Ay Qarabağ, sən qüvvətsən dizlərimə,Qaytar məni gənc yaşına, qurban olum!Qocalmışam, sən işıq ver gözlərimə,Gəlim sənin tamaşana, qurban olum!

Yad gözlərə Şuşa batır şüşə kimi,Dayanmışıq dövrəndə sıx meşə kimi,Sənsən ana təbiətin baş həkimi,Can məlhəmi hər daşına, qurban olum!

Sən Vaqifin keşməkeşli həyatısan.İlhamının, ürəyinin sovqatısan.Başdan-başa nərmə-nazik bayatısan,O dahiyə, söz qoşana qurban olum!

Qəlbimdəsən bir müqəddəs inam kimi,Eşqin ilə sinəm yanır bir şam kimi,Qollarını aç mənə öz anam kimi,Qoy atılım ağuşuna, qurban olum!

Bir vaxt sənə yadlar atdı kəməndini,Fürsət tapıb işə saldı öz fəndini.Stepana dəyişdilər Xankəndini,Onun qədim naxışına, qurban olum!

Kəbəsisən nəvəmizin ağbirçəklərin,Bir gözəllik sərgisisən göyçəklərin.Bulaq üstə yeriyən şux çiçəklərin,O ilahi baxışına qurban olum.

Soyut təşnə ürəyimin yanğısını,Sən güləndə qış yaz olur, can qızınır.Qoyma ağır intizarda Xan qızını,Qərq olmasın göz yaşına, qurban olum.

Sən bizimsən! – xalqdır edən bu tələbi,Milyonların qeyzə gəlib, coşub təbi.Gözün aydın! Qoç Koroğlu, qaçaq NəbiSərkərdədir bu qoşuna, qurban olum!

Ana yurdun ən istəkli balasısan,Torpağımda həmişəlik qalasısan.Bir alınmaz namus, qeyrət qalasısan,Sənin hər bir qarışına qurban olum!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland