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola çıxmağı məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən ehtiyat edirdi. İkimizin də rütbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərək mənimlə sürücünün üzərində rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. O, sürücüyə ciddi tapşırdı ki, “Gözün dörd olsun, yolda gözünə şübhəli bir şey görünəndə cəld maşını saxla”.Artıq qaranlıq düşmüşdü. Dərələrdən keçəndə qulaqlarımızda küləklərin uğultusu səslənirdi.

12 min
12-ci tüfəng

Şərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq lazımdır.Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir. Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların nəticəsidir.

6 min
Şəbüstər və Xamnə səfəri

Bizə xəbər verdilər ki, Xamnədə Azəri ədəbiyyatının fəxri Mirzə Fətəli Axundovun nəslindən Axundov adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi.Yunis Hacıyev, rəssam İsmayıl Axundov, Zülfəli İbrahimov və mən bir dəstə opera sənətkarımızla birlikdə yola çıxdıq. Şəbüstərə çatdıq. Bu kənd Azəri poeziyasının şöhrəti, Cənubi Azərbaycan Sabiri Möcüz Şəbüstərinin vətəni idi. Şəbüstər çox mənzərəli bir yerdir.

15 min

Poems by other poets · Homeland