Dördüncü fəsil
Страница 1 из 2
Həm vüsali vurur od canıma, həm hicranı
Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.
Hər bir insan yaşadığı evin içinə nə sayaq alışır, məhrəm olursa, maşın sürən adam da şəhərə, şəhərin küçələrinə, meydanlarına, dalan və döngələrinə, enişinə-yoxuşuna o cür alışır, məhrəm olur. Evlərin sakinləri mənzillərinin hər əyər-əskiyinə bələd olduqları kimi, maşın sürən adam da yolların hamarına, çuxuruna bələd olur. “Dünən burada keçidi bağlamışdılar, bu çəpərin üstündə “sağa burulmaq olmaz” nişanı vurulub, bu yolayrıcında işıqfor pis işləyir, bu döngənin dalında çuxur var” – bütün bu əlamətlər sükan arxasına keçmiş adamçün gündəlik qayğılardır – daman dam, xarab olmuş su kəməri, sınmış pəncərə, cırıldayan döşəmə – ev sahiblərinin gündəlik qayğıları olduğutək. Mənzilinə alışmış adam otağının içində qaranlıqda da yeriyə bildiyi kimi Zaur da şəhərin avtomobil yollarını, küçələri, döngələri gözübağlı da seçə, tapa, burula bilərdi... Əlbəttə, gözübağlı sürmürdü maşını, diqqətlə başqa maşınları, piyadaları, işıqforları, yönəldici milisin hərəkətlərini izləyirdi. Amma şəhəri beş barmağı kimi tanıdığı üçün maşını sürərkən müəyyən istiqamət barəsində düşünmürdü, fikirləri tamam başqa, kənar məsələlərə yayınırdı... İndi isə o yalnız Dadaş haqqında fikirləşirdi – gündüz elədikləri söhbət haqqında...
Dadaşın sifətini gözləri qarşısında dönə-dönə canlandırır, ona get-gedə daha artıq nifrət edərək, hey söyürdü kişini: “Adam safan köpəkoğlu... Gör bir nə ağızdolusu danışırdı: “onunçün heç təfavütü yoxdur, – alverçilər, baza müdirləri...” Yaxşı, madam ki, heç təfavütü yoxdur, səni niyə mağmın qoyub? Yeddi həndəvərinə buraxmayıb, odur ki, belə salveylənmiş küçük kimi zingildəyirsən də. Ağzıgöyçəklik eləyib, özgənin üstünə min çirkab atırsan!”
Amma ən dəhşətlisi o idi ki Zaur yüz faiz əmin ola bilmirdi: doğrudanmı Dadaşın atdığı çirkab ancaq onun öz uydurmalarıdır, real gerçəklik deyil? O, Təhminə haqqında Dadaşın sözlərindən təcrid olunaraq düşünmək istəyirdi və heç bir şey müəyyənləşdirə bilmirdi. Elə bil iki Təhminə vardı – biri Zaurla görüşlərdə mövcud olan Təhminə – Zaur onun hər sözünə inanmağa hazır idi biri də başqa, Zaura yad, Zaurun tanımadığı, amma bir çox adamların fikrində, dilində, təsvirində mövcud olan Təhminə... Hansı Təhminə daha real, daha həqiqi idi? Bəlkə elə ikisi də. Biri əsil Təhminə... biri də onu yamanlayanların, onu istəməyənlərin öz təsəvvürlərində, xəyallarında yaratdıqları, bəzədikləri Təhminə...
Axı onu bəzəyən, onun haqqında olmazın iftiralar uyduranların özləri də Təhminəyə biganə deyildilər – kəsirdilər ondan, ya nifrət edirdilər ona, ya kiməsə qısqanırdılar Təhminəni, ya paxıllıq edirdilər, ya hayıf çıxmaq istəyirdilər. Onun gözəlliyinin tamarzısında olanların çoxusu isə əslində istəyinə çatmayıb, heç olmasa uzun dilləriylə, bayağı söhbətləriylə, müfəssəl təsvirləriylə qurdlarını öldürmək istəyirdilər.
...Və bütün bu şeylər haqqında fikirləşdikcə Təhminəyə zəng eləmək həvəsi get-gedə sönüb gedirdi. Hələ dünən bu zəngin bir mənası vardısa, bu gün, Dadaşla söhbətdən sonra tamam yersiz bir iş olardı. Zəng eləyib nə barədə soruşacaqdı? Spartak barədə, ya o televiziya rejissoru barədə? Yaxud baza müdirləri, alverçilər barədə? Təhminə nə cavab verərdi bütün bu sorğu-suala? “Əgər məni fahişə hesab eləyirsənsə, onda nə təfavütü var sənin üçün, – deyə bilərdi, – yox, əgər hesab eləmirsən, necə ağlıva sığışdıra bilirsən bütün bu şübhələri?” Bəlkə də hər şeyi inkar edəcəkdi, bircə o televiziya rejissorunu boynuna alacaqdı... Ya Spartakı... Nə isə, yenə qarışırdı Zaurun fikirləri. Yox, özünü ələ almalıdır. Bütün bu şeylər haqqında düşünməməlidir. Gözləməlidir, vəssalam. Heç kəsnən Təhminə barəsində söhbət aparmaq lazım deyil. Özünə də zəng eləmək olmaz... Gözləmək lazımdır vəssalam... Gec-tez özü zəng eləyəcək, buna Zaurun şəkk-şübhəsi yox idi. Özü zəng eləsə, özü görüş təyin eləmək istəsə, görüş təyin eləsə, o zaman sözü açmaq olar.
* * *
...Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi...
* * *
Bir axşam Zivər xanım sözarası dedi ki, Zaurun kooperativ mənzili bir-iki aya hazır olmalıdır. Zaur bu eyhamın gizli mənasını başa düşürdü: mənzildən söhbət salanda, anası ardınca evlənmə barəsində söz açardı... Zaur düşünürdü ki, doğrudan, təəccüb qalası işdir. Axı lap yaxşı bilirdi ki, anası gələcək gəliniylə yola getməyəcək, aralarında dedi-qodu olacaq, sancıb-dalayacaq gəlinini, yox əgər gəlin də dillidilavər olsa, söz götürməyəcək, cavabını verəcək, dava-mərəkə ərşə qalxacaq, sözgap düşəcək aralığa və bütün bunlara baxmayaraq, Zivər xanım oğlunu evləndirməyə, qayınana olmağa can atırdı, tələsirdi... Ərşdən-kürşdən, o yandan-bu yandan başlanardı bu söhbət, filankəs oğlunu evləndirdi, peşmankəs qızını ərə verdi, filançün elçi gediblər. Sonra Zivər xanım hərləyib-fırlayıb gətirərdi sözü Zaurun üstünə, başlardı ki, bəs, daha yekə oğlansan, evlənmək vaxtındır, nə çağacan subay gəzib dolanacaqsan, bizim də day o yaşımız deyil, atan iki dəfə infarkt keçirib, mənim özümü bu andıra qalmış astma lap əldən salıb, rəvadırmı ki biz bu dünyadan nisgilli, nakam köçək, oğlumuzun şad gününü görməyək, bircə balamızçün elçi düşməyək, könlü istəyən, gözü tutan bir təmiz qızın “həri”sini almayaq, toyunda sındıra-sındıra oynamayaq, totuq-motuq. nəvələrimizi atıb-tutub oynatmayaq və s. qəbildən sözlər, sözlər, sözlər... boş-boş sözlər. Xeyr, bağışlayacaqsan, boş-boş sözlər deyil bunlar... Bizim cavanlığımız çətin keçib, aclığa, kasıbçılığa, ehtiyaca, sıxıntıya dözmüşük, amma bir arzumuz olub, atanın da, mənim də ki, barı balamız xoşbəxt olsun, bu dünyada heç nədən korluq çəkməsin, halal südəmmiş, pak, təmiz bir qıza rast gəlsin, evlənib oğul-uşaq sahibi olsun, biz də qoca yaşımızda baxıb fərəhlənək, ürəyimiz böyüyüb dağa dönsün, o səadət ki, cavanlığımızda bizə nəsib olmadı, oğlumuzun, nəvələrimizin qismətinə düşsün, elə bizim xoşbəxtliyimiz də onların xoşbəxtliyidir də...
Zaur bütün bu bəlağətə səbirlə tab gətirər, bığaltı qımışar, nə “hə”, nə “yox” deyərdi, amma bu səfər anasının nitqinə təzə bir cəhət əlavə olundu, uzun-uzadı və mücərrəd arzuları bu səfər konkret bir adla bağlandı. Əvvəl Zaura elə gəldi ki, səhv eşidib.
– Nə? – deyə xəbər aldı, – hansı Firəngiz?
– Qonşumuzu deyirəm də, Alyanın qızını...
Bu ad, bu təklif o qədər gözlənilməz idi ki, Zaur hətta özünü itirdi:
– O ki lap uşaqdır.
– Uşaq niyə olur, on doqquz yaşı var. İnstitutda oxuyur. Səndən cəmi-cümlətanı beşcə yaş kiçikdir. Elə-belə də olmalıdır da, ər gərək arvaddan bir az böyük olsun.
Əlbəttə, Zivər xanım özüylə əri arasındakı yaş fərqini nəzərdə tuturdu – səkkiz yaş kiçik idi ərindan.
– Ata-anasının əməlli-başlı könülləri var e... Alya neçə kərəm işarə vurub mənə... Deyir, sən xoşbəxtsən, bir oğlun var, oğlanın işi nədir ki, halva... Odey, mənim də oğlum var, bir qırnıq nigarançılığın çəkmirəm onun. Amma qız ayrı məsələdir. Rastına kim çıxacaq anası ölmüşün, hansı evə, hansı ocağa düşəcək... Mənim qızım, deyir, bir açılmamış qönçədir, tale, deyir, görən kimin bağına salacaq balamı... Adam, deyir o vaxt ürəyin buz kimi eləyir ki, qabaqcadan qızıvı köçürdüyün ailəni tanıyasan. Day mən də lap key Balaxanım deyiləm ki, bilirəm bu sözləri bizimçün deyir... Başa düşürəm bu xalı hara vurur...
– Yaxşı nə qaçhaqaçdır, nə olub belə, qızı qarıyıb evdə qalıb ki? 19 yaşı var da qızın, anası nə belə əl-ayağa düşüb?
– Ay-hay... Mən nə deyirəm, bu nə deyir... Əşi başa düşmürsən nə məsələdir? Nə olsun 19 yaşı var? Bu gün-sabah ərə gedəsidir. Alya xanim da ondan nigarandır ki, kimə gedəcək, hansı evə, hansı ocağa düşəcək. Bir yandan da bizə, bizim ailəyə bələddir, səni tanıyır, gözünün qabağında böyümüsən, hansı ana istəməz ki qızı nəcib yerə düşsün?
– Yaxşı, bəs sənə nə düşüb bu cür canfəşanlıq eləyirsən. Xalqın dərdi-səri sənə qalıb?.. Cavan, göyçək qızdır, vaxtı gələr, gedər ərə də. Sən niyə onun dərdini çəkirsən?
– Mən bəyəm onun dərdini çəkirəm? O qız evdə qalmayacaq, mən səni fikirləşirəm... Belə qızlar çöldə tökülüb qalmayıb ki... Gözəllik deyirsən – gözəllik, ağıl deyirsən – ağıl, yaxşı, hörmətli ailə deyirsənyaxşı hörmətli ailə, abır-həya, ismət, adamı görəndə pul kimi qızarır, day sənə nə lazımdır?.. Belə qıznan evlənərsən ömrün boyu ürəytvi buz kimi eləyərsən, heç kimin yanında da başın aşağı olmaz... Sən, deyəsən, belə-belə şeyləri hələ əməlli-başlı qanıb eləmirsən?
Qəribədir ki, Zivər xanım Firəngizin bütün məziyyətlərini bir-bir sadaladıqca qeyri-ixtiyari Təhminə gəlib dururdu Zaurun gözləri qarşısında və Zaur bu saatca durub Təhminəyə zəng eləmək, onunla görüşmək istəyini güclə boğurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu