Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?

Açma zülfün, ətrlə bihuş edərsən aləmi,Çünki sən dəşti-Xətanın ənbəri-sarasısan.

Nazənin canan, gözəllər qarşı durmaz ruyinə,Cümləsindən sən gözəlsən, hamının əlasısan.

Bağbanın kimlər olmuş? Gözlərin heyranıyam,Sən məgər gülzari-hüsnün nərgizi-şəhlasısan?

Görməyincə gül üzün, cismimdə qalmaz taqətim,Ruhusan, guya, bu miskin aşiqin əzasısan.

Mən kimi minlərcə məcnunlar əsirindir sənin,Söylə, yarım, doğru söylə, sən kimin Leylasısan?

İnciməz, Vahid, o gül ahü fəğanından sənin,Sən gözəllər bağının bir bülbüli-şeydasısan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love