Əvvəlinci məclis
Page 2 of 3 · 33%
Hacı Fərəc (ucadan). Haqq sözdür, bərəkallah Zinyət xanım. Mədaxil gəldikcə verəcəyəm banka, (yavaşca) qızım, bəlkə sənin özünə pul lazım ola?.. And olsun Beytə, atamın ərvahına, müzayiqə olmayacaqdır ha!..
Güldəstə. Şəfaətiniz artıq olsun, hacı... Çox razıyam, Allah sizdən razı olsun. Hələ ki, mənə pul lazım deyil, lazım olsa, ərz elərəm.
Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Hacı Əli gəlibdir... Sizi görmək istəyir...
Güldəstə qaçır.
Hacı Fərəc. Buyursun, buyursun!
Kərbəlayı Rəcəb gedir.
Hacı Əli (daxil olub). Salam əleyküm.
Hacı Fərəc. Əleyküm salam! Hacı, sən çox xoş gəlmisən, səfa gətirmisən. Buyur, qadan alım, bax burada əyləş.
Hacı Əli. Hacı, sənin kefin, damağın?.. Necəsən, kişi? Əhvalın necədir? Maşalla, göz dəyməsin, cahıllaşmısan, hacı!
Hacı Fərəc. Xeyr a... a!.. Harda ki... İş çoxdur, hacı, gecə-gündüz əlləşirəm. Axırı nə çxacaq, bilmirəm.
Hacı Əli. Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyil... Nə əcəb, hacı qardaş, məni yada salmısan?
Hacı Fərəc. Sizə o dükanlar barəsində zəhmət vermişəm, icarə vaxtından xeyli keçib, təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar.
Hacı Əli. Xeyr, xeyr, hacı, səhviniz var. Mənim hələ iki il vaxtım var. Ancaq, çünki mən burada olmamışam, İrana getmişdim, bir il yarımın haqqı çatmayıb.
Hacı Fərəc. Ola bilər ki, mən səhv etmişəm, bağışlayın. Ancaq hacı qardaş, çünki bu saat bizə pul çox lazımdır, ona görə sizdən təvəqqe edirəm mənə kömək edəsiniz.
Hacı Əli. Borcumdur, icarə pulu eyləyir 28 min manat. Gətirmişəm, buyurunuz sayınız. Min-min toplamışam saymaq asan olsun.
Hacı Fərəc pulu sayır, Hacı Əli divardakı şəkillərə baxır.
Hacı Fərəc. Düzdür... Allah sizdən razı olsun. Buyurun, bu da sizin qəbziniz
Hacı Əli. Bəndəyə görə ta bir qeyri qulluğunuz varsa, buyura bilərsiniz, hacı.
Hacı Fərəc. Çox sağ oluz, hacı, elə bu pulları ki verdiniz, bu özü mənim üçün bir böyük mərhəmət oldu.
Hacı Əli. Onda izin verin getməyə.
Hacı Fərəc. Buyura bilərsiniz, qadan alım.
Hacı Əli gedir.
Hacı Fərəc (tək). İyirmi səkkiz min manat ağızda deyilər. Belə-belə pul gəldikcə gözlərimə işıq gəlir. Çiynimdə qanlı qoyun dərisi satmaqdan təngə gəlmişdim. İndi gün-gündən gümrahlanıb dönürəm bir cavan oğlana... Yusif səkkiz yaşındadır, o gəlib yetişənədək mən yükümü tutaram. Ancaq Zinyət xanım gərək bu evdən çıxmasın, mənim yoldaşlığımı qəbul etsin. Yoxsa quru yurdda qalaram. Cahü cəlal əldən gedər. Huşyar olmaq gərək... Müşkülgüşa puldur, pul! Pulun belə mən qadasın alım.
Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Kərbəlayı Qulam gəlib sizi görmək istəyir.
Hacı Fərəc. Burax gəlsin. (Kərbəlayı Rəcəb gedir.) Gəlsin görək qaraçı oğlu qaraçı nə pəstaha açacaq...
Kərbəlayı Qulam (daxil olub). Hacı, sənin sabahın xeyir, günortan xeyir, axşamın xeyir, bu vaxtın xeyir, sonra salam əleyküm!
Hacı Fərəc. Əleyküm salam, kərbəlayı. Buyur əyləş. Əyləş görək, nə var, nə yox?
Kərbəlayı Qulam. Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin hamamı mənim icarəmdədir. Ağa Heydər naxoş olmağına görə icarə pulu ona çatmayıb. Mənim hesabıma görə sizə verəcəyim əvvəl-axır altı min manatdır. Çünki hamamın günbəzi uçmuşdu, mən böyük xərc qoyub onu təmir etmişəm.
Hacı Fərəc. Mən günbəz-mümbəz bilmirəm, qardaş. İcarə pulu iyirmi dörd min manatdır. Burada artıq danışıq ola bilməz. Çox təvəqqe eləyirəm, başağrısı verməyəsən.
Kərbəlayı Qulam. Qurban sənə, hacı, yetimin bir o qədər pulu ki, cənabınızın cibişdanına təşrif aparır, başağrısı bir böyük əziyyət deyil... Sən gəl o pulların ondan birini ver mənə, ondan sonra götür bir zorba çomağı, vur başımı parçala... hmmm... Necədir? Razısanmı?
Hacı Fərəc. Vodə! Sarsaq-sarsaq danışma! Pulları gətir bəri, get işləməyinin dalınca. Axmaq!
Kərbəlayı Qulam. Hacı, gəlsənə bir sevda vuraq, nə lazımdır məhkəməyə çapmaq; o iyirmi dörd min manatdan yarısı mənim olsun, yarısını da sən qoy cibişdanına, qoca kişisən... hm?.. Necədir? Yaxşı sevda deyilmi, hacı?
Hacı Fərəc. Bu nə təklifdir sən mənə eləyirsən? Məgər sən müsəlman deyilsən? Əgər müsəlmansan, gərək Allahın hökmündən xəbərdar olasan. Məgər bilmirsən ki, xudavəndi-aləm öz Qurani-şərifində yetimlər barəsində nə buyurubdur. “Vəla təkilü əmvaləküm, ila əmvaləküm”. Yəni, yetimin malını öz malınıza məxlut edib yeməyin. “İnnəhü hübən kəbirə”. Yəni, yetimin malını yemək böyük olan günahdır. Qardaşım kərbəlayı, yoxsa fikrin məni cəhənnəm odunda yandırmaqdır? Eyib olsun sənə kərbəlayı!
Kərbəlayı Qulam. Ay hacı, ay hacı! Sən get Quran ayəsini elə adama gətir ki, səni tanıyan olmaya. Biz ki, Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam?
Hacı Fərəc. Əstəğfürullah! Lənət sənə, kor şeytan ha! Vodə, sənin canın mənim əlimdədir ki! Sıxaram, axır suyun damar... İstəyirsənmi müqaviləni pozub, səndən iki yüz min manat cərimə alım, hə? İstəyirsənmi?..
Kərbəlayı Qulam. İndi ki, belə oldu, hacı, hər nə əlindən gəlir, müzayiqə eləmə... Məhkəmədə danışarıq. Mənə də Kərbəlayı Qulam deyərlər, hacı. And olsun Allaha pəsəgin çıxardaram.
Hacı Fərəc. Mən hamamı sənin əlində qoysam, bu papağım mənə haram olsun. Dur, bu saat sürün gözümün qabağından! Dur, rədd ol, heyvərə!
Kərbəlayı Qulam (gedə-gedə). Buyurursunuz günbəz-mümbəz bilmərəm, həəə? Çox yaxşı, çox əcəb... Məhkəmədə baxarıq. (Gedir.)
Hacı Fərəc (tək). Bihəyanın təklifinə baxuz... Gör kimə tələ qurmaq istəyir? Fərəcə! Sənin kimi vücudları mən çaya susuz apararam, susuz gətirərəm, cənab Qulam...
Kərbəlayı Rəcəb (daxil olur). Hacı! Tacir Ağa Qurban çoxdandır gözləyir...
Hacı Fərəc. Buyursun, buyursun... Bu yaxşı adamdır.
Ağa Qurban (daxil olub). Salam əleyküm, hacı!
Hacı Fərəc. Əleyküm salam, Ağa Qurban! Sən çox xoş gəlmisən, səfa gətirmisən, buyur əyləş, qadan alım. Bax, burada əyləş.
Ağa Qurban (əyləşib). Hacı, nə əcəb məni yad etmisiniz, nə işdən ötrü?
Hacı Fərəc (əlində dörd veksil). Sizin dörd təməssükünüz var, o barədə sizə zəhmət vermişəm... Məhkəməyə hesabat verəcəyəm, ona görə...
Ağa Qurban. O təməssükləri ki, pul təməssükləridir, hacı qardaş. Çünki o vaxt borcum var idi və tələbkarlar hazırlaşmışdılar evlərimi satmağa, mən o təməssükləri verdim mərhum Ağa Heydərə ki, evlər satılanda, o da girsin torqa, öz haqqını alsın, sonra versin mənə. Torq baş tutmadı, tələbkarlarlan düzəlişdik, evlər satılmadı. Təməssüklər qaldı Ağa Heydərə. Mən ondan təvəqqe elədim təməssükləri cırıb atsın, o da söz verdi... Görünür ki, təməssükləri tələf etməyib, yəqin ki, yadından çıxıb. Yoxsa mərhum etibarlı vücud idi.
Hacı Fərəc. Ağa Qurban! Mən qəyyumam, qardaş, bu təməssüklər, əvvəla, Ağa Heydərin kitablarında yazılıb, məlumdur ki, siz buyuran təməssüklərdən deyil. Bir də məhkəmə məmuru bu təməssükləri siyahıya salıb, mənə tapşırıb; mənim borcumdur təməssükləri göndərim nataryusa protestə... Yoxsa məni işə salarlar.
Ağa Qurban. Eybi yoxdur, göndər! Hərgah istəyirsən Ağa Heydəri şüğlüzümə edəsən, yüz iyirmi min manatı məndən al zorən... Mən öyrənmiş canam...
Hacı Fərəc. Əlacım yoxdur, qardaş, neyləyim? Necə mən iki yerdə yazılmış təməssükləri gizlədim?
Ağa Qurban. İndiyə qədər mənim təməssüklərim protestə getməyib. Ümidim var ki, hacı, siz də elə iş etməyəcəksiniz. Xudahafiz! Mən getdim...
Hacı Fərəc. Xoş gəldiniz... Bir neçə gün gözləyəcəyəm... Sonra təməssüklər öz yolu ilə gedəcək...
Ağa Qurban gedir.
Hacı Fərəc (tək). Sərkar Ağa Qurban tacir bir rəml idi atdı, sonra gördü ki, xeyr, tutmadı, bitmədi. Protestdən qorxub, pulu tamam-kamal gətirib verəcək... Bu təməssüklərin varlığın bilən yox və heç bir yerdə yazılmayıb... Dörd yol səkkiz, elər iyirmi. Xeyr, eləyir otuz iki min manat, nəqdcə mənim halal malım... Elə tək bu sərmayə mahir əldə böyük sərmayədir. Zinyət xanım sağ olsun, ver dalı gəlsin, gülüm. Güldəstə, Güldəstə, bir bəri çıx görüm, ay qız.
Güldəstə (gəlib). Nə buyurursunuz, hacı?
Hacı Fərəc. Gəl əyləş, dərdim var, söyləyim...
Güldəstə. Sizin nə dərdiniz ola bilər, hacı? Canın səlamət, pul çox, ta dərd nöşün olsun?
Hacı Fərəc. Doğrudur, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki...
Güldəstə. Allah eləsin, ay hacı... Xırda xanım necədir, hacı? Nə əcəb o buraya gəlmir?
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-pul-duskunu-haci-ferec-evvelinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.
Üçüncü məclisVaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.*Məmmədəli** (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?
AğıçıAğıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.
Mənim vaqiəm– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”
Poems by other poets
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
ƏfəndimDilbər, səninlə meylər içələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.