Gəlməsəydi, gözəlim, sən kimi canan Qubaya,Deyən olmazdı, inan, bağı-gülüstan Qubaya.

Bu gözəllik, bu məlahət ki tutub hər tərəfi,Olacaq məncə, təbiət özü heyran Qubaya.

Lalələr, güllər açılmış, oxuyur bülbüllər,Desələr, səhv deyil, cənnətü-rizvan Qubaya.

Bu səfa gülşəninin zövqünü hal əhli bilər,Gör necə şur salır bülbüli-xoşxan Qubaya.

Mümkün olsaydı, inan ki, gözəlim, aşiqinə,Həm sənə eylər idi, həm də fəda can Qubaya.

Sevgilim, çox da qara gözlərinə fəxr eləmə,Gündə yüzlərcə gəlir sən kimi ceyran Qubaya.

İndi abad olur hər bir tərəfi cənnət tək,Tutan olmaz daha bundan belə nöqsan Qubaya.

Vahidəm, sevgilim, arzum bu idi, qismət olaKi, olaq hər ikimiz şövqlə mehman Qubaya.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love