Beşinci fəsil
Страница 1 из 3
Degildim mən sənə mail, sən etdin əqlimi zail.
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Zaurun təqribi hesablamalarına görə Bakıda, Azərbaycan Respublikasının başqa şəhər, kənd, şəhər və kəndtipli qəsəbələrində onların yetmiş yeddi nəfər qohumu vardı. Atasının və anasının hesablamaları etibarlı deyildi. Keflərinin kök vaxtlarında bir-birilərinin qohum-əqrəbasını saymağa başlayanda atası ortalığa bir rəqəm çıxarırdı, anası ayrı. Anasının hesablamalarına görə atasının qohumu daha çox idi, atasının hesablamalarına görə əksinə. Anası: “Bibim nəvəsinin ögey əmisi oğlu haradan mənim qohumum oldu ki...” – deyərdi, amma özü Məcidin dayısı qızının baldızı oğlunu ərinə yaxın qohum sayardı. “Hər halda ali məktəbə girəndə sənin yanına gəlmişdi ki, yaxın qohumusan, sən də ona kömək elədin... Doğrudur, işi düzələndən sonra bir də üzünü görmədik, amma hər halda..”.
Əslində, ata və ana qohumlarından başqa bir də vardı, Məcid demiş, “sezon qohumları”. Məlum deyildi ki, onlar kimin tərəfindən hardan qohum idilər, amma elə ki, imtahan mövsümü başlanırdı, bu haradansa peyda olmuş “sezon qohumları” qapılarını kəsdirirdilər. Nizamidən, Firdovsidən, Sədidən tutarlı misallar gətirib isbat edirdilər ki, qohum-əqrəba dar gündə gərək olar və əgər Məcid uşağa kömək eləməsə, deməli, böyük şairlərin hikmətli kəlamlarının bir qəpiklik mənası yoxmuş... Adətən bu müdrik beytlər Məcidgilin evlərində yay aylarında, sınaq imtahanları dövründə daha çox səslənirdi, amma başqa mövsümlərdə də cürbəcür qohumların cürbəcür xahişlərindən, təvəqqələrindən asudə deyildi Məcidin başı... Məcid ürəyiyumşaq adam idi, əlindən gələn yaxşılığı qohumlarından da, qohumu olmayan, tanıyıb-tanımadığı adamlardan da əsirgəməzdi və heç bir vaxt da elədikləri yaxşılıqların müqabilində heç bir şey gözləməzdi, heç quru “sağ ol”un da təmənnasında deyildi. Amma hərdən-birdən, görürsən düşürdü belə bir iş ki, yaxşılıq elədiyi adam, dar günündə qolundan tutduğu şəxs məqsədinə çatan kimi birdəfəlik yox olurdu, ilim-ilim itirdi, nə izi, nə tozu qalırdı, belə məqamlarda Məcid də görürsən, hərdən segah üstündə dodaqaltı zümzümə edərdi: “Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı”.
Bu, atasının əzbər bildiyi yeganə şeir misralarıydı və yeganə musiqi motivi idi, professor bunu, özfəaliyyət iştirakçıları kimi, özü özüyçün, öz dilxoşluğu üçün oxuyurdu. Amma, hər halda bu müvəqqəti üzə çıxıb birdən-birə də qeyb olan təmannalı qohumlardan savayı əsil yaxın qohumları da vardı və bu qohumlarla daimi sıx əlaqə saxlayırdılar. Belə yaxın qohumlar Zivər xanımın bacıları, xalası və xalası qızlarından ibarət idi və bir də Məcidin, Bakıda yaşayan yeganə yaxın qohumu – məşhur cərrah, professor Bəhram Zeynallı. Şübhəsiz, Bəhram Zeynallının ailəsi – arvadı Rüxsarə xanım, oğlu Rasim də yaxın qohumlardan sayılırdı, amma Bəhramın davada həlak olmuş qardaşının oğlu Qiyasla gediş-gəlişləri yox idi... Məcid bilirdi ki, Qiyas Dilarə adlı bir qızla evlənib, bir oğulları var, amma nə özü, nə də Zivərlə Zaur Qiyasın ailəsiylə heç tanış da deyildilər. Ömürlərində bir-birilərinin qapısını açmamışdılar, deyəsən Qiyasın əmisi Bəhramla gediş-gəlişləri vardı, amma Məcidgil Bəhramgildə tez-tez qonaq olsalar da, bir dəfə də onlarda Qiyasgilə rast gəlməmişdilər... Adətən Bəhramgillə, başqa qohumlarla görüşləri də müəyyən hadisədən-hadisəyə, tarixdən-tarixə olardı – ad günlərində, toy-nişanda, ya, Allah eləməsin, hüzr məclislərində... Bu gün – Zaurun ad gününə də beş-altı nəfər qohum gəlmişdi – Zivərin iki bacısı, bir xalası qızı, (o biri xalası qızı gəlməmişdi, xalası xəstəydi, qızı da onun keşiyini çəkirdi), Bəhram Zeynallı arvadı Rüxsarə xanımla, (onlar da oğulları Rasimsiz gəlmişdilər...) Məcidin iş yerindən də iki nəfər gəlmişdi və o cümlədən atasının kafedrasında assistent olan Şahin. Şahin Zaurla həmyaş idi və onların ailələri üçün əvəzsiz bir adam idi – nə lazım olsaydı yerin deşiyindən tapardı. – Bax, elə bugünkü məclisçün bütün gərək olan sursatı – sədri düyüsündən, təzə balıqdan, kürüdən tutmuş hər cür xırım-xırdayacan – nə bilim borcomdu, yaşıl noxuddu, mayonezdi-filandı – hamısını Şahin “təşkil eləmişdi”... Qonşularla elə mehribançılıqları yox idi, qonşulardan bircə Murtuzovgil idi qonaqları – Murtuz özü – istefaya çıxmış polkovnik Murtuz Murtuzov bütün orden, medallarını taxmışdı, – arvadı Alya və qızları Firəngiz. “Qızlarını bizimkilərə – qohumlarımıza göstərməyə gətiriblər” – deyə düşünmüşdü Zaur. Amma məsələ ondadır ki, Murtuzovlarla bir yerdə Zaurun tanımadığı başqa bir ər-arvad da gəlmişdi, necə deyərlər, çağırılmamış qonaqlar. Alya xanım izahmı eləyirdi, üzrmü istəyirdi, hər halda qeyri-müəyyən bir tonla:
– Tahirəylə Cabbar da gəlib çıxdılar bizə, dartdım onları da gətirdim, – dedi.
Tahirə Alyanın ortancıl bacısı idi. Çünki kiçik bacısı da vardı – Sürəyya, Nemətin arvadı. Nemət tərcüməçi idi. Zaurla bir nəşriyyatda işləyirdi və Zaur onu son dərəcə duzsuz-dadsız bir adam hesab eləyirdi.
Amma Cabbarla Tahirəni Zaur birinci dəfə görürdü.
Tahirə də Zivər xanıma:
– Sən allah, bağışlayın, – dedi. – Alya qır-qıc oldu ki, gərək siz də gedəsiz, heç bilmirdim ki, Zaurun ad günüdür bu gün... hədiyyə bizim boynumuza. – Guya Tahirə üzrxahlıq eləyirdi, amma bu sözləri elə böyük bir təşəxxüslə deyirdi ki, onların mənası tamam başqa cür çıxırdı: yəni sizin minnətiniz olsun ki, biz təşrif gətirib sizə qonaq gəlmişik.
Zivər xanım:
– Eyib deyilmi, nə danışırsız, öz evinizdir, xoş gəlmisiniz, – deyirdi.
Amma Zaur ona da fikir verdi ki, anası da tələffüz elədiyi sözlərə tamam başqa məna verdi. Anası da hiss eləmişdi Tahirənin forsunu, özündən müştəbehliyini və imkan tapan kimi onu yerində otuzdurasıydı...
