Страница 1 из 3

Vəsl qədrin bilmədim hicran bəlası çəkmədən,
Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.

Zaur boğuq səslə:

– Bəli, mənəm, – dedi. – Gözləmirdin?

Təhminə çiynini çəkdi:

– Gəl içəri də, – dedi.

İçəri keçdilər. Otaqdan yavaş musiqi sədaları, mətbəxdən isə qovrulmuş şabalıd iyi gəlirdi.

– Sən hardan gəlib çıxmısan bura?

– Telefonu niyə götürmürsən?

– Xarabdır da telefonum. Dünəndən işləmir. Yəqin pulun gecikdirmişəm, kəsiblər... Yaxşı, burda niyə dayanmışıq, gəl otağa.

Zaur ömründə birinci dəfə Təhminənin otağına girirdi. Təsəvvüründə çox canlandırmışdı bu otağı.

İndi isə Təhminənin dəfələrlə, bütün təfsilatıyla təsvir elədiyi şeyləri görürdü – standart rumın mebeli, divarlarda Təhminənin iri fotoları, güncdə əlvan üfürmə şar, təbiətin qəribə şıltağı – xırdaca əncir ağacı, ləng kəfkirli iri divar saatı – bütün bunlar vardı otaqda, amma təsvir olunmamış və təsəvvür edilməyəcək, izah olunmayacaq bir hava, nə isə xüsusi bir rövnəq, bir zövq də duyulurdu hər yerdə – Təhminənin zövqü, Təhminənin şəxsiyyəti... Torşerin alaqaranlıq şöləsində, kiçik dəyirmi masanın üstündə iki stəkan çay, konfet, mürəbbə və üç qədəh vardı: qədəhlərdən ikisi boş, üçüncüsü dolu idi.

Təhminə:

– Əyləş, – dedi.

– Qonaqların var?

– Əşi, nə qonaq... Qonşumuzdur – Mədinə...

– Bu konyakı onunla içirsiz?

– Bəli. İndi səni də qonaq edərik, – Təhminə bufeti açıb konyak şüşəsini çıxartdı. Şüşənin yarısı boş idi.

– Yarım şüşə konyakı elə ikiniz vurmusuz? – Zaur sərt və kəskin danışırdı: cinayətkarı ifşa edən müstəntiq ahəngi vardı səsində.

– Zaurik, bir az nəzakətli danış. Sənə konyak verirlər iç, nə borcuna butulkanın yarısını kim boşaldıb.

– Belə de... Çox əcəb... Görürəm, ayrı qonağın da var. Tək bir qonşu Mədinə deyil.

Təhminə təəccüblə:

– Ayrı kimdir? – deyə soruşdu.

Zaur özünü güclə saxlayaraq:

– Bax bu üçüncü qədəhin sahibi... Amma doğru buyurdun, nə borcuma kimdir o, odur ki, soruşmuram da.

Təhminə elə bil üçüncü qədəhi yalnız indi gördü, bir müddət maddım-maddım bu qədəhə baxdı, sonra birdən bərkdən güldü.

– Ceyranı lap gözündən vurdun, – dedi. – Doğrudan da bu qədəhin sahibi mənim üçüncü qonağımdır.

Zaur dözmədi:

– Soruşmaq ayıb olmasın, bəs o kimdir belə? – deyə xəbər aldı.

– Kimdir? Necə kimdir? Sən.

– Mən? – “nədi yəni Zauru açıq-açığına dolayır?”.

– Salaməleyküm. – Mədinə otağa daxil oldu, əlində iri bir boşqab vardı, boşqabın içində də qovrulmuş şabalıd. Zaur Mədinəylə görüşdü.

Təhminə:

– Doğrudan a, lap yadımdan çıxmışdı, – dedi. – Siz axı tanışsınız.

– Zaura “Ronson” alışqanını Mədinə gətirmişdi işə.

Təhminə:

– Görürsən, Mədinə, – dedi. – Bilmirəm Zauru qayınanası çox istəyir, ya kim çox istəyir, amma hər halda lap məqamında gəlib çıxıb. Axı o da qovrulmuş şabalıdın dəlisidir.

Zaur düşündü ki, hər şey, hər şey Təhminənin yadındadır, bir dəfə, hələ əlaqələrinin başlamasından çox qabaq Zaur nəşriyyata qovrulmuş şabalıd alıb gətirmişdi. Təhminəni də qonaq eləmişdi və elə onda demişdi ki, çox xoşlayır qovrulmuş şabalıdı...

– Yaxşı, əyləş görək, Mədinə.

Təhminə iki boş qədəhə konyak süzdü, üçüncü dolu qədəhi isə Zaurun qabağına qoydu.

– Bilirsən nə münasibətlə içirik? – deyə Zaurdan soruşdu.

Zaur:

– Yox, – dedi.

Təhminə:

– Bir iş vardı onu qeyd eləyirik.

Zaur hiss edirdi ki, Təhminə bu axşam nə isə həyəcanlı, bir qədər çılğın və əsəbidir, amma nə idi bunun səbəbi, bilmirdi. – Zaurun qəfilcən gəlməsimi, ya başqa bir hadisəmi? Ya bəlkə bir az artıq içmişdi Təhminə.

Təhminə əsəbi gülüşlə:

– Adətən adamlar xoş hadisələri qeyd edirlər, – dedi, – amma biz Mədinəylə mənim boşanmağımı qeyd edirik.

Mədinə:

– Sən də keçdin bizim dəstəyə, – dedi.

Zaur bilirdi ki, Mədinə neçə il bundan qabaq ərindən ayrılıb, balaca, məzəli bir oğlu da var; Təhminə həmişə bu uşaq haqqında danışardı...

Sükut çökdü... Sonra Təhminə:

– Bu gün məhkəmə oldu, Zaur – dedi. – Rəsmən ayrıldıq.

Zaur bilmirdi nə desin: “Niyə? Nə səbəbə?” sualları da, təəssüf, ya təəccüb hissləri izhar etmək də, sevinmək də, kədərlənmək də eyni dərəcədə yersiz idi.

Mədinə bu sıxıntılı vəziyyəti aradan qaldırmaq üçün içi şabalıdlı boşqabı Zaura tərəf uzatdı. Təhminə başını aşağı dikib gözlərini qədəhinə zilləmişdi. İki damla yaş gözlərindən yanaqlarına süzüldü. Zaur ilk dəfə idi ki, onu ağlayan görürdü.

Mədinə:

– Əşi, yaxşı görək, – dedi, ayağa durdu. Təhminənin çiyinlərini qucaqladı. Təhminə bir dəfə, cəmisi bircə dəfə hıçqırdı və dərhal da özünü ələ aldı, hıçqırığını boğub, yanaqlarındakı, gözündəki yaşı sildi və gülümsündü:

– Əşi, fikir verməyin, – qədəhini qaldırdı. – Gəlin içək, – dedi, – hamımızın sağlığına.

İçdilər və Zaur xəbər aldı:

– Bəs niyə zəng eləmirdin?

– Nə bilim... elə istəyirdim... bəlkə sabah zəng vuraydım... – yenə elə bil çənəsi oynadı, ağlamsınan kimi oldu, səsi titrədi, amma yenə də dərhal öz zəifliyindən utanırmış kimi gülümsündü. – Əsəblərim lap pozulub, – dedi – Bütün bu günlər elə bil qızdırma içində yaşayırdım... Nə yaxşı ki, sən gəldin, Zaurik.

Mədinə çaydan bir qurtum içib:

– Yaxşı, mən gedim, – dedi. – Gecdir...

Təhminə:

– Hara tələsirsən, əşi? – dedi. – Bu qədər zəhmət çəkib, şabalıd qovurmusan... Əntiqə qovrulubdur, hə, Zaur?

– Aha...

– Heç olmasa özün də bir dadına bax da, Mədinə. Elə bil öz malındır, – sonra Zaura müraciətlə əlavə elədi: – Şabalıdları elə Mədinə alıb gətirib mənimçün. Təsəllidir də hər halda...

Zaur:

– Mən də yaman nigaran qalmışdım, – dedi. – Bu gün eşitdim sənin ayrılmağını... Zəng vururam, telefonun cavab vermir. – Zaur artıq üçüncü qonaq haqqında düşünmürdü, indi mənzildə onlardan başqa heç kəs yox idi, – şkafın içində gizlətməyiblər ki onu. Bəlkə də Zaur gələnəcən çıxıb gedib bu naməlum şəxs.

Təhminə Zaura deyil, Mədinəyə müraciətlə:

– Bilirdim ki, Spartak ağzında söz saxlayan deyil. Daha doğrusu, heç Spartak özü də yox e, anası...

Mədinə başıyla təsdiq elədi.

– Məsələ ondadır ki, – indi Təhminə Zaura müraciət edirdi, – bizim rayonun hakimi Spartakın canbir qəlb dostudur. Spartaka zəng elədim ki, dostuna desin, day çox uzatmasınlar məsələni. Bilirsən də adamın lap ürəyini çəkirlər: “Bəlkə bir də fikirləşəsiz, ailəvizi dağıtmayın, gedin, filan vaxtdan sonra gəlin” və sairə. Görürsən uzandı məsələ neçə ay... Bizimki də belə idi ki, fikirləş, fikirləşmə onsuz da hər şey həll olunmuşdu, daha bunu çək-çevirə salmağın nə mənası var axı... Spartak, Allah ondan razı olsun, doğrudan da, kömək elədi. Amma heç bu sözü ürəyində saxlaya bilərdi Spartak? İndi yəqin aləmə car çəkib.

Val qurtardı. Təhminə durub cihazı keçirdi.

Mədinə:

– Yaxşı, gecdir, daha mən gedim, – dedi və bu dəfə Təhminə onu saxlamadı.

Qapıyacan ötürdü Mədinəni, dəhlizdə uzun müddət nə barədəsə pıç-pıç etdilər. Zaur indi nə duyduğunu, nə düşündüyünü özü də dəqiq təyin edə bilməzdi, döyükə-döyükə qalmışdı, – otağın divarlarına baxırdı, oboylar çox zərif idi – mavi fonda ağ narın çiçəklər...

Təhminə qayıtdı:

– Nə belə diqqətlə baxırsan divarlara?

– Qəşəng oboylardır. Çiçəklər çox zərifdir.

Təhminə birdən:

– Zaurik, – dedi, – sən gəlmisən, ona görə də bütün bu çiçəklər açıblar. Birinci dəfədir sən mənim evimə gəlmisən, oboylar da çiçəkləyib, görürsən.

... və Zaur yenə də axıracan anlaya bilmirdi – doğrudanmı Təhminə səmimi deyir bu sözləri, onu sevdiyindən deyir, ya dolayır, ələ salır...

– Nə yaxşı ki, gəldin, Zaurik, Allah yetirdi səni bu axşam. Elə pis idi ürəyim, dünya gözümdə deyildi. Ağlıma gəlirdi ki, bax indi Mədinə çıxıb gedəcək, mən də yəqin öləcəm.

– Bəs niyə axı mənə zəng eləmirdin? Niyə mənim bütün bu əhvalatlardan xəbərim olmasın? İndi nə olsun ki, tanış hakim dostum yoxdur, amma hər halda bəlkə mənim də köməyim dəyərdi sənə.

– Çox sağ ol, Zaurik. Amma dünyada elə işlər var ki, onu gərək adam tək-tənha, təkbaşına həll eləsin. Ayrı heç kəsi qarışdırmasın gərək belə işlərə... Sənə zəng eləmirdim: çünki əlimi-ayağımı bağlamışdı bu boşanma məsələsi, istəyirdim birdəfəlik qurtarsın bütün bu dəhşət... Bilsən bütün bu illər nə qədər əzab, narahatlıq içində yaşamışam, özüm-özümə nifrət edirdim bəzən... Nə qədər yalan, riya olarmış... İlahi, çox şükür ki, qurtardı bütün hər şey, birdəfəlik bitdi. Bilsən necə azad-asudə hiss eləyirəm özümü. Amma hər halda asan da deyil bu azadlığa birdən-birə alışmaq... Həm də bütün bu günlərin gərginliyi... Səhər durdum, məhkəmədən qabaq, gördüm bütün içim elə bil qırılıb tökülüb. İstədim içəm gedəm məhkəməyə, sonra fikirləşdim, bunu da söz eləyərlər, ya bəhanə edib ayırmazlar bizi, təxirə salarlar iclası. Bir söz, içmədim getdim, ayırdılar bizi, gəldim evə, yıxıldım çarpayının üstünə, düz dörd saat üzüqoylu qaldım beləsinə... Sonra durdum, başladım içməyə, əvvəlcə təkbaşına, sonra Mədinə də işdən gəldi... Mədinə içən deyil, – o mənəm pyanıska... Amma hər halda o da mənimlə qədəh-qədəhə vururdu, necə deyərlər “qaraltı” verirdi mənə. Yarım şüşəni boşaltdıq. Vurduq bədənə, sən demiş...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов