Sənin kimi, gözəlim, sərvinazımız yoxdur,Nə istəyirsən elə, etirazımız yoxdur.

Bizim gözəllərədir səcdəmiz, sitayişimiz,Bir özgə məbədə razi-niyazımız yoxdur.

Fələk verib bizə aləmdə dərdü qəm yükünü,Bu yükləri çəkəcək bir tərazımız yoxdur.

Nigarımız nə cəfa qılsa, razıyıq, amma,Rəqibdən səri-kuyində razımız yoxdur.

Bizim əqidəmiz artıqdır əhli-məsciddən,Fəqət riyayi-orucumuz, namazımız yoxdur.

Bəlayi-hicrilə bir kimsəsiz əsirlərik,Nigarə ərz eləyən dilnəvazımız yoxdur.

Cəmali-yar ilə pərvanələrtək odlanırıq,Bir ayrı şövqilə suzi-güdazımız yoxdur.

Məhəbbət ilə sevir qəlbimiz gülüzlüləri,Həqiqət əhliyik, əhli-məcazımız yoxdur.

Gözəllər hüsndə sultani-əsrdir, Vahid,Hayıf ki, kamil olan bir Əyazımız yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love