Zaur bunu da başa düşürdü ki, qonşuların bu nümayəndə heyəti yalnız. Firəngizi göstərməkçün gəlməyib, həm də Zaura baxmağa gəlib. Daha doğrusu, yalnız tək bir Zaura yox, oğlanın ailəsinə, qohum-əqrəbasına, evlərinə-eşiklərinə, dolanacaqlarına və davranışlarına, bir söz, “bizim Firoçkanın” düşə biləcəyi mühitə... Tahirə, görünür, Alyanın yalnız bacısı deyildi, həm də ən yaxın məsləhət-məşvərətçisi idi, odur ki, onun rəyi, fikri, təəssüratı vacib idi... Zaur, içində bütün bu bayağı oyuncaqlara nəinki gülürdü, müəyyən ikrah hissi də duyurdu, amma bu duyğularını ört-basdır etmək, üzə çıxarmamaq, hamıya xoş sifət göstərmək, mehribanlıq eləmək istəyirdi. Özü də bu halına təəccüb qalmışdı. Adətən bu sayaq münasibətlər, ümumiyyətlə, ad gününün saxta şadyanalığı onu əsəbiləşdirərdi. Zaur bu günün tez qurtarıb getməsini arzulayırdı. Amma bu gün səhərdən bəri bütün içini doldurmuş ilıq, xoş bir duyğu, elə bil onun bütün insanlara münasibətini də mülayimləşdirmişdi: heç kəs onu əsəbiləşdirmirdi...
Dəqiqəbaşı əlini cibinə atır, “Ronson” alışqanını çıxarıb odlayırdı və ona elə gəlirdi ki, onun sevincinə, fərəhinə hamı şərikdir. Bu alışqanı bu gün işə Təhminənin qonşusu Mədinə gətirmişdi. Təhminənin dünən dediyi hədiyyəsiydi bu “Ronson” alışqanı, bir dəstə gül və üstündə təbrik sözləri yazılmış kağız... Zaur elə bil qəribə yuxu içində idi və ona müraciətlə deyilən sözləri də əməlli-başlı eşitmirdi, nəzakətsiz görünməmək üçün arabir “bəli, əlbəttə”, yaxud “xeyr” deyirdi, amma özü də bilmirdi ki, “bəli-xeyri” yerində deyir, ya yox. Tahirənin əri Cabbar da nə barədəsə onunla qızğın söhbətə girişmişdi. Zaur da onu dinləməyərək hey başını yelləyir, “bəli, bəli, əlbəttə” deyirdi, amma özü də bilmirdi ki, nəylə razılaşır, nəyi belə qeydsiz-şərtsiz qəbul edir... Arabir diqqətini toplayıb Cabbarın fikrini almaq, nədən danışdığını təyin eləmək istəyirdi. Cabbar yanında oturmuşdu, amma elə bil səsi hardansa, çox uzaqlardan gəlirdi:
– Başa düşürəm, atanızın işlədiyi institutda müdafiə eləmək yaxşı düşməz, söz-söhbət ola bilər. Amma istəsəz, mən danışaram, bizim institutda müdafiə edərsiz.
Zaur: “bəli, bəli, əlbəttə” deyirdi, özü də bilmirdi ki, Cabbar dəqiq surətdə ona nə təklif edir. Cabbarın səsinə başqa səslər – atası Məcidin, anasının, xalalarının, Murtuzun, Alyanın, Bəhram əminin, Tahirənin, Rüxsarə xanımın, Şahinin səsləri də qarışırdı... Bircə Firəngizin səsi gəlmirdi... Firəngizin yanaqları qıpqırmızı alışıb yanırdı. Zaur fikirləşirdi ki, doğrudan da, çox gözəl qızdır Firəngiz və elə bil onun susub dinməməyini qavrayır, sükutunu eşidirdi. Firəngizin sükutu yəqin ki, Zaur haqqında, onunla quracağı gələcək xoşbəxt ailə həyatı haqqında təsəvvürlərlə dolu idi – ola bilməz ki, bütün bu xəyalları Alya xanım yavaş-yavaş, altdan-altdan qızına təlqin eləməsin. Səslər bir-birinə qarışırdı, amma ayrı-ayrı cümlələrə diqqət etsən, kimin nə danışdığını təyin etmək olardı.
Əşi, mənim ştabımda idi, əlaltım idi, şunu götür, şunu qoy, indi bir gör nə ağız bəhəm eləyib, küçədə görəndə adam-zad tanımır. Murtuz deyirdi bunu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*
Onuncu fəsilEy, məh, mənimlə dustlarım düşmən eylədin,*Düşmən həm eyləməz bu işi kim, sən eylədin.*
Стихи других поэтов
Bahar oldu düşdü ahu-fəryada,Həsrətsən lalətək yüzə sən, bülbül.
SamburƏsriyib-əsriyib, kükrəyib axan,Ağzı ağ köpüklü divanə Sambur!
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,