Aşiq öz dərdi-dilin istədiyi yarə deyər,Deməz əğyarə ürək sirrini, dildarə deyər.

Rəhmsiz bir gül üçün bülbüli-biçarəyə bax,Nə qədər cövrü cəfa çəksə, gedib xarə deyər.

Aşiqi-kamil olan sirrini pünhan saxlar.İnanıb yarə deyərsən, o da əğyarə deyər.

İltica eyləməz heç bir kəsə həqdən qeyri,Zülmdən təngə gələn dərdini sərdarə deyər.

Bir pərinin nə zamandır ki, bəlasın çəkirəm,Nə yanar halıma, nə dərdimə bir çarə deyər.

Xoş o günlər ki, səri-zülfün əsiri mən idim,İndi aləm mənə hicrində günü qarə deyər.

Mənim əhvalımı bir əhli-vəfa dost olsa,Can verib, can alan ol şuxi-sitəmkarə deyər.

Nazəninlər nə bilir, aşiqin ahında nə var,İldırım şöləsinə sabitü səyyarə deyər.

Yenə ol zülfü sevirdim, gözəlim, qorxuram, el:– Fitnə zəncirinə bağlandı bu biçarə, deyər.

Gərək ol yarə deyəm, könlümü qəm seyli yıxıb,Rəxnə görmüş bir evin sahibi memarə deyər.

Qiyməti-ləlini yarın deməyin əğyarə,Gövhərin qədrini sərraf xiridarə deyər.

Eşq sirrin demə, Vahid, bu qaragözlülərə,Məst dərk eləməz, arif, sözü huşyarə deyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love