Mən səni görmüşəm on beş ıl əvvəl,
Dilində bir qoşma, bir dərdli qəzəl,
Çadırdan çadıra qonaq gəzərdin.
Yazıq! Duyulmadı sənin də dərdin,
Sənin də göz yaşın sellərə döndü,
Qaranlıq yollarda çırağın söndü;
Sənin də bağrını nizələr dəldi,
Buludlar qarşında salama gəldi.
Sənin de yar deyib gözlədiyin qız
Satıldı... şahlara dolandın yalnız.
Bağladın meylini telli bir saza –
O sarı simlərə söz yaza-yaza,
Keçdikcə dağlardan, göy dərələrdən,
Bir də ürək açan mənzərələrdən,
Dərd alıb, dərd yedin illər uzunu,
Bir soran olmadı kim gördü bunu?

      Dilsiz qayalara dil deyib durdun
      Sənin bu dərdini dinlədi yurdun,
      Tapdandı gəncliyin, şərəfin, adın;
      Qamçılar altında sındı qanadın,
      Elin şikayəti ötdü səsində.
      Bəzən də bəylərin toy məclisində
      Dedin Koroğludan, Leyli-Məcnundan,
      Yoxsula bir xeyir çıxmadı bundan.
      Odlara bir yanıb, bir də qalandın,
      Ağır ellər kimi sən də talandın ...

      Ay da taleyinə uzaqdan baxdı,
      Çaldığın havalar yandırıb yaxdı
      Yaslı gəlinləri, yaslı qızları,
      Ahından əridi dağların qarı.
      Söylədi nalənin başqa hüsnü var, -
      Bəzi "şeir" yazan "nazik adamlar"...
      Onlara xoş gəldi, nədənsə, aşıq,
      Səssiz üfüqlərdə sönən hər işıq!..

      Sən ömrün uzunu çəkildin dara
      Baxıb şeir dedin göy yaylaqlara;
      Ağladı dərdinlə güllər, çiçəklər;
      Dumanlı dağlardan əsən küləklər
      Qurtuluş günündən vermədi müjdə,
      Haqqı söylədilər, hər zaman üzdə...
      Bükdü qamətini ahlar, amanlar,
      Göylərə sığmayan ağır zamanlar,
      Adına insanlar - məcnundur - dedi.
      Yoxsullar qazarnb, varlılar yedi.
      Bağladın meylini telli bir saza –
      O zərif simlərə söz yaza-yaza
      Obalar dolaşıb, oymaqlar aşdın,
      Sonsuz üfüqlərə hər gün yol açdın.

      Yaxşı yadımdadır, bir yaz gecəsi
      Bir toy məclisində sən oxuyurdun.
      Dinib-danışdıqca sazının səsi,
      Ortada qışqırıb bir xal da vurdun,
      O toy məclisində sən oxuyurdun...
      Axşamdan bir uzun nağıl başladın,
      Qurtardı söhbətin gecə yarısı.
      Köhlən igidləri çox alqışladın,
      Məclisin gəlini, qızı, qarısı
      Üzünə boylanıb baxdılar mat-mat,
      Bir deyən olmadı: "Yoruldun, get yat"...
      O gəzdiyin dağların qoynuna gün doğalı,
      Bir ömürlük sitəmdən insan azad olalı,
      Sənin də rəngində, bax
      Günəş doğmadan qabaq
      Bir qızartı parladı;
      Onun - həyatdır adı...
      Öz alnının tərindən,
      Sinənin dəftərindən
      Söz qoşursan qəhrəman insanların adına,
      Yaşmağını götürüb iclas açan qadına;
      Qışda, yazda və yayda
      Hər həftədə, hər ayda
      Bizim kolxoz kəndlərinin konsertinə gedirsən,
      Şabaş deyib qışqıran toyları tərk edirsən,
      Sən bu yeni dünyadan baxıb ilham alırsan,
      Olub keçən hər şeyi öz sazında çalırsan;
      Bəzən də radioda dalğalandıqca səsin,
      Bilirəm ki, yaşamaq, çalışmaqdır həvəsin.
      Mən demirəm büsbütün dəyişmişdir varlığın,
      Canından çıxmamışdır köhnə tamahkarlığın.

      Sən yenə vaxt tapıb hey soxulursan
      Kirli çayçıların küncünə sən;
      Hər gələn yolçuya həmdəm olursan.
      O tərlan könlünün, şahin vüqarı
      Beş quruş uğrunda, bəzən alçalır,
      Özün də bilmirsən əlin nə çalır.
      Bazar başlarında soğan satanlar,
      Oğrular, əyrilər, o şarlatanlar
      Toplanıb başına: "sağ ol!" - deyirlər.
      Nuhun gəmisindən qalma şeirlər,
      Onlara dad verir xurmalar kimi,
      Soyuq məzarlarda həyat var kimi...

      Sən ey varlığında sənət yaşayan,
      O sarı simlərin ustası yoldaş!
      Əgər mənliyini sevməsə insan,
      Onun bu dünyada mənası bir daş...
      Bəlkə də bir tozdur... onu küləklər
      İstədiyi səmtə alıb sürüklər.
      Ölüb gedənlərin yasını burax,
      Anla ki, hər zaman axır bu həyat
      Daşqın sular kimi, gəncliyə bir bax!
      Fikrində, hissində inqilab yarat,
      Anla ki, hər zaman axır bu həyat!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets