Страница 2 из 3 · 33%

Zaur öz qədəhini göstərdi:

– Bəs bu qonaq kim idi? Spartak?

– Başına at təpib, Zaur? Spartak ömründə mənim evimin kandarına ayaq basmayıb. Dedim ki, sənə, sənin qədəhindir bu.

– Necə yəni mənim? Axı mən gələndə masanın üstündə idi, həm də dolu idi. Sən hardan bilirdin ki, mən gələcəm?

– Zaurik, axı sən niyə mənə inanmırsan?.. Lap təkbaşına içəndə də mən həmişə bir qədəhi artıq qoyuram, ürəyimdə tuturam ki, bu da Zaurun qədəhidir... Köhnə bir anekdot var e, eşitmisən? Bir pyanıska həmişə iki qədəhdən içirmiş – biri özününkü, biri də guya dostununku... Arvadı danlayır, başlayır bir qədəhdən içməyə, – mən içkini atdım deyir, dostumdur içən... Mən də bax belə. Axı bir az dəliyəm mən, Zaur, indiyəcən başa düşməmisən hələ? Səninlə ilk dəfə plyaja getdik ha, bax o gündən haçan içməli olsam, bir qədəhi də doldurub deyirəm: bu da Zaurun payı... Mədinə də bilir mənim bu dəliliyimi...

Zaur gülümsündü, nəvazişlə, qayğıyla, həm də bu gün ərzində ilk dəfə olaraq dərin daxili bir arxayınçılıqla gülümsündü. Və bu təbəssüm bir müddət – bəlkə də çox qısa bir müddət – hər ikisinə qayğılarını, nigaranlıqlarını, irili-xırdalı bütün qəm-qüssələrini unutdurdu, ürəklərini səadətlə olmasa da, xoş, ilıq mehribanlıqla, sakitliklə doldurdu.

– Zaurik, axı niyə sən həmişə mənim yalanımı çıxarmağa cəhd edirsən... Guya mən bir cinayətkar-zadam, hansı qəbahətimisə səndən gizlətmək, ört-basdır etmək istəyirəm, sən də min fənd qurub, min sorğu-suala tutub ifşa etmək istəyirsən məni? – Təhminə başını Zaurun sinəsinə qoydu, sonra üzünü Zaurun sifətinə tərəf çevirib əlavə etdi. – Başa düş, Zaur, əzizim, birdəfəlik başa düş axır, sevirəm səni, sevirəm. Yalnız tək bir səni sevirəm... Bilirəm mənim deyilsən. Sənə heç bir hüququm çatmır, sənin cavan həyatını dağıtmağa da heç bir haqqım yoxdur... bilirəm bütün bunları... Amma sənsiz dura da bilmirəm. Bütün bu günlər dəli-divanə idim səninçün. Min dəfə sizin idarənin qabağından keçirdim və özüm özümə deyirdim: salam, Zaurik. Bilmirəm, Zaurik, nə olacaq, necə olacaq, heç bir şey bilmirəm. Nə istəyirəm, onu da bilmirəm. Lap azmışam, Zaurik, özüm öz içimdə azmışam.

Zaur bunu demək istəmirdi, amma qeyri-ixtiyari ağzından çıxdı bu söz:

– Mən elə bildim Spartak sizdədir. Maşını aşağıda dayanıb.

– Maşını aşağıdadır? Görürsən bu fırıldaqçını... Bir yandan mənə, doğrudan, çox köməyi dəydi, amma o biri yandan belə murdar xasiyyətləri var da. Bilir ki, ərimdən ayrılmağım camaata yayılacaq, qəsdən gətirib maşınını evimin altında saxlayır... Dedim axı ona... O səfər telefonla danışanda söz düşdü, dedim Spartak, niyə belə eləyirsən? Deyir, heç dəxli var? Bəlkə sizin evdə mənim başqa tanışlarım da olur. Deyirəm, kimdir axı tanışın? Hər şeyi deməzlər ki, deyir... Bilirəm axı yalan deyir, gözünün içinəcən, tanışı-zadı yoxdur bu evdə... – Susdu, sonra əlavə elədi, – amma nə deyim, vallah, bəlkə doğrudan da bir dostu-tanışı bu tərəfdə olur, axı o qədər tanışı var ki, bu adamın... Nə belə diqqətlə baxırsan mənə, Zaurik? – Təhminə də gözlərini düz Zaurun gözlərinin içinə zillədi, sonra, – Zaurik, belə baxma, sən allah, – dedi, – söndür gözlərini, Zaurik... Bayaq gələndə də gözlərin od tutub yanırdı, dedim, məni də alışdırıb yandırarsan... Söndür gözlərini, Zaurik, – deyə sərxoş inadıyla təkrar elədi.

Zaur Təhminədən aralanıb ayağa durdu, qapıya tərəf addımladı.

Təhminə təlaşla:

– Zaurik, hara belə? – deyə soruşdu.

– Bu saat gəlirəm, – Təhminənin narahatlığını görüb – zəng eləməliyəm, – dedi, – avtomatdan zəng vurub qayıdıram.

Qapıdan çıxdı, pilləkənləri beş-beş atılaraq aşağı düşdü. Spartakın çəhrayı “Volqa”sı əvvəlki yerində idi – bir tərəfi səkidə, o biri tərəfi küçədə, elə bil iki təkəriylə küçəyə yiyəlik iddiasındaydı, iki təkəriylə də səkiyə.

Zaur cib bıçağını çıxartdı və “Volqa”nın dal təkərlərini deşdi, sonra tələsmədən çevrilib pilləkənlərlə yuxarı qalxdı.

Təhminə pəncərənin qabağında dayanmışdı, uğunub gedirdi:

– Gördüm, – dedi, – Zaurik, səndən də işlər çıxır ha.

Zaur:

– Hələ sabah da bir onun dərsini verəm gərək, – dedi.

– Yox, işin olmasın, qurban olum sənə... Sən mənim igid cəngavərimsən... hansı əsrdən gəlmisən, ey mənim igid cəngavərim? Hə, cavab ver?

Zaur:

– On altıncı əsrdən, – dedi.

– Düzdür, elə mən özüm də ya on beşinci əsrdən, ya da on dördüncü əsrdənəm. Amma görürsən iyirminci əsrdə görüşmüşük... Elə bütün işlər bundadır da...

Aşağıdan maşın səsi eşidiləndə gecə yarıdan keçmişdi. Spartak maşını işə saldı, maşın yerindən tərpəndi, amma dərhal da dayandı, qapısı açıldı.

Zaurla Təhminə bərkdən güldülər.

* * *

Spartakla səhər həyətdə görüşdülər, Zaur öz “Moskviç”inə tərəf gedirdi, meşin pencək və göy idman şalvarı geymiş Spartak isə öz “Volqa”sını yuyurdu. Zaura həmişə elə gəlirdi ki, Spartakın özündən müştəbehliyi “Volqa”sına da sirayət edib. Elə bil maşının da xasiyyəti varmış və məhz bu “Volqa” çox təkəbbürlü xasiyyətliymiş. Bəlkə də bu təəssürat ondan doğurdu ki, Spartak hər yerdə, həmişə “Volqa”sını burnu dik yuxarı saxlayırdı...

Zaur:

– Bura bax, Spartak, – dedi, – dünən axşam necə gəlib çıxdın evinizə?

– Necə bəyəm?

– Təkərin deşilmişdi axı.

Spartak təəccüblə:

– Sən hardan bilirsən? – deyə soruşdu.

– Hardan biləcəm, özüm deşmişəm də.

– Sən?

– Bəli, mən.

Spartak səmimi təəccüblə:

– Niyə? – deyə soruşdu.

– Ona görə ki, bir də maşınıvı harda saxlamağın yerini biləsən.

Spartak dərhal hər şeyi başa düşdü və etinasızlıqla:

– Maşın mənimdir, kefim harda istədi, orda da saxlayacam, – dedi.

Zaur sakitcə:

– Özün bilərsən, – dedi. – Məndən deməkdir... Hələlik bircə təkərini deşmişəm. Amma gələn səfər yenə bu maşını o yerdə görsəm, dörd təkərinin dördünü də deşəcəm, üstəlik dal şüşəylə qabaq şüşəni də sındıracam. Bilirəm, pulun çoxdur, təmir elətdirərsən, amma sonra sənin sir-sifətivi də elə günə qoyacam ki, day heç kəs təmir edə bilməsin.

– Bilirsən nə var, çox qozqurablıq eləmə. Səndən qorxan-zad yoxdur burda. Xox, qorxdum. Səndən qorxan-zad yoxdur burda...

Belə desə də, Zaur gözlərindən gördü ki, bir balaca qorxub Spartak, hələ uşaqlıq oyunlarından Zaurun dəlisov xasiyyətinə, tərs damarına bələd idi axı.

Amma Zaur maşınına minib həyətdən çıxanda birdən başına ayrı bir fikir də gəldi. Düşündü ki, Spartakın ona cavab qaytarmamasının, həsdəməsinin səbəbi yalnız qorxu deyil. Spartak, yəqin ki, ailələrinin planlarından agah idi, ucundan-qulağından eşitmişdi ki, bacısını Zaura vermək istəyirlər. Spartak yəqin güman edirdi, kim bilir, bəlkə də baş tutacaqdı bu sevda. Belə olan surətdə gələcək yeznəylə pərdəni aradan götürməyin nə mənası vardı?

* * *

Zivər xanım:

– Mən day səninlə danışmayacam, – dedi. – Səninlə qoy dədən özü danışsın. Heç utanıb eləmirsən, ə, heç qızarıb eləmirsən? Bir tikə abır-həya yox imiş sənin sifətində, səhər üzü gəlmisən evə, utanıb yerə girmirsən heç... Ərindən ona görə boşanıb ki, səni sabahacan yanında saxlasın... Tfu... Eyib eləməz, day atan da hər şeydən agah oldu, səninlə nə tövr rəftar eləməyi özü bilər atan.

Axşam atası çağırdı Zauru otağına. Atası aramla, təmkinlə, yeknəsəq bir tonla danışırdı, həm də çox uzun idi söhbəti və hər ikisi – atası da, Zaur da – bu söhbətdən üzülürdülər. Zaur bir daha yəqin elədi ki, insana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilirlər. Əlbəttə, atasının danışığı anasının haray-qışqırığından çox fərqli idi, sözlər, ifadələr də bambaşqa idi, ton da, amma mənası, məğzi eyni idi. Zaur bir də ona fikir verdi ki, atasının nitqində durğu işarələri yoxdur – nə nöqtə, nə vergül, nə nida – elə-belə, ardı-arası kəsilməyən, fasiləsiz, uzun, yeknəsəq bir monoloq... Nə səsini qaldırırdı, nə həyəcanlanırdı, nə də nəfəsini dərmək üçün dayanırdı – nöqtəsiz, vergülsüz, axırsız bir cümlə – lal axan çayın ağır ləngəri: “Əgər o qadın belə düşünürsə ki, bizim çoxlu var-dövlətimiz, pulumuz var və bütün bunlara da o sahib duracaq, çox yanılır”.

Atasının dediklərinin sadə və aydın məğzi bu idi ki, Zaur özü özlüyündə heç nədir, heç kəsi cəlb etməyə qadir deyil və əgər kimsə onu çənginə keçiribsə, burda mütləq başqa bir mətləb var, daha doğrusu, yalnız bircə mətləb-maddi təmənna var, vəssalam. Bu fikri dönə-dönə müxtəlif şəkillərdə təkrar edəndən sonra atası başqa bir mətləbə keçdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов