Dəli könül nə düşübsən çöllərə,Məgər usanmazsan yar aşiqidi,Dost kuyindən gedən deyil bir yana,Rəqibi-səgsifət yar aşiqidi.

Adəm gərək həzz eyləyə həvadən,Xatircəm ol gətirmişəm həvadən.Laçın kimi qanad çaldı həvadən,Sonanın bağrını yar aşiqidi

Haçan ola canan gələ bu saça,Qorxuram ki, qanlı qəmzə bu saça.Qurban olum bu geysuyə, bu saçaSənubər qəddinin yar aşiqidi

Naşi sərraf fayda bulmaz o laldan,Xəbər alma bilən deyil o laldan.Yara deyin əl götürsün o laldan,Ağ geysin ki, əcəb yar aşiqidi

Qaş qaradı, xal həbəşi, gözələ,Yığ dərdini bu canıma gözələ,Zakir meyl eyləməz yetən gözələ,Bir büllur əndamlı yar aşiqidi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love