Ey könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!

Aşiqüməşuqə məst olmuş xəyali-vəsl ilə,Barigahi-eşqdə zövqi-xilafət özgədir!

Dəhrdə didari-yar ilə şərafət etmədim,Əhli-eşqə kuyi-cananda şərafət özgədir!

Qurmuşuq biz bu ziyafət məclisin bir şövq ilə,İncəlik, min nazənin söhbət, zərafət özgədir!

Xəlqimiz yüzlərcə məclislər, ziyafətlər görüb,Ən gözəl, qiymətli, ən ali ziyafət özgədir!

Nazəninlər bir tərəf, bir yanda rindi-meypərəst,Bir işarə arifə eylər kifayət, özgədir!

Zənn edirdim görmədən, Vahid, nəzakət əhlisən,Anladım görcək səni, əhli-nəzakət özgədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love