Gül üzün həmdəmdi müəttər zülfə,Öz nəkhəti bəsdir, gülab istəməz.Anı sevən gedər həşt-behiştə,Divanədən kimsə hesab istəməz.

Harami qaşların fitnədir karı,Anı pənahında saxlaya tarı,Ləblərin sərməsti, gözün xumarıSağər tələb etməz, şərab istəməz.

Dözə bilməz tənhalığın qəhrinə,Saqiyi-dövranın cami-zəhrinə;Dərdü-qəmin göndər könül şəhrinə,Heç sultan mülkünü xərab istəməz.

Hər yerdə aşiqi-binəva tapar,Əqlini, huşunu çalıban çapar,Nə kami-dil verər, nə könül yapar,Məgər xubirulər səvab istəməz?

Zakirəm mən sana ey padişahım,Yetirmə fələyə naləvü ahım;Vur boynumu, gör var isə günahım,Sevdiyim, bu qədər əzab istəməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love