Könül, ol şuxə yaxınlaşma, onun əngəli var,Bivəfanın nə olur axırı, nə əvvəli var.

Məndən ayrılmaz idi sevdiyim öz canımdı,Aramızda, görünür, gizli rəqibin əli var.

Çox çətin tərk eləsin aşiqə zülm eyləməyi,Nə qədər indi cavandır, hələ gəlhagəli var.

Aşiqi naz ilə incitməsə, dincəlməz o gül,Bu gözəllər arasında nə qədər işvəli var!

Bir gözəl ki, atıb öz yarını, əğyarı tuta,Qoru ondan özünü, axırı bir cəncəli var.

Bürüyüb Leyli məlahətli gözəllər vətəni,Demə “Məcnun” mənə, yüzlərcə mənimtək dəli var.

Vahid, ancaq bu vəfasızları məndən xəbər al,Xatirimdə olanın gör neçə cür heykəli var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